Mübariz Mənsimov Oqtay Gülalıyevin ailəsinə YARDIM EDƏCƏK

03/11/2019 - 21:35 14 431 0   0  

Tanınmış sahibkar, "Palmali" şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov hüquq müdafiəçisi Oqtay Gülalıyevin ailəsinə maddi yardım göstərməyə hazır olduğunu bildirib. Oktyabrın 29-da avtomobil vurması nəticəsində O.Gülalıyev ağır kəllə-beyin travması alıb, beyninə qan sızıb. Ağır cərrahiyə əməliyyatından sonra o, komadadır. 

“Mən şəxsən Oqtay bəyi tanımıram, amma son günlər mənə gələn mesajlardan sonra vəziyyətlə maraqlandım. insanlar durmadan mənə mesajlar və videolar göndərirlər, ona yardım etməyimi istəyirlər”, -M.Mənsimov Facebook səhifəsində yazıb.

O qeyd edib ki, ağır duruma düşmüş insanın siyasi baxışları əhəmiyyət daşımır. 

“Önəmli odur ki, sən bu ölkənin vətəndaşısan. Vətəndaşlara sahib çıxmaq lazımdır ki, köməyi kənarda axtarmasınlar”, - M.Mənsimov qeyd edib. O, ölkədə sığorta sisteminin olmaması ilə bağlı təəccübünü ifadə edib.  Heç olmasa vətəndaşın sosial müdafəsi təmin olunardı.

M.Mənsimovun sözlərinə görə, O.Gülalıyevin ailəsi ilə əlaqə yaradacaq və  nəyə ehtiyacları olduqları ilə maraqlanacaq.

Xatırladaq ki, azərbaycanlı sahibkar Mübariz Mənsimov  (22 mart  1968-cı ildə anadan olub. Palmali şirkətlər qrupunun təsisçisi və sahibidir.

1997-ci ildən neft daşınması (ildə 105 ml. ton) ilə məşğul olan 170 gəmiyə sahib Palmali şirkətlər qrupunun yeganə sahibidir.   Şirkət Türkmənistan, Qazaxıstan, Rusiya və Azərbaycan karbohidrogenlərinin Qərb bazarlarına nəqli ilə məşğuldur.

Forbes jurnalı M.Mənsimovun sərvətini 1,3 mlrd. dollar həcmində dəyərləndirərək onu dünyanın milyarderləri sırasında 897-ci, Türkiyə milyarderləri sırasında isə 7-ci yerdə yerləşdirib. Türkiyədə yaşayır, bu ölkə vətəndaşlığına malikdir.

Turan