AZƏRBAYCANIN MÜƏMMALI “TENDER KRALI”:”İNPEKS.N” – İnhisarçılıqla mübarizə bu şirkətə də toxunacaqmı?

29/10/2019 - 13:10 13 560 1   0  

“Bizim iqtisadiyyatda hələ də antiinhisar sahəsində problemlərlə rastlaşırıq. Bu, özünü müxtəlif amillərdə büruzə verir – ilk növbədə qiymətlərin nizam-intizamının pozulmasında, bazara çıxışın məhdudlaşdırılmasında. Ona görə də bizim başlıca vəzifələrimizdən biri antiinhisar orqanının fəaliyyətini gücləndirmək, onu zəruri olan mütəxəssislərlə təmin etmək, digər tərəfdən çatışmayan qanunları qəbul etmək, mövcud olan qanunvericiliyin isə tətbiqini gücləndirməkdir”.

Bunları yeni İqtisadiyyat naziri təyin olunan və Azərbaycan hökumətində ən geniş səlahiyyətli nazirə çevrilən Mikayıl Cabbarov deyir. Doğrudan da, inhisarçılıq, biznesdə məmur oliqarxiyasının oturuşması və əsas söz sahibinə çevrilməsi, qeyri-azad rəqabət mühitinin mövcudluğu kimi problemlər aradan qaldırılmayınca ölkənin qeyri-neft sektorunda hər hansı uğura, inkişafa nail olmaq, sahibkarlığı, real sektoru canlandırmaq mümkün olmayacaq.

Tender qazanmaq üzrə dünya rekordçusu!

İnhisarçılığın ən bariz nümunələrini görmək üçün isə uzağa getmək lazım deyil, dövlət qurumlarının satınalmalarına, tenderlərə nəzər salmaq kifayətdir. Məsələn, Azərbaycanda artıq tam mənada “TENDER KRALI” adlandıra biləcəyimiz bir müəmmalı şirkət var – “İnpeks.N” MMC. Bu şirkət 6 iyun 2013-cü ildə təsis edilib. Hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Tofiq Abbasov küçəsi ev 13, mənzil 34 olan şirkətin nizamnamə kapitalı cəmi 10 manatdır. Şirkətin qanuni təmsilçisi isə Ramazanov İntiqam Adil oğlu sayılır.

1-1-848x480

Şirkət təsis olunduğu vaxtdan etibarən ilbəil dövlət qurumlarından qazandığı tenderləri, satınalmaları sürətlə artırmağa başlayıb və hal-hazırda elə bir səviyyəyə çatıb ki, bir ayda 50 tenderin qalibi olur(!). Bəli, məsələn cari ilin iyun ayında “İnpeks.N” dövlət qurumlarından 50-yə yaxın satınalma tenderi qazanıb. İndiyədək bu göstəriciyə nəinki Azərbaycanda, bəlkə də dünyada heç bir şirkət nail ola bilməyib – əsl rekorddur!

Özü də həmin tenderlərin mahiyyətinə fikir verəndə məlum olur ki, bu şirkət necə deyərlər, “hərşeyşünasdır”. Tikinti, təmir, abadlıq işlərinin, ehtiyat hissələrinin, avadanlıqların, mebellərin, geyimlərin, dəftərxana ləvazimatlarının, təsərrüfat mallarının, hətta, kondisionerlərin təmir edilməsinin satın alınması üzrə elan edilən tender və kotirovka sorğularının ən böyük və əvəzedilməz qalibi məhz bu şirkətdir. Hesablama göstərir ki, bu şirkət il ərzində ortalama günə bir tender qazanır.

Xüsusilə 2017-ci ildən başlayaraq, şirkətin qalib gəldiyi tenderlərin sayı ildırım sürətilə artmağa başlayıb. Belə ki, həmin ilin 6 ayın “İNPEKS.N” MMC müxtəlif qurumlara aid 150 satınalmanın qalibi olub. Satınalmaların ümumi dəyəri 15 781 522,85 manatdır. Bunlardan 32-nin Bakı Şəhər İcra Hakimiyyəti, 33-nün Melorasiya və Su Təsərrüfatı ASC, 48-nin isə satınalan təşkilatı Mədəniyyət və Turizm Nazirliyi olub. Sonrakı illərdə bu siyahıya Sıhiyyə Nazirliyi də aktiv şəkildə qoşulub. Ümumiyyətlə, sanki bu şirkət sözügedən qurumların üzərinə “propiska olunub”…

 

скачанные файлы (1)

Ümumilikdə isə az qala elə bir dövlət qurumu yoxdur ki, bu şirkətin xidmətlərindən istifadə etməsin – Mədəniyyət və Turizm Nazirliyi, Melorasiya və Su Təsərrüfatı ASC, Bakı Şəhər İcra Hakimiyyəti, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Mənzil-Kommunal və Təmir Xidməti, Ərzaq Məhsullarının Tədarükü və Təchizatı ASC, AMEA İşlər İdarəsi, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi, Mərkəzi Bank, Azərsu ASC, Televiziya və Radio Verilişləri QSC, Baş Prokurorluq, Milli Depozit Mərkəzi, Az-Evro Tel MMC və sair.

Bu ilin son altı ayında “İnpeks.N” şirkəti 234 müsabiqənin qalibi olub. Şirkət bağladığı müqavilələr üzrə 73 milyon 320 milyon manat gəlir əldə edib. Şirkət 2019-cu ildə ən böyük müqaviləni Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC ilə bağlayıb. Bakı şəhər ərzazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin satınalıınmasını nəzərdə tutan həmin müqavilənin məbləği 16 milyon 19 min manatdır. Həmçinin, “İnpeks.N” ilə Bakı Şəhər ərazisində tikinti və təmir işlərinin aparılmasının satınalınması üzrə 2 milyon 575 min manatlıq müqavilə imzalanıb. Ümumiyyətlə, bu şirkət rayon icra hakimiyyətlərinin və mərkəzi xəstəxanalarının elan etdikləri tender və kotirovka sorğularında olduqca tez-tez qalib elan edilir.

Bir şirkət bu qədər işi necə görə bilər?

Şirkətin asfalt örtüyünün təmiri işlərindən tutmuş dəftərxana ləvazimatları, hətta kondisioner təmiri işlərinin satınalmalarını qazanması belə təəssürat yaradır ki, bu ölkədə onu tanımayan yoxdur. Ancaq əslində, bu şirkət haqqında doğru-dürüst məlumat tapmaq müşkül məsələdir. Ötən illərdə mətbuatda dərc edilən araşdırmalar göstərir ki, sözügedən şirkət heç rəsmən qeydiyyatdan keçdiyi ünvanda belə yerləşmir. Onun sahibi sayılan İntiqam Ramazanov adlı şəxsə isə biznes aləmində, yaxud mediada rast gələn yoxdur. Hansı ki, əslində belə böyük sayda və məbləğlərdə dövlət sifarişi qazanan şirkət ən azından məsələn “Bakcell”, yaxud “Azercell” kimi mətbuatda, biznes dairələrində tanınan, populyar bir biznes strukturu olmalı idi. Ancaq hələ indiyə qədər bu şirkətin bir rəsmi tədbirinin, mətbuat konfransının və s. şahidi olmamışıq. Şirkət sanki məxvi fəaliyyət göstərir. Onun əsl sahibinin kim olduğunu bilmək isə çətindir…

Digər tərəfdən, maraqlıdır ki, bütün bu işləri bir şirkətin görməsi fiziki cəhətdən qeyri-mümkün görünür. Yuxarıda sadalanan işləri həyata keçirmək üçün bu şirkətin minlərlə, bəlkə də on minlərlə müxtəlif təyinatlı peşə sahibləri olan işçiləri omalıdır. Bəs görəsən, onun bu qədər işçisi varmı? Hər halda olsaydı cəmiyyətdə, ətrafımızda belələrinə rast gələrdik.

1572247906_814

Deməli, bütün bunları nəzərə aldıqda, “İnpeks.N”-in bu qədər tender qazanmasında inhisarçılıq, yaxud hətta korrupsiya hallarının mövcudluğuna dair ciddi şübhələr yaranır. İnhisarçılığın buynuzu olmur ki? Böyük ehtimalla “İnpeks.N” vasitəçilik edir və məlum yollarla qalib olduğu tenderləri digər şirkətlərdən aldığı mal və xidmətlərlə təhvil verir. Və təbii ki, bundan da öz “payını” alır. Buna “maklerlik” də demək olar. Ancaq bu “maklerliyin” kimlərəsə gətirdiyi qazancın və ölkənin biznes, rəqabət mühitinə vurduğu ziyanın miqyasını təsəvvür etmək belə çətindir. Ya da sadəcə, dövlət vəsaitinin haralarasa “axıdılması” prosesi baş verir…

Əlbəttə ki, bütün bunlar sadəcə ehtimal da sayıla bilər, çünki əlimizdə konkret faktlar yoxdur. Lakin müvafiq dövlət qurumları var ki, bütün bu faktları araşdıra bilər və hətta araşdırmağa borcludurlar. Onların başında duranlardan biri isə elə əvvəldə qeyd etdiyimiz İqtisadiyyat Nazirliyidir. Yeni nazirin ilk açıqlamalarından belə görünür ki, inhisarçılıq və rəqabət sahəsində ciddi dönüş yaratmaq fikrindədir. Əgər doğrudan da bu istiqamətdə ciddi addımlar atılsa, təkcə “İnpeks.N” deyil, bu qəbildən olan bir çox digər şirkətlərin də gerçək fəaliyyətinin nədən ibarət olduğu və əsl sahiblərinin kimliyi üzə çıxar.

İqtisadiyyat Şöbəsi