MTN işi: Bir gecəyə 300 min manat tapmaq olar?

01/12/2018 - 23:11 5 776 0   0  

Generalların apelyasiya şikayətinə baxılır.

2015-ci ilin oktyabrında həbs olunan MTN generalları Sübahir Qurbanov, Teymur Quliyev və digərlərinin şikayəti üzrə məhkəmə prosesi davam edir. Bakı Apelyasiya Məhkəməsində keçirilən prosesdə bildirilib ki, zərərçəkənlərdən İlqar Məmmədov da bu iş üzrə Bakı Hərbi Məhkəməsinin hökmündən narazı qalıb və gec də olsa, apelyasiya şikayəti verib. Şikayət verilməsi üçün ötürülmüş müddətin bərpası ilə əlaqədar, o, Bakı Hərbi Məhkəməsinə göndərilib. O məhkəmə də səbəbi üzrlü sayaraq, müddəti bərpa edib və şikayəti Bakı Apelyasiya Məhkəməsinə qaytarıb.

Daha sonra məhkəmədə təqsirləndirilən polkovnik Füzuli Əliyevin vəkili İqbal Həsənov çıxış edərək bildirib ki, müvəkkili və digər MTN əməkdaşlarına sahibkarları hədələyib, qanunsuz həbs edib külli miqdarda pul almaları barədə irəli sürülmüş ittihamlar həqiqətə uyğun deyil:

"İttihamda yazılıb ki, guya Aslan Cahangirovun qardaşı Elçin pulu Füzuli Əliyevə verib. Məhkəmədə dedik ki, Füzuli Əliyevi göstər, bu epizoda aidiyyəti olmayan tamam başqa adamı göstərdi. Yaxud da zərərçəkən Rauf Həsənov deyir ki, pul tələb elədilər, bir gecənin içində qohum-əqrəbadan 300 min manat tapıb verdim. Bir gecəyə 300 min manat tapmaq olar?"

Vəkil "Star GSM" mağazasının işçiləri Gəray Mantaşov, Tural Qafarov və Elnur Abbasovun MTN əməkdaşları tərəfindən qanunsuz həbs olunub, nazirlikdə saxlanması, pul alındıqdan sonra buraxılması barədə irəli sürülmüş ittihamdan da danışıb. Bildirib ki, bu mağazanın əməkdaşları qaçaqmalçılıq yoluyla gətirilən "iPhone" markalı 50 telefonu MTN-in şərti alıcısına satarkən saxlanılıb.

Vəkilin sözlərinə görə, ittihamda Bəxtiyar Musayev "Star GSM"in mağazalarından birinin sahibi kimi təqdim olunsa da, sənədlərdən görünür ki, o, satıcı olub. Müdafiəçi bildirib ki, mağazanın işçiləri saxlandıqdan dərhal sonra B.Musayev vəkil vasitəsilə prokurorluğun "Qaynar xətt"inə müraciət edib. Prokurorluqdan onlara cavab verilib ki, əməliyyatla əlaqədar onların izahatları alınıb buraxılıb, heç bir pozuntu yoxdur. İndi isə həmin prokurorluq ittiham verir ki, o vaxt adamlar qanunsuz tutulub, pul alınıb".

B.Musayev və saxlanılan üç nəfər işçi isə ifadələrində bildiriblər ki, MTN əməkdaşları mağazaya basqın edib, oradan telefonlar, kompüterlər və nəğd pul aparıblar. Daha sonra saxlanılan şəxslərdən birinin telefonundan B.Musayevlə əlaqə saxlayıb, pul tələb ediblər. O da pulu dostu vasitəsilə göndərib.

Vəkil Adil İsmayılov bildirib ki, istintaq vaxtı tanınma hərəkətləri qanun pozuntusuyla həyata keçirilib, tanınma prosesində təqsirləndirilən şəxslərin vəkilləri iştirak etməyib:

"Canlı şəxslər ola-ola onların şəkilləri təqdim olunub tanıtmaya, niyə? O prosesdə vəkillər iştirak etməlidir, amma vəkillərə bu barədə məlumat verilməyib".

Məhkəmə dekabrın 6-na qədər təxirə salınıb.

2015-ci il oktyabrın 17-də MTN-də keçirilən əməliyyat nəticəsində nazir Eldar Mahmudov vəzifəsindən azad olunub, nazirliyin 5 generalı (Akif Çovdarov, Natəvan Mürvətova, Sübahir Qurbanov, Teymur Quliyev və Elçin Quliyev) və daha 16 nəfər müxtəlif rütbəli əməkdaşı saxlanılıb. Onlardan yalnız Natəvan Mürvətova ev dustaqlığında olub. MTN-in Antiterror Mərkəzinin rəis müavini, polkovnik İlqar Əliyev isə həbsindən iki ay sonra Bakı İstintaq Təcridxanasında intihar edib.

Həbs olunan şəxslərin işi bir neçə qrupa ayrılıb. MTN-in Monitorinq İdarəsinin rəisi Teymur Quliyev, Əməliyyat Texniki İdarənin rəisi Natəvan Mürvətova və Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi Sübahir Qurbanov yeddi nəfər əməkdaşları ilə birlikdə məhkəmə qarşısına çıxarılıb.

Müxtəlif iş adamlarının əmlaklarını, pullarını hədə-qorxu ilə əllərindən almaqda, onları bu məqsədlə qanunsuz olaraq, MTN-ə gətirib orada saxlamaqda, qanunsuz telefon dinləmələrində, əməliyyatlara ayrılmış vəsaitləri mənimsəməkdə təqsirləndirilən Sübahir Qurbanov və müavini Füzuli Əliyevə 14 il, Teymur Quliyevə 12 il, Zaur Məmmədov və Natiq Alıyevə 10 il 6 ay, Anar Şirəliyev və Eşqin Əliyevə isə 3 il azadlıqdan məhrumetmə cəzası verilib.

Natəvan Mirvətova, Fərhad Atayev və Elşad Əzizov isə şərti cəza verilib.

Anar Şirəliyev və Eşqin Əliyevin cəzası başa çatıb və onlar buraxılıblar.  //MeydanTV