“Binəqədi məhkəməsində 11 il əvvəlki məhkəmə işinin sənədləri arxivdən oğurlanıb” - müdhiş ittiham

20/10/2018 - 12:41 19 567 0   0  

Binəqədi Rayon Məhkəməsi ilə bağlı redaksiyamıza şikayət daxil olub. Hakim Kamran Əsədovun katibi Tural Bayramov və arxiv müdiri Ruslan Adıgözəlov 11 il əvvəl çıxarılan məhkəmə qətnaməsindən şikayət vermək üçün arxiv sənədlərinə müdaxilə etməkdə, sənədləri yoxa çıxarmaqda ittiham olunurlar. Hansı ki, bu əməl yalnız Cinayət Məcəlləsinin müvafiq maddələri ilə qiymətləndirilə bilər.

Bakı sakini, Kamil İsmayılov musavat.com-a bildirib ki, 2007-ci ildə ailə üzvləri arasında yaranan mülk mübahisəsinə Binəqədi Rayon Məhkəməsində baxılıb və onun xeyrinə qətnamə çıxarılıb.

“Həmin qətnamənin çıxarılmasından 11 il ötüb. 1 ay əvvəl Bakı Apelyasiya Məhkəməsindən məktub aldım. Məktubdan aydın oldu ki, Bakı Apelyasiya Məhkəməsinin hakimi Elşən Kazımovun icraatında anam Gülbəniz İsmayılovanın apelyasiya şikayətinə baxılacaq. Vəkillərlə işlə tanış olduq. Aydın oldu ki, anamın apelyasiya şikayəti üçün əsaslar olmayıb. Əsas yaratmaq üçün anamın 11 il əvvəl məhkəmə qətnaməsini almasını təsdiqləyən sənədləri məhkəmə arxivindən, işin içindən oğurlayıblar! Vəkillərlə birgə araşdırdıq, elə məsələlər ortaya çıxdı ki...

Vəkillər deyir ki, Azərbaycan məhkəmə praktikasında 11 il sonra apelyasiya şikayəti verilməsi və belə şikayətin qəbul edilməsi olmayıb. Belə təşəbbüslər bir qayda olaraq qəbul edilməyib. Gülbəniz İsmayılovanın şikayəti üzrə isə fərqli mövqe sərgilənib. Araşdırdıq ki, nə baş verib və aydınlaşdırdıq. 2007-ci ildə Binəqədi Məhkəməsi Gülbəniz İsmayılova, atam Ənvər İsmayılov və mən Kamil İsmayılovun əmlak mübahisəsinə baxıb və iş üzrə mübahisə obyekti olan Cəfər Xəndan küçəsində yerləşən əmlakın mülkiyyətimə verilməsi haqda qətnamə çıxarıb. Qətnamə iş üzrə anama, atama və mənə təqdim olunub və icra edilib. Bu məhkəmə qətnaməsinin verilməsindən 11 il ötəndən sonra anam yenidən bu məsələni qaldırmaq qərarına gəlib. Və heç bir hüquqi əsas olmadığından böyük bir cinayət etməklə, arxiv sənədlərini yoxa çıxarmaqla şikayət yazıblar. Amma cinayət etdiklərinin fərqində olmayıblar" - Kamil İsmayılov belə deyir.

Onun sözlərinə görə atası rəhmətə gedəndən sonra ondan miras qalan əmlakları anası Gülbəniz İsmayılova öz adına rəsmiləşdirib. Bundan əlavə, 2007-ci ildə məhkəmə qətnaməsi ilə onun mülkü olması təsdiqlənən evinə də göz dikiblər: “2007-ci ildə anam Binəqədi Rayon Məhkəməsinin qətnaməsini alıb və həmin qətnamə üzrə mülk mənə anam Gülbəniz İsmayılovanın iştirakı ilə təhvil verilib. Həmin vaxt məhkəmə sənədlərində də bu öz əksini tapıb. Lakin bu gün biz Bakı Apelyasiya Məhkəməsində böyük bir cinayətlə üz-üzə qaldığımızı görürük. Deməli, 11 il sonra Binəqədi Məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün arxivə girib anamın şikayət verməsi üçün onun qətnaməni almasını təsdiq edən sənədləri aradan çıxarıblar. Hansısa yolla Binəqədi Rayon Məhkəməsinin arxivinə yol tapıblar, qətnamənin anama təqdim olunmasını təsdiq edən sənədləri - məktub, qəbz, xəbərnamə, zərf yoxa çıxarıblar. İşin içindəki sənədlərin siyahısına əlavə məlumatlar daxil edilib. Həmin əlavəyə 1 il əvvəl Binəqədi Rayon Məhkəməsində hakim Kamran Əsədovun katibi vəzifəsinə işə götürülən Tural Bayramov imza atıb. Siyahıya əlavəni isə arxiv müdiri Ruslan Adıgözəlov edib. Bunu ona görə ediblər ki, apelyasiya şikayəti verilməsi üçün əsas yaransın. Böyük bir cinayətə yol verməklə belə bir şikayət ediblər. Mən ədliyyə naziri Fikrət Məmmədovdan, baş prokuror Zakir Qaralovdan xahiş edirəm ki, Binəqədi Rayon Məhkəməsinin arxivində baş verən böyük qanunsuzluqlarla bağlı ölçü götürsünlər. Bu adamlar belə qanunsuzluqlar etməklə, Azərbaycan məhkəməsinin adına xələl gətirirlər, bütövlükdə Azərbaycan məhkəmələrində çıxarılmış qətnamələri şübhə altına alırlar”.

Kamil İsmayılov deyir ki, vəkilləri bu qanunsuzluqların araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsində vəsatətlə çıxış ediblər: “Vəkillərim vəsatətlərində 2 məsələ qaldırıblar - daxili araşdırma aparıb mülki işin vərəqlərinin siyahısını və sübutların ardıcıllığını təsdiq edən sənədi saxtalaşdıran şəxslərin cəzalandırılması; apelyasiya şikayətinin qəbul edilməsi məsələsinin yenidən müzakirə edib, onun qəbulunu qeyri-qanuni hesab edilməsini xahiş ediblər. Mən hakim Elşən Kazımovun baş verən qanunsuzluqlara biganə qalmayacağına ümid edirəm. Bildirirəm ki, həmin evin mənə məxsus olmasını təsdiqləyən bir çox sənədlər də var. Məsələn, mən həmin evi bir neçə dəfə banka girov qoyub, pul götürmüşəm. Atamın yasını həmin evdə vermişəm. Həmin evdə yalnız mən qeydiyyatdayam. O evi kirayə verdiyim vaxtlar da olub. Binəqədi Məhkəməsinin arxivində baş verən böyük cinayətlər əlimizdəki fotofaktlarla da təsdiq olunur. Məsələn, elə məhkəmə katibi Tural Bayramovun və arxiv müdiri Ruslan Adıgözəlovun 2007-ci ildə tərtib olunan və yekunlaşaraq arxivə təhvil verilmiş bir məhkəmə işinə müdaxilə etmələri buna sübutdur. Bu da azmış kimi həmin saxtakarlıqları öz imza, əlyazmaları ilə təsdiq ediblər. Mən Binəqədi Rayon Məhkəməsinin sədrini də arxivdə baş verənlərlə bağlı ölçü götürməyə çağırıram. Necə ola bilər ki, 2007-ci ildə tərtib olunan siyahı üzrə sənədlər işin içindən yoxa çıxır? Məgər Binəqədi Rayon Məhkəməsinin arxivi Bakı sirkinin arenasıdır ki, orada sənədlər yoxa çıxır?”

Mövzunu diqqətdə saxlayacağıq.
“Yeni Musavat”