“S-400” qarşılığında Türkiyə nəyi itirir? - Rusiyanın İdlib əməliyyatına Ankaranın barmaqarası baxışı

29/05/2019 - 12:13 6 859 0   0  

İbrahim əl-Mərəşi

“Middle East Eye”, 28.05.2019

Suriyanın İdlib vilayətində fərqli tərəfləri təmsil etsələr də, Türkiyədə Rusiyanın “S-400” raket əleyhinə müdafiə sistemini qurulması iyul ayına planlaşdırılır. Bu razılaşma Ankaranın Vaşinqtonla bağlı gərginliyini daha da ağırlaşdırıb və ABŞ-ın Türkiyəyə “F-35” təyyarələrini təhvil verməsini təhlükəyə məruz qoyub.

Gərginlik hər bir silah platformasının texniki üstünlüyündən kənara çıxaraq, Transatlantik ittifaqın 70 illik yubileyinin qeyd edildiyi zamanda, NATO-nun Türkiyə ilə əlaqələrində fikir ayrılığını göstərir.

Bununla yanaşı, “S-400” sisteminin fəaliyyət göstərməsi üçün tələb olunan texniki ekspertiza Rusiya qüvvələrinin Türkiyədə yerləşdirilməsini tələb edir və Moskva hazırda Suriyada nəzarətini gücləndirmək üçün İdlibdə hücuma keçib. Bu hücum həm də Türkiyənin müqavilədən çıxdığı təqdirdə, nə baş verə biləcəyinə eyham vurur.

Raket millətçiliyi

“S-400” alışı sadəcə silah müqaviləsi deyil; o, bölgə boyu yayılmış raket millətçiliyinin bir forması və türklər üçün qürur məsələsi halına gəlib. Amma sual olunur: bu qürur Türkiyənin Suriyadakı payından daha üstündürmü?

NATO üzvü olaraq, Türkiyə tarixən ABŞ-ın silah satışından asılı olub. İlk növbədə, “F-16”lara görə. Bu təyyarə 2015-ci ilin noyabrında Suriya sərhədinin yaxınlığında Rusiyanın “Su-24”ünü vurub. O vaxtdan bəri Ankara ilə Moskva arasındakı yaxınlaşma “S-400” alışına imkan verərək, yeni ittifaqa çevrilib.

Rusiyanın “Almaz-Antey” şirkəti dünyanın ən mürəkkəb raket sistemlərindən biri olan “S-400 Triumf”u istehsal edir. “Lockheed Martin”-in “F-35”i, əsasən, NATO üzvlərinin beynəlxalq konsorsiumu tərəfindən istehsal olunur.

“F-35” inkişaf etmiş gizlilik və kəşfiyyat qabiliyyətinə malikdir. Güclü müdafiə sistemləri də daxil olmaqla, kütləvi miqdarda elektron məlumat toplaya bilər.

Bu, Rusiya komandalarının “S-400” vasitəsilə “F-35”lərə dair məlumat toplaması və təyyarələrin zəif cəhətlərini öyrənməyə imkan verəcəyi qorxusu yaradıb.

Beləliklə, silah razılaşması yalnız Rusiya və Türkiyə arasındakı sövdələşmə deyil, Rusiya-NATO münaqişəsinin bir hissəsidir.

Geosiyasi ölçülər

Türkiyənin qarşısında duran qərar Yaxın Şərqdə post-ABŞ qaydalarına qarşıdır. Tramp administrasiyası, İranı hədəfləyən son donanma yerləşdirmələri ilə gərginliyi artırmasına baxmayaraq, bölgədəki qoşunları çıxarmaq istəyir.

ABŞ-ın PKK ilə əlaqəli Suriyalı kürd üsyançılarına göstərdiyi dəstək ucbatından Ankara Vaşinqtondan çox asılı olmaq istəmir və geosiyasi baxımdan silah alışını şaxələndirmək məcburiyyətindədir. Türkiyə həm “S-400”, həm də “F-35”-ə haqqı olduğunu elan edib.

İqtisadi qloballaşma dövründə Türkiyə “F-35”in işlənib hazırlanmasına 2002-ci ildən bu yana 1 milyard dollardan çox sərmayə qoyub, üstəlik, dünya təchizat zəncirinin bir hissəsidir. Türk şirkətləri təyyarə üçün onlarla komponent istehsal edir və əgər ABŞ təslim etməzsə, o, türk təchizatçılarını itirəcək.

ABŞ-ın ikili standartı

 

Texnoloji cəhətdən kənara çıxan Türkiyənin qərarı milli suverenlik məsələsi ətrafında dönüb-dolaşdığından siyasiləşib. Ankara qlobal super gücə – ABŞ-a buynuz göstərməyə çalışır.

“S-400” razılaşmasına Tramp administrasiyasının etirazı ikili standartı nümayiş etdirir. Səudiyyə Ərəbistanına silah ixracı üçün o, hazırda Konqresin razılığından yayınmaq istəyir. ABŞ, həmçinin Türkiyənin “Patriot” sistemini satın almasını təkid edib. Eyni zamanda, bu, Rusiyanın maliyyə maraqlarını təhlükə altına alır, çünki silah sənayesində o, dünya ikincisidir.

“S-400” alışı Ankaranın Avrasiya oxu və Transatlantik ittifaq arasında balanslaşdırma fəaliyyətini təmsil edir. ABŞ-ın ikili standartı Ankaranı ondan daha da uzaqlaşdırır. Rusiyanın İdlibdə güc nümayişi isə Ankaraya başqa seçim vermir, onu ancaq Rusiyaya doğru istiqamətləndirir.

Ankara İdlibdə Rusiyanın hücumunu dayandıra bilməz, bu, Türkiyənin Suriyadakı rolunu itirməsi deməkdir. “S-400”ü təslim almaq üçün başqa yol yoxdur.

Tərcümə: Strateq.az