Birinci vitse-prezidentin "minlərlə vətəndaşa yardımı" - bəs, əslində necə olmalıdır?

09/05/2019 - 00:39 10 627 0   0  

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, birinci xanım Mehriban Əliyeva tez-tez insanlara etdiyi hüquqi, sosial, tibbi yardımlarla gündəmə gəlir - birinci vitse-prezident gah kimisə müalicəyə göndərir, gah da kiməsə ev verir.

Onun "yardım əfsanəsi" hətta bəzi həbsxanaların da məşhur müzakirə mövzularındandır.

Keçmiş siyasi məhbus Qiyas İbrahimov BBC News Azərbaycancaya deyir ki, "həbsxanada hər bir hüquqi həll yolundan, qanuni köməkdən əli üzülmüş çarəsiz məhkumlar tez-tez "först lediyə" müraciət yazardılar".

"Bəziləri bundan çox böyük ümidlə danışar, bir çoxları onun qəbul prosesi haqda mifik həddə söhbət edər, biraz dirəşəndə şəxsən görüşülə biləcəyini deyib ard-arda məktublar yazardılar.

Özlərinə ümid vermək üçün ikinci-üçüncü şəxslərdən eşitdikləri, şəxsən tanımadıqları adamların uğur hekayələrini danışardılar ki, guya, kimlərinsə problemi həll olunub", - Qiyas İbrahimov xatırlayır.

Birinci xanımın "minlərlə vətəndaşa etdiyi yardımları" ölkə prezidenti İlham Əliyev də öz çıxışlarında zaman-zaman vurğulayıb:

"Heydər Əliyev Fondunun dəstəyi ilə minlərlə insan tibbi müalicə ilə təmin edilib. Fondun fəaliyyəti məhz ehtiyacı olan insanlara yardım göstərmək, imkan daxilində ən az müdafiə olunan vətəndaşlara öz dəstəyini göstərməkdir", - ölkə prezidenti Mehriban Əliyevanın ötən il birinci vitse-prezident postuna təyinatını açıqlayarkən demişdi.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən BBC News Azərbaycancaya bildiriblər ki, "vətəndaşlar öz problemlərinin həllində Mehriban xanımı humanizm mənbəyi kimi görürlər".

"Bizə daxil olan bütün müraciətlər araşdırılır, lakin bununla yanaşı, vətəndaşlar problemlərinin həllində hər zaman operativlik göstərən Heydər Əliyev Fonduna öz müraciətlərini edirlər, bu da onların seçimidir".

Səhiyyə Nazirliyindən vətəndaşların nə üçün tibbi müraciətlərlə dövlət proqramı əsasında aidiyyatı qurumlara yox, Mehriban Əliyevaya müraciət etməsi ilə bağlı şərh almaq mümkün olmayıb.

BBC News Azərbaycanca Birinci vitse-prezidentin katibliyi ilə əlaqə yarada bilməyib.

"Vəzifə qanundan üstündür"

"2012-ci ildə 16-17 yaşlı oğlanlar 8 yaşlı oğlumu zorlamışdılar. Polis məsələni ört-basdır edib işi bağladı, ancaq Mehriban Əliyevanın işə qarışmasından sonra xitam verilmiş işi yenidən açdılar", - vətəndaş Aidə Əhmədova (ad şərtidir) deyir.

O, BBC News Azərbaycancaya bildirib ki, birinci vitse-prezidentə şikayət edənə kimi "üz tutmadığı dövlət qurumu qalmayıbmış".

"Əvvəlcə bir çox millət vəkillərinə, Ombudsmana, Daxili İşlər Nazirliyinə, Prokurorluğa, Azərbaycanda olan xarici səfirliklərə, bir sözlə, hər yerə müraciət etdim. Lakin heç bir cavab ala bilmədim.

Mehriban xanıma müraciətimin elə səhərisi gün iş yenidən açıldı və biz işi udduq", - Aidə Əhmədova Mehriban Əliyevaya müraciətdən sonra udduğu məhkəmə işindən danışır.

"Dövlət nümayəndəsi olaraq səlahiyyəti var..."

Mehriban Əliyeva əvvəllər birinci xanım olaraq, indi də vitse-prezident kimi sosial tədbirlərin həyata keçirilməsində müstəsna rol oynayır, sosial qayğıya ehtiyacı olan insanlarla görüşməyə, onların ehtiyaclarının həllinə çalışır, YAP-ın Siyasi Şurasının üzvü, deputat Aydın Hüseynov bildirir.

Vətəndaşların niyə aidiyyatı dövlət qurumlarına deyil, məhz birinci vitse-prezidentə üz tutmasına gəlincə, Aydın Hüseynov "xalqımızın ulu öndərimizin irsinə çox böyük hörməti var" deyir.

"Hələ 90-cı illərdə xilası onda gördülər. İndi də insanların problemi olursa, Mehriban xanım humanistdir, həssas insandır, vətəndaşlar da bunu bildikləri üçün ona müraciət edirlər. O, eyni zamanda vitse-prezidentdir, sosial problemlərlə bağlı dövlət nümayəndəsi olaraq səlahiyyəti var ki bu işləri həll etsin", millət vəkili əlavə edir.

"Ölkədə vəzifə qanundan üstündür"

Sosial işçi kimi insanlara könüllü yardım edən Sənubər Heydərova düşünür ki, "insanlar yaranmış sualların cavabını qanunvericilik bazasında, sosial mərkəzlərdə tapa bilmədikləri üçün avtoritetlərə ümid edirlər".

"Tanıdığım bir çox ailə var ki, sosial yardım almaq üçün ya prezidentə, ya da onun birinci xanımına müraciət edirlər. Ümid edirlər ki, bundan sonra bəlkə yardım alarlar, çünki bu adamlar sözündən çıxılmayan şəxslərdir. Bunun heç bir qanuni əsası yoxdur. Bu onu göstərir ki, ölkədə vəzifə qanundan üstündür.

Halbuki hətta prezident vəzifəsi belə ölkə qanunvericiliyindən üstün olmamalıdır. Təəssüf ki, bizdə bəzi məsələlər subyektiv həllini tapır. Ona görə də insanlar düşünür ki, hamısı bu cür yollardan istifadə edə bilərlər".

Sosial işçi Sənubər Heydərovaya görə, sosial müdafiə ilə bağlı sualları olan vətəndaşların cavab alması üçün mərkəzlər olmalıdır: "Orada lazımi mütəxəssislər - hüquqşünaslar, psixoloqlar, sosial işçilər olmalıdır".

"Yardım birinci ailənin öz vəsaitləri hesabına olsaydı…"

İqtisadçı Qubad İbadoğlu hesab edir ki, insanların bir şəxsdən kömək umması "bəzi orqanların işləməməsi və verilən qərarların icra effektivliyinin aşağı olmasından" irəli gələ bilər.

Onun fikrincə, problem qanunvericilikdən daha çox qanunların icra səviyyəsindən qaynaqlanır.

"Azərbaycanda digər alternativlər də məhduddur. Mehriban Əliyeva və ya İlham Əliyev özü maraqlıdır ki, onları bu vəziyyətdə yeganə alternativ kimi görsünlər və onlara müraciətlər çoxalsın.

Bu baxımdan da şikayətlərin onlara ünvanlanması, eyni zamanda, yeganə həll yolunun onların işə müdaxiləsindən keçməsi cəmiyyətdə qəbul olunmuş normadır və ayrı-ayrı vətəndaşlar da bundan istifadə etməyə çalışırlar", - Qubad İbadoğlu deyir.

O əlavə edir ki, həm prezident, həm də vitse-prezident dövlət vəsaitlərindən "öz vəsaitləri kimi" yararlanırlar. "Azərbaycan cəmiyyəti bunu qəbul edir ki, dövlətdə nə varsa prezidentə, birinci vitse-prezidentə və onun ailəsinə məxsusdur".

Ancaq əgər yardım şəxsi vəsait hesabına olmursa, bunu humanistlik adlandırmaq olmaz, Qubad İbadoğlu deyir: "Ona görə ki, istifadə olunan vəsaitin mənbəyi dövlətdir, dövlət büdcəsidir və ya Prezidentin Ehtiyat Fondudur. Bu baxımdan bunu humanizm kimi qəbul etmək olmur, ancaq cəmiyyət belə qəbul edib.

Cəmiyyət o ayrılmış vəsaitin mənbəyi barədə düşünmür və düşünür ki, elə həmin vəsaitin üzərindəki sərəncam vermək hüququ bunlara məxsusdur. Bu şəxslər bu qərarı veriblərsə, deməli, humanistlik ediblər".

"Vəzifə səlahiyyətlərindən sui-istifadədir"

Cənab İbadoğlu hesab edir ki, "dövlət büdcəsi vəsaiti hesabına belə işlər görmək vəzifə səlahiyyətlərindən sui-istifadədir".

"Heç bir qanunda bu nəzərdə tutulmayıb ki, vitse-prezident dövlət büdcəsindən ayrılmış vəsaitdən kiməsə ev bağışlasın. Dövlət idarəçiliyi effektiv olan ölkələrdə belə məsələlər ayrı-ayrı dövlət orqanları və ya bələdiyyə səviyyəsində həll olunmalıdır".

"Total nəzarət maraqları" və "korrupsiya məsələsi"

İqtisadçının fikrincə, Azərbaycanda belə məsələlərdə qərarları yerli hakimiyyətlərin və ya bələdiyyələrin verməməsinə səbəb "total nəzarət maraqlarının olmasından irəli gəlir".

"İstəyirlər ki, hər şey mərkəzdən idarə olunsun və nəzarətdə olsun. Hansısa bir əyalət səviyyəsində və ya yerli səviyyədə idarəçiliyin nəzarətdən çıxmasından, müstəqilləşməsindən ehtiyatlanırlar. O baxımdan bu prosesə getmirlər", Qubad İbadoğlu əlavə edir.

"Yaxşı padşah nağılı"

Müxalifət partiyası olan Müsavat partiyasının Divan üzvü Alya Yaqublu deyir ki, "dövlət strukturlarının işləmədiyi, vətəndaşın şikayətlərinin təmin edilmədiyi ölkələrdə, adətən, belə olur".

O hesab edir ki, "insanların istər mülki, istərsə də siyasi hüquqları heç bir halda qorunmadığı üçün son çıxış yolu yaxşı padşaha - padşahın özünə müraciətdə görülür".

"Bəzən də bu şikayətlər, müraciətlər müsbət cavablandırılır. Azərbaycanda da yaxşı padşah nağılı var. Bu da avtoritar idarəetmə üsulu olan ölkələrə aiddir. Bununla "rəhbər yaxşı adamdır, ətrafı pisdir" imicini qoruyub saxlayırlar. Halbuki, sistemin necə çalışdığını yuxarılar bilmir deyə bir şey yoxdur", - Alya Yaqublu bildirir.

O vurğulayır ki, sistem "belə olmasa, avtoritar ola bilməz, qala bilməz, çalışa bilməz".

"Elə olsaydı, vətəndaşların bütün haqq və hüquqlarının təmin olunduğu demokratik quruluş olardı, bu isə avtoritar idarəedicilərə sərf etməzdi. Sistemi bu şəkildə özləri saxlayırlar.

İnsanların dərdlərinin əlacının başqa yerdə tapılmaması onların müəyyənləşdirdiyi idarəetmə mexanizmi, sistemidir. Arada da bəzi şikayətləri müsbət cavablandırmaqla digərlərinə bir ümid yeri saxlayırlar ki, sizin şikayətləriniz mənə gəlib çatsa, sizi xilas edərəm. Yəni digərləri pisdir, amma onlar yaxşıdır, mesajını vermək istəyirlər", - Alya Yaqublu deyir.

O əlavə edir ki, Azərbaycanda məhkəmələrin öz təyinatı üzrə qərar "verməməsi" və "müstəqil olmaması, qanunun aliliyini təmin etməyə başqa variantın olmaması vətəndaşları rəhbərlərə - birinci şəxsə müraciət etməyə vadar edir.