Gücsüzlərin gücü – Qubad İbadoğlu yazdı

08/05/2019 - 22:07 11 596 0   0  
Azərbaycan Demokratiya və Rifah (ADR)  Hərəkatının  yaranması nəinki cəmiyyətdə, hətta hazırda siyasi fəaliyyətimi davam etdirdiyim partiyada da birmənalı qarşılanmadı, bu hadisəyə yanlışlı - doğrulu,  müxtəlif reaksiyalar verildi, yozumlar səsləndirildi. Son vaxtlar hərəkatın təşəbbüs qrupuna, şəxsən mənə “ADR hansı zərurətdən yaradılıb, onun mövcud siyasi arenanı təmsil edən qurumlardan (partiya, hərəkat, QHT və sair) fərqi nədir”- deyə çox sual verildiyindən mən bu sualı mətbuatın köməyi ilə cavablandırmağa qərar verdim. Ancaq gəlin, cavabı eşitməyə tələsməyək.
Klassiklərimizin təbirincə desək, bu məzkur sualı cavablandırmazdan əvvəl, ölkədəki siyasi şərait, azərbaycanlı siyasətçilərin siyasət anlayışı və bir çoxları üçün bəlkə də sıradan, əhəmiyyətsiz görünən bir neçə mühüm məsələyə toxunmaq istəyirəm. 
Azərbaycanda iqtidarlı-müxalifətli bütün siyasi partiyalar və ictimai təşkilatlar böhran dövrünü yaşayır. Ötən il zərbə ardınca zərbə alan müstəqil vətəndaş cəmiyyəti can üstədir, ictimai-siyasi həyatda oynadığı vacib rolu itirmək üzrədir, ölkədə siyasi partiyaların varlığı hiss olunmur. Hətta hakim partiyanın rəhbər orqanları belə ölkənin idarə olunmasında, siyasi qərarların qəbulunda artıq əvvəlki kimi fəal iştirak eləmir, vacib qərarlar partiyadankənar bir qrup tərəfindən verilir. Proqnozlaşdırmaq çətindir: siyasi şərait qəfil dəyişsə, bu partiya yeni siyasi mühitə necə reaksiya verəcək, fəaliyyətinin ilk dövründə nümayiş etdirdiyi siyasi aktivliyi yenidən göstərə biləcəkmi?  Hələlik bizi bu sualın cavabı maraqlandırmır. Fakt odur ki, ölkə yalan girdabında çabalayır: “…Hakimiyyət öz yalanının əsirinə çevrilib, elə buna görə də saxtakarlığa qaçır. Keçmişi saxtalaşdırır, bu günü saxtalaşdırır, gələcəyi saxtalaşdırır, statistik məlumatları şişirdir. Özünü elə aparır ki, guya ölkədə güclü polis rejimi yaratmayıb. Özünü elə aparır ki, guya insan haqlarına  hörmət edir. Özünü elə aparır ki, guya bu, həqiqətdir. Belə bir cəmiyyətdə insan bütün bu cəfəngiyyata inanmağa məcbur olmasa da, özünü elə aparmalıdır ki, guya buna inanır.  Ən yaxşı halda susmalıdır. Ya da kim bu cəfəngiyyatın başında durursa, onunla həmrəy olduğunu nümayiş etdirməlidir. Buna görə də insan yalan içində yaşamağa məcburdur. O yalanı qəbul etməyə də bilər. Yetər ki, yalana bürünmüş həyatı qəbul eləsin. Bununla da o, sistemin varlığını təsdiqləyir, onu reallaşdırır, onu qəbul edir və onun bir parçasına çevrilir”.
Dırnaq içərisində verdiyim bu fikirlər mənə məxsus deyil. Həyatda olduğu kimi siyasətdə də dürüstlüyü, səmimiliyi, ən başlıcası əxlaqı standart halına gətirmiş məşhur çex yazıçısı və siyasətçisi Vatslav Havelin bir qərinəni geridə qoymuş “Gücsüzlərin gücü” essesindən gətirdiyim bu kiçik sitat bugünkü Azərbaycan cəmiyyətinə güzgü tutmurmu? Sitatı verməkdə məqsədim cəmiyyətdəki eybəcərliyin dərəcəsini göstərməklə yanaşı, vəziyyətdən  çıxış yolunun olmaması qənaətini bölüşən pessimistləri (çox təəssüf ki, ölkə əhalisinin əksəriyyəti bu qənaətdədir) bunun əksinə inandırmaqdır.  Ən azından çox da uzaq olmayan keçmişdə, yalan üzərində qurulan onlarla belə çürük cəmiyyətin çökməsi nümunəsi var. Ancaq bu dəyişikliyin əsas şərti əxlaqlı siyasətə dayanan sağlam ictimai hərəkatların, dürüst müxalifətin varlığıdır.
#a#
Bu gün Azərbaycanda müxalif siyasi partiyalara qapalı, qaranlıq fəaliyyət, qərarların bağlı qapı  arxasında (uzağı 3-4 nəfərin iştirakı ilə) qəbul edilməsi, liderlərin sıravi üzvlərdən və xalqdan uzaq düşməsi xarakterikdir. Müxalifət partiyaları hakimiyyətdən narazıların ümid yerindən çox, özəlləşdirilmiş və qapalı səhmdar cəmiyyətə çevrilmiş şirkətləri xatırladır. Müxalif düşərgədə liderlərin avtoritar idarəçiliyi, səsləndirilən böyük vədlərin reallaşmaması, seçkidən-seçkiyə süni hərarətli, yerinə yetirilməyən vədlərin verilməsi sıravi üzvlərdə “ömürlük müxaliflik sindromu” yaradıb, onları dərin ümidsizliyə düçar edib. İllərlə müxalifətdə qalaraq malik olduqları yüksək mənəvi dəyərlərin gündən-günə bir qədər də aşındığını, suyun qabağını kəsən əjdahanı öldürməyə “əli və ürəyi gəlməyən” liderlərin necə əjdahaya çevrildiklərini görən fədakar insanların həyata və gələcəyə olan inamları sarsılıb. Bəlkə də qəribə səslənəcək, müxalifət partiyalarını idarə edənlər sıravi insanların bu inamsızlığının daha da dərinləşməsində maraqlı görünürlər. Onların düşüncələrinə görə, müxalif siyasətçi ac, səfil olmalı, onun nəinki özü, hətta qohumları da büdcədən maliyyələşən heç bir dövlət idarəsində çalışmamalıdır. Bu məsələdə onların mövqeyi iqtidardan fərqlənmir. Onlar büdcə vəsaitinə iqtidarın “dədə malı”, dövlət sektorunda çalışanlara iqtidarın xidmətçiləri kimi baxırlar. İqtidar təmsilçiləri də eynən bu cür düşünürlər.  
Biz Müsavat Partiyasının timsalında bu problemləri uzun müddət yaşayandan sonra 27 sentyabr 2014-cü ildə keçirilən qurultayı bir şans kimi dəyərləndirərək partiyanın dirçəlməsinə yönələn platformamızla seçkilərə qoşulduq. Görəndə ki, partiya daxilində ziyalılar, xüsusilə gənclər bu xətti müdafiə edir, daha da ruhlandıq. Qurultaydan əvvəl və qurultayda qarşılaşdığımız ədalətsizliklərə baxmayaraq qazandığımız 46 faiz səs partiyanın yeniləşməsinə olan sifarişin göstəricisi idi. Qurultayın ikinci günü yetərsayın olmaması da məhz bir gün əvvəl baş verənlərə passiv etirazın göstəricisi idi. Çox təəssüf ki, yeni rəhbərlik islahat tərəfdarlarını partiyadan uzaqlaşdırmaq və qurultaydan sonra partiyanı tərk edənləri “xəyanətkar” adlandırmaqla yanlış yol tutdu. 
 Müxalif siyasi qüvvələrin son illər ictimai-siyasi həyatın dinamikliyi fonunda cəmiyyətə yeni proqram və konsepsiyalar təqdim edə bilməməsi, eləcə də liderlərin bir-birini həzm etməməsi, güzəştə getməməsi səbəbindən müxalifətdaxili mübahisələrin kəskin münaqişələrə çevrilməsi vərdiş etdiyimiz müstəvidə yeniləşmənin və mübarizənin uğurla başa çatmasını şübhə altına salır. 
Məhz bu səbəbdən də tamam yeni bir müstəvidə bir qrup gənc və ziyalı ilə ADR hərəkatını yaratmağa qərar verdik. ADR adından göründüyü kimi bir-birinə ayrılmaz şəkildə bağlı olan 2 əsas dəyəri –Demokratiya və Rifahı birləşdirir və hər iki dəyərdən Azərbaycan vətəndaşlarının bəhrələnməsinə yardım etməyi qarşısına məqsəd qoyur. Birinci xətt demokratik institutların yaranması və inkişafına dəstəyi, ikinci xətt isə mövcud gəlirlərin və sərvətlərin ədalətli idarə olunmasının təkmilləşdirilməsinə yardımı özündə ehtiva edir. Birinci istiqamətə vətəndaş cəmiyyətinin inkişafı, insan azadlıqları və hüquqlarının təmin olunması, demokratik təsisatların yaranması və Avropaya inteqrasiyanın sürətləndirilməsi daxildir. İkinci istiqamət isə təbii resurslardan əldə edilən gəlirlərin şəffaf və səmərəli idarə edilməsini, ictimai gəlir və milli sərvətlərin əhali arasında ədalətli bölüşdürülməsini, sahibkarlığın inkişafını, mülkiyyət hüquqlarının müdafiəsini əhatə edir.
Bizi başqalarından fərqləndirən nədir?  
 
ADR-in dəyərləri xalqın dəyərləridir. Biz xalqın mənəvi-əxlaqi dəyərlərinə, dini inancına hörmət edirik və bu dəyərlərə hörmət edən hər bir kəslə, hər bir ictimai qüvvə ilə əməkdaşlıq niyyətindəyik. Heç bir vəd (hakimiyyət, vəzifə, sərvət və sair) bizi bu üstün milli dəyərlərə xilaf  çıxmağa vadar edə bilməz.
Xalqın dəyərləri dedikdə nələri nəzərdə tutduğumuz daha aydın olsun deyə, hind xalqının azadlığa qovuşmasında əvəzolunmaz xidmətləri olan Mahatma Qandidən bir iqtibas gətirmək istəyirəm. Qandi xatirələrində yazır ki, mənim mənsub olduğum xalqın dini inanclarına görə ət yemək günah sayılırdı. Ancaq bir dəfə dostum məni yoldan çıxardı: “Biz məhz ət yemədiyimizə görə zəif xalqıq. İngilislər məhz ət yediklərinə görə bizi idarə etməyə qadirdirlər. Bizim müəllimlərimiz, şəhərimizin məşhur adamları axmaq deyillərlər ki. Onlar ətin üstünlüklərini bildiklərinə görə onunla qidalanırlar. Sən də yoxla, gör necə güclü olacaqsan”.
Məhz xalqının azadlığı naminə güclü olmaq üçün Qandi ət yeməyə qərar verir. Xatirələrində həmin günü belə xatırlayır: “Həlledici gün gəldi. O vaxtkı halımı çatdırmaq mənə indi də çətindir... Biz çayın qırağında gözdən uzaq sakit bir guşədə əyləşmişdik. Həmin gün mən ömrümdə ilk dəfə ət gördüm və yedim. Gecəni çox pis yatdım. Qarabasmalardan gözümə yuxu getmədi. Gözümü yuman kimi mənə elə gəlirdi ki, mədəmdə keçi mələyir...” 
“Mənim həyatım” xatirələr kitabında Qandı ət yeməsi ilə bağlı fəsli “Faciə” adlandırıb. Bu təsadüfi deyil, vətənini sevən hər bir insan, xüsusilə, minlərin, milyonların əvəzinə qərar verən ictimai xadim, ziyalı, siyasətçi üçün onun dəyərlərinə qarşı çıxmaq faciədir, artıq şəxsi yox, milli faciəsidir. Hətta ən ali məqsədə - azadlığa çatmaq belə ona haqq qazandıra bilməz. 
 
ADR-də idarəetmə şəffaf, hesabatlı və kollegial olacaq, qərarların qəbulunda üzvlərin iştirakı təmin olunacaq. ADR–də daxili demokratiyanın təminatı və üzvlərin potensialından daha səmərəli istifadə edilməsi üçün rotasiyalı rəhbərliyə, bütün strukturlara idarəedənlərin azad və ədalətli seçkilər əsasında seçilməsinə üstünlük verəcək. 
Siz ADR-də avtoritarizmi xarizma ilə eyniləşdirən böyük ictimai xadim, “korifey siyasətçi” görməyəcəksiniz. ADR  Azərbaycanın gələcəyinə  “falçı”  kimi baxmayacaq, hər ilin əvvəlində “Bu il hakimiyyətə gələcəyik, bu iqtidarın sonu çatıb” kimi reallıqdan uzaq, növbətçi bəyanatlar verməyəcək. ADR üzvlərinin intellektual potensialı əsasında Azərbaycanın taleyüklü məsələlərinə dair proqram və konsepsiyalar işlənəcək. ADR Azərbaycanda demokratiyaya keçid, Qarabağın azadlığı, milli təhlükəsizlik, strateji inkişaf kursunun müəyyənləşdirilməsi, milli iqtisadiyyatın inkişafı, təhsilin və səhiyyənin  keyfiyyətinin artırılması, neft gəlirlərinin düzgün idarəedilməsi və ədalətli bölüşdürülməsi ilə bağlı proqram və konsepsiyalar işləməyi, onların əsasında ictimai müzakirələr açmağı, eləcə də, bütövlükdə gələcəyə baxışını təhlil və qiymətləndirmələr əsasında qurmağı planlaşdırır. 
 
ADR cəmiyyətdə etimadın qazanılması baxımından dialoqu yüksək dəyərləndirir və onu  həmrəyliyin yaranmasının ilkin şərti kimi görür.  
Nəhayət, ADR mayasında əxlaq, dürüstlük və səmimilik olmayan fəaliyyəti istisna edir. İctimai fəaliyyət, o cümlədən siyasət mütləq əxlaqlı olmalıdır. Tarixdə bunun yuxarıda adlarını çəkdiyim insanlar da daxil olmaqla minlərlə nümunəsi var. İctimai fəaliyyətdə, siyasətdə əxlaq olmaz deyib xalqın dəyərlərini heçə sayanlar “mədələrindən gələn keçi mələrtisinin” hesabını nə zamansa (gec, ya tez) verəcəklər. Mütləq verəcəklər!
Sonda üzümü cəmiyyətdəki eybəcərliklərlə qarşılaşarkən heç nəyi dəyişə bilməyəcəyini güman edərək, ümidsizlikdən qolu-qanadı qırılan, ədaləti bərpa edə bilməməyin gətirdiyi duyğu ilə vicdan əzabı çəkən gücsüzlərə tuturam. Bizim gücümüz gücsüzlüyümüzdədir. Bizim gücümüz vicdanlı, ədalətli, səmimi, dürüst olmağımızdadır. Biz gücsüzlüyümüzün verdiyi gücə güvənib birlikdə bu ölkəyə Demokratiya və Rifah gətirəcəyik. 
 
Qubad İbadoğlu, Azərbaycan Demokratiya və Rifah  Hərəkatının  Təşkilat Komitəsinin sədri