Əli İnsanov həbsdən alovlu çıxdı və...susdu - “Yaşlı adamdır, oturub evində, siyasətdən kənardır”

16/04/2019 - 09:44 4 018 0   0  

Sabiq səhiyyə naziri Əli İnsanov əfv fərmanı ilə azadlığa buraxılandan sonra odlu-alovlu çıxışlar edirdi, mətbuat konfransı keçirəcəyini anons etmişdi, gah Şəhidlər Xiyabanına baş çəkirdi, gah mübarizə aparacağını söyləyirdi.

Amma Ə.İnsanov qəfildən səhnədən çəkildi, danışmadı, mətbuat konfransı keçirmədi və susmağa üstünlük verdi. Halbuki onun bəyanatı ciddi müzakirələrə yol açmışdı, müxtəlif təhlillər aparılırdı, proqnozlar səslənirdi, ehtimallar irəli sürülürdü. Analitiklər onun müxalifətə qoşulacağını, kimisi Milli Şura ilə birgə olacağını yazırdı, kimisi regional faktoru irəli çəkirdi. Lakin bunların heç biri baş vermədi.
Bu barədə sualımızı cavablandıran deputat Musa Quliyev “Yeni Müsavat”a bildirdi ki, Ə.İnsanov növbəti siyasi addımlar atarsa, ona fikir bildirmək olar: “Kimə maraqlıdır ki, Əli İnsanov nə edir? Onun fəaliyyətində hər hansı bir addım olmadığına görə münasibət bildirməyə əsas görmürəm.
Yaşlı adamdır, oturub evində, siyasətdən kənar vətəndaşdır. Nə vaxtsa siyasi addımı olarsa, danışmaq olar. Əli İnsanov personasına xüsusi diqqət yetirməyi mənasız hesab edirəm".
Deputat Bəxtiyar Sadıqov isə hesab edir ki, insan gərək özünü, ətrafını tanısın və sonra qərar qəbul etsin: “Əli İnsanov etiraf elədi ki, uzun müddət cəmiyyətdən təcrid olunub, təhlil etmək imkanları yoxdur. Bu illərdə Azərbaycanın siyasətində, iqtisadiyyatında nələr dəyişibsə, onun xəbəri yoxdur, ona görə həbsdən çıxan kimi gurultulu bəyanat verdi. Elə bildi ki, hamısı başına toplanacaq, bunu vəzifəyə gətirəcək, sonra ətəyindən öpəcəklər. Amma xalqın siyasi şüuru var və insanlar görür ki, cənab prezident sosial problemləri həll edir, əhalinin maddi rifahını yaxşılaşdırır, böyük iqtisadi, beynəlxalq layihələr həyata keçirir, Qarabağ məsələsinin həllində prinsipial mövqedə dayanıb.
Ona görə də Əli İnsanovun nə nüfuzu, nə gücü var ki, insanların bir istəyini yerinə yetirə bilsin. Hazırda çəkilib oturub evində, sakit, normal həyat yaşayır. Prezidentin ona bağışladığı azadlığın mahiyyətini anlayıb və belə davam etsə daha yaxşıdır. Azərbaycan sabit, inkişafda olan ölkədir və xalq populist fikirlərə, boş vədlərə inanmır".