Son imtahanlarda suallar ağırlaşdırılıb? - “Facebook” dedi-qodularına cavab

15/04/2019 - 21:36 4 942 0   0  

Aprelin 14-də 27 şəhər və rayonda orta ümumtəhsil müəssisələrinin 11-ci sinfindətəhsilalan 28.919 şagird üçün buraxılış imtahanı keçirilib.

Sosial şəbəkələrdə bəzi istifadəçilər Bakı şəhəri və bölgələr üzrə keçirilən imtahanlarda sualların çətinlik səviyyəsində fərqlərin olduğunu qeyd ediblər.

Şagirdlərin sözlərinə görə, Bakı və bölgələrdə təşkil olunan imtahanlarda sualların ağırlıq dərəcəsinin balansı pozulub.

Mövzu ilə bağlı Dövlət İmtahanMərkəzindən AzEdu.az-a bildiriblər ki, hər bir imtahanda test bloku asan, orta və çətin tipli tapşırıqlardan ibarət olur.

Məlumatda qeyd olunur ki, imtahanda tapşırıqların ağırlıq dərəcəsinin necə olması haqqında yalnız iştirakçıların hamısının nəticələrini təhlil etdikdən sonra fikir bildirmək mümkündür. Hər bir imtahandan sonra onun nəticələri elmi, metodiki baxımdan təhlil olunur. Yalnız öz ətrafında olan insanların fikirlərinə əsasən ümumi qənaətə gəlmək doğru deyil.

Hər il DİM-də keçirilən fənn seminarlarında nəticələr ekspertlərə təqdim olunur. Burada nəinki ümumi test bloku, həmçinin, hər bir tapşırığın imtahanda necə işləməsi barədə statistik məlumatlara baxılır. Ötən illərin təcrübəsi göstərir ki, bu növ imtahan və nəticələrin ümumi səviyyəsi bir-birinə bərabər olur.

Xatırladaq ki, buraxılış imtahanı nəticələrinin iyun ayında elan olunması nəzərdə tutulur.