“Kontakt Home”a görə nazirə müraciət olundu

11/04/2019 - 15:55 3 385 0   0  

“Ehtiyatlı olun! Texniki cihazlar alanlara yalançı “Qızıl zəmanət” satılır, malı təmirə götürəndə gizli qüsur yaradırlar (cızıq çəkirlər). Bu kimi hallar barədə dəfələrlə nazirliyə məlumat versəm də, kömək yoxdur!” 

Minval.info xəbər verir ki, bu sözləri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd edib. O həmçinin bildirib ki, məsələ ilə bağlı İqtisadiyyat naziri Şahin Mustafayevə müraciət ünvanlayıb.
“Azad İstehlakçılar” İctimayi Birliyinə (AİİB), Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q massivi, ev 24, mənzil 32 ünvanda yaşayan istehlakçı Fətəliyeva Nərmin ərizə ilə müraciət edərək, 30.01.2018 tarixində “Kontakt Home” şəbəkəsinin Fizuli küçəsi 47-55 ünvanında yerləşən dükanından kredit yolu ilə mobil telefon aldığını, 60 AZN ödəməklə “qızıl zəmanət” aldığını, telefonun qısa müddətdə qüsurlarının üzə çıxdığını, bu barədə dükana və servisə müraciət etsə də, problemin aradan qaldırılmadığını, əksinə ona böhtan atılaraq satıcılar tərəfindən telefonda qüsurlar yaradıldığını və s. bildirilib” – Eyyub Hüseynov vurğulayıb.
Birliyin sədri qeyd edir ki, illər ərzində “Kontakt Home” dükanlar şəbəkəsindən buna oxşar şikayətlər, əhalidən pul alınaraq heç bir məna kəsb etməyən yalançı “Qızıl zəmanət”lər, satıcılar və servis əməkdaşları tərəfindən bilərəkdən malda qüsur yaradıb, zəmanətdən çıxarmağa və daha çoxçeşidli istehlakçı hüquq pozmasına dair şikayətlər gəlsə də, nazirlik bu biabırçı vəziyyətin həll olması üçün heç bir rasional tədbir görmür: ““Get məhkəməyə”, deməklə vəzifə borclarını yerinə yetirmiş kimi özlərini hiss edirlər!”
Eyyub Hüseynov təklif edir ki, bu kimi məsələlərə son qoymaq üçün bu və buna bənzər istehlakçı hüquq pozmaları üzrə “ixtisaslaşmış” şirkətlərin məsul şəxsləri ilə dəyirmi masa keçirilsin. Onun fikrincə, qeyd edilən vəziyyəti dəyişmək zəruridir.