İlham Əliyev, TASS-a müsahibə verir, Vyana-video

01/04/2019 - 10:51 11 701 0   0  

Prezidenti İlham Əliyev martın 29-da Vyanada Ermənistan baş naziri Nikol Paşinyanla görüşdən sonra Rusiyanın TASS informasiya agentliyinə müsahibə verib.

O, danışıqlar prosesinə yeni start verildiyindən görüşü mühüm adlandırıb:

“Görüş ona görə mühümdür ki, məsələnin mahiyyəti ilə bağlı danışıqlar prosesinə yeni start verilib. Biz etimadı, ola bilsin ki, insanlar arasında təmaslar çərçivəsində möhkəmləndirməklə bağlı məsələləri müzakirə etdik. Bundan əvvəl ictimaiyyət nümayəndələri arasında təmaslar olub. Yəni, hələ bu barədə danışmaq tezdir, lakin humanitar məsələlərə gəldikdə, bu, nəzərdə tutulur. Çünki danışıqlar prosesi təbii ki, həm də humanitar aksiyalarla dəstəklənməlidir.​” prezident danışıqlarda müzakirələrin mahiyyəti barədə bildirib.

Dövlət başçısı danışıqların formatının dəyişməz qalmasını, prosesə yeni təkan verilməsini əsas və vacib saydığını xüsusi vurğulayıb:

“...əsas odur ki, danışıqların formatı dəyişilməz qalıb. Danışıqlar uzun illər olduğu kimi, Ermənistan ilə Azərbaycan arasında aparılır. İkincisi, danışıqlar prosesinə yeni təkan verilib. Bu da vacibdir. Biz Minsk qrupunun həmsədrlərinin 9 mart tarixli bəyanatını, -çox müsbət qiymətləndirdik. Orada deyilir ki, danışıqlar formatının dəyişdirilməsi yalnız iki tərəfin razılığı ilə ola bilər. Azərbaycan tərəfi təbii ki, buna razılıq vermədi. Ona görə də biz prinsipcə substantiv danışıqların davam etdirilməli olduğu vəziyyətə qayıtdıq”.

Bizim üçün birinci yerdə Azərbaycan ərazilərinin işğaldan azad edilməsi məsələsi durur
Xarici işlər nazirlərinə tapşırıqlar verilidiyini deyən prezident çox güman ki, nəticəyə yönələn danışıqlar prosesini davam etdirməkdən ötrü onların yaxın vaxtlarda görüşəcəklərini açıqlayıb.

"Bizim üçün birinci yerdə beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazilərinin beynəlxalq hüquq, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsi çərçivəsində işğaldan azad edilməsi məsələsi durur.​"

Ermənistan baş naziri N.Paşinyan bundan əvvəl açıqlamalarında danışıqlarda Dağlıq Qarabağın da iştirakını təklif etmişdi. Azərbaycan isə bunu düzgün saymır. Rəsmi Bakı hesab edir ki, Dağlıq Qarabağdakı mövcud qurumlar separatçı qüvvələrdir. Azərbaycanın mövqeyinə görə, danışıqlara Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları bərabər tərəf kimi qatıla bilərlər.

Xatırlatma
Martın 29-da Vyanadakı Bristol mehmanxanasında Azərbaycan prezidenti İ. Əliyev və Ermənistan baş naziri N. Pashinian-ın görüşü olub. Bu görüşə iki ölkənin xarici işlər nazirləri, habelə ATƏT-in Minsk Qrupunun həmsədrləri – Igor Popov (Rusiya), Andrew Schofer (ABŞ) və Stéphane Visconti (Fransa) də qatılıbllar. Sonra iki lider danışıqları təkbətək formatda davam etdiriblər. Nəhayət sonda müzakirələrə yenidən xarici işlər nazirləri və həmsədrlər də qatılıblar. Tərəflər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparıblar.

Prezident İlham Əliyev və baş nazir Nikol Pashinian arasında Vyanada keçirilən danışıqların ardınca Azərbaycan və Ermənistan xarici işlər nazirləri, habelə ATƏT-in Minsk Qrupu həmsədrləri birgə bəyanatla çıxış ediblər. Bəyanatda qeyd edilir ki, görüş pozitiv, konstruktiv atmosferdə keçib və iki liderə müvafiq mövqelərini açıqlamaq imkanı verib.