Ziya Məmmədovun “qoçuları” yenidən fəallaşıb - “Real Estate” şirkəti bu dəfə “Paşa Holding”in adı ilə vətəndaşlara kələk gəlməyə çalışır

29/03/2019 - 18:24 10 894 0   0  

Sabir nəqliyyat naziri Ziya Məmmədovun vaxtilə biznes imperiyasının şəbəkəsi olan “Royal Estate” şirkəti keçmiş əyyamdakı nüfuzunu artırmaq üçün bu dəfə feodalcasına qəddarlıq nümayiş etdirərək, önə çıxmağa çalışır. Bakının tən mərkəzində, “Cəfər Cabbarlı Meydanı”nda yeraltı keçiddə yerləşən “Ticarət Mərkəzi”ndə orta əsrlərdəki quldarlıq rejimi prinsipləri əsasında fəaliyyətlərini gücləndirmək üçün səfərbər olunub. Burada hər qarışda pul qoparmaq adı ilə icarədarlara qarşı şirkət tərəfindən tətbiq olunan xüsusi qəddarlıq bunun təzahürüdür. Sənədlərdə də qeyd olunduğu kimi, Ziya Məmmədovun qohumları və vaxtilə Nəqliyyat Nazirliyində işləmiş “nəqliyyat nəzarətçiləri” (yəni qoçular) indi “Royal Estate” şirkətinin statusu ilə icarədarlara qarşı amansızcasına qəddarlıq edirlər. Anar Novruzovun feodalcasına “qoçuluq” iştahı Ziya Məmmədov vaxtilə nəqliyyat naziri vəzifəsinə təyin olunan zaman vağzal oğrularını və dəmiryolu stansiyalarında çapqınçılıq edənlərə “nəqliyyatda nəzarətçilər” statusu verərək, qoçuluğu rəsmiləşdirmişdi. Onlardan biri də yaxın qohumu Anar Novruzov idi. Z. Məmmədovun oğlu Ana Məmmədov A. Novruzovun “sədaqəti”ni dəyərləndirərək, onu “Royal İstate”nin rəhbəri təyin etmişdi. Ölkə KİV-lərində “Cəfər Cabbarlı Meydanı”ndakı yeraltı keçidin “Ticarət Mərkəzi”ndə yaşanılan rəzalətlə bağlı dəfələrlə yazılar getsə də, sanki heç nə dəyişməyib. Çünki Anar Novruzov və onun rəhbərlik etdiyi “çete” öz davranışlarını davam etdirirlər. 2009-cu ildə dövlət büdcəsi hesabına abadlaşdırılan bu yeraltı keçidin açılışında şəxsən prezident İlham Əliyev iştirak edib və burada fəaliyyət göstərəcək “Ticarət Mərkəzi”nə xeyir-dua verib. Ziya Məmmədov və onun çetesi buranı - dövlət əmlakını qanunsuz yolla icarədarlara satıblar. İndi də öz dədə-baba mülkü kimi hələ də istifadə edirlər. Burada yerləşən 82 mağazanın hər birinin icarədarlarından orta hesabla 40-60 min dollar rüşvət aldıqları yetməmiş, hər ay onlardan əlavə “icarə haqqı” yığırlar. Bununla yanaşı hər il icarə haqlarını artırırlar. Çünki Anar Novruzovun tamahı və iştahı belə tələb edir. Yeraltı “Ticarət Mərkəzi” təhlükə mənbəyinə çevrilib “Ticarət Mərkəzi”ndə mühəndis-texniki qurğuları Anar Novruzovun tamahı ucbatından demək olar ki, tamamilə sırdan çıxıb. Burada elektrik enerjisi ilə təmin edən “işıq otağı” da ticarət məqsədilə istifadəyə verilib. Həmin ərazi yüksək gərginlikli elektrik mərkəzi olsa da, Anar Novruzov “işıq otağı”ndan tamahı ucbatından bu addımı atıb. Halbuki, yüksək gərginlikli elektrik insanlar üçün təhlükə mənbəyi sayılır. Elektrik cərəyanının sayəsində yaranan radiasiya istənilən ən ağır xəstəliyə səbəb olur. Amma satıcılar işləmək və ailəsinə bir tikə “çörəkpulu” aparmaq məcburiyyətində qaldıqları üçün şirkətin feodalları tərəfindən beləcə istismar olunurlar. “Ticarət Mərkəzi”ndə layihəyə görə burada çalışanlar üçün ayrıca istirahət və soyunub-geyinmə otaqları da Anar Novruzov tərəfindən ləğv edilərək mağazaya çevrilib. İndi mağazaları işlədənlər və fəhlələr əyinlərini dəyişmək problemi ilə üz-üzə qalıblar. Anar Novruzov buradan da “pul qırxır”. Layihəyə görə, ticarət mərkəzinin işçiləri üçün ayrıca yeməkxana mövcud idi. Anar Novruzov buranı ən natəmiz məkana çevrib. Sanitar qaydalara demək olar ki, əməl olunmur. Ləğv olunan nasosxana “Cəfər Cabbarlı Meydanı”nda yeraltı keçiddə yerləşən “Ticarət Mərkəzi”nin nasosxanası faktiki olaraq işləmir. Anar Novruzov oranı ləğv edərək mağazaya çevirib. Çünki onun tamahı belə tələb edir. Beləliklə sahəsi 3 min kvadrat metr olan yeraltı keçid istənilən anda ekoloji bəla məkanına çevrilə bilər. Halbuki, yeraltı qrunt sularının və yağmurların sayəsində yeraltı keçid fəlakət zonasına çevrilmək təhlükəsi ilə üz-üzə qalarsa, ən çox zərər 82 mağaza sahibinə dəyəcək. Fövqəladə Hallar Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, Sanitariya və Epidemologiya Mərkəzi və müvafiq dövlət orqanlarının gözləri hara baxır? Nə üçün buradakı anormal vəziyyətə nəzarət etmirlər? Axı yeraltı keçidlər insan həyatı üçün təhlükəli vəziyyətlər yarananda həm də sığınacaq məkanı sayılır. Bu yeraltı keçiddəki mühəndis- texniki qaydalara görə nasosxananı Anar Novruzov hansı prinsiplərlə ləğv edib? Sabah leysan yağışlar yeraltı keçidi ağuşuna alanda buradakı ticarətçilərin ümumi hesabla milyonlarla manatlıq mallarına ziyan dəyəndə kim bunun üçün məsuliyyət daşıyacaq? Axı onlar həm də dövlətimiz qarşısında potensial vergi ödəyiciləridirlər. Anar Novruzovun bu qanunsuz əməllərinə kim dur deyəcək? Qoçular burada adam döyürlər Anar Novruzovun rəhbərliyi ilə “Cəfər Cabbarlı Meydanı”nda yeraltı keçiddəki “Ticarət Mərkəzi”ndə çalışanlar onun qoçuları tərəfindən hətta döyülürlər. Bu yaxınlarda mağaza işlədən Mahmud adlı birisi hamının gözü önündə Anar Novruzovun qumar oynamasına qarşı çıxdığı üçün onun qoçuları tərəfindən döyülüb. Mağaza sahibləri A. Novruzovun təhdidlərinə görə “susmaq” zorunda qalıblar. Çünki istənilən an icarə müqaviləsini ləğv edə bilər. Ərazidə ictimai asayişə cavabdeh olan nəqliyyat polisinin əməkdaşlarının da A. Novruzov və qoçu dəstəsinin əməllərindən xəbəri var. Mühafizə polisinin əməkdaşı Rəşad (rütbəcə çavuşdur) adlı birisi qeyri-rəsmi şəkildə A. Novruzovun cangüdəni kimi fəaliyyət göstərir. A. Novruzovun Ərəstun adlı yaxın qohumu əsl qoçu (reket) timsalında yeraltın keçidin rəmzinə çevrilib. İstədiyi şəxsi “şil-küt” etmək üzrə bu qoçu ixtisaslaşmış mütəxəssis sayılır. Bununla yanaşı, Nəqliyyat Nazirliyinin keçmiş qoçularından Novruz, Cabbar və digərləri A. Novruzovun xüsusi olaraq himayəsindədirlər. A. Novruzovun əmri ilə döyülən icarədar Mahmuddan intiqam almaq üçün hətta onun mağazasının işıqlarını söndürüb. Anar Novruzov Ziya Məmmədova necə atıb? 28 May Metrosunun yaxınlığında tikilmiş yeni göydələnin sahibi Ziya Məmmədovdur. O bu binada bir sıra mənzilləri və obyektləri satışa çıxarmaq məcburiyyətində qalanda A. Novruzov keçmişdəki makler məharətini işə salaraq onun əbədi himayədarı olan Ziya Məmmədova yüzminlərlə manat dəyərində pul atıb. Belə ki, əmlakın qiymətini saxta yolla ucuzlaşdırmaqla həmin binanın 1-ci mərtəbəsini asanlıqla ələ keçirib. Azından Z. Məmmədova 300 min manat pul atdığı bildirilir. Halbuki, A. Novruzov Z. Məmmədovun baldızının kürəkənidir. A. Novruzovun əməllərindən Ziya və Anar Məmmədovların heç xəbərləri belə yoxdur. Yeni icarə oyunu “Royal Estate” şirkəti “Cəfər Cabbarlı Meydanı”nda yeraltı keçiddəki “Ticarət Mərkəzi”ni saxta yolla özəlləşdirməsi barəsində sənədlər ortaya qoyaraq, müqavilə müddəti bitmiş icarədarların başına oyun açır. Belə ki, şirkətin rəhbəri Anar Novruzov icarə müddətinin bitməsini bəhanə edərək, icarədarlarla yeni müqaviləni daha baha qiymətə bağlamaq siyasətini yürüdür. Müqavilə şirkətlə deyil, öz adına imzalanır. Müqavilələr mağazanın ərazisinə görə müəyyən olunur. İcrarə haqları 800-4000 manat arasındadır. İcarədarların çoxu icarə haqqını ödəmək imkanında olmadıqları üçün, onlar bir otağı bir neçə mağazaya çevirmək məcburiyyətində qalıblar. Arada ən çox qazanan tərəf təbii ki, A. Novruzovdur. Çünki A. Novruzov hər bir mağazanı əvvəlcə icarədara 40-50-60 min manata satır və sonra hər ay üçün əlavə icarə haqqı tələb edir. Dövlətə məxsus ticarət mərkəzində baş verən qanunsuz əməllərdən Vergilər, Maliyyə, İqtisadi İnkişaf və digər nazirliklərin xəbəri varmı? Dövriyyədə “Paşa Holding” taktikası Anar Novruzov mağaza sahiblərini və icarədarları qorxutmaq üçün bildirir ki, onun aldığı pulların hamısı “Paşa Holding”in cibinə gedir. Guya “Cəfər Cabbarlı Meydanı”nda yeraltı keçiddəki “Ticarət Mərkəzi”nin yeni sahibi “Paşa Holding” şirkətidir. Beləliklə, icarədarları aldadaraq yeni fırıldaqlarını da işə salıb. Kimin icarə müqaviləsinin müddəti bitibsə, hər mağazaya görə aylıq 4 min manat icarə haqqı toplayır. Öncələr aylıq icarə haqqı min manat olduğu halda nədən bu qədər görməmişlik etdiyini özündən savayı kimsə bilmir. Bütün hoqqalarını “Paşa Holding”in üzərinə yıxır. Əvvəllər icarəyə verilən mağazalara görə, hər birindən 40-50 min manat toplayaraq onları aldatmışdı. Guya mağazalar özəlləşdiriləcəyi təqdirdə, icarədarlara yardım edəcəkdi. 2012-ci ildən indiyə kimi aradan 7 il ötsə də, özəlləşdirmə barəsində heç bir xəbər yoxdur. A. Novruzovun yeni aldığı “Lexus 572018” maşının bazar qiyməti 400 min manatdır. 10 AS – 089 dövlət nişanlı bu maşının yanacağını isə xüsusi çənlərlə xaricdən gətizdirir. Ziya Məmmədovun “ayaqyolu biznesi” Yeraltı keçiddəki ayaqyolundan gündəlik 3-4 min nəfər istifadə edir. Giriş qiyməti 20 qəpik olduğu üçün müştərilər oranı seçmək zorundadırlar. Ancaq həmin ayaqyolundakı natəmizlik, üfunət dəhşət saçır. Ayda 1800-2400 manat gəlir əldə etdiyi ayaqyolunun suyu və elektrik enerjisi də qaçaq yolla istifadə olunur. Vergi müfəttişləri yoxlamaya gəldiklərində dərhal ayaqyolu bağlanılır. Ayaqyolu məsələsində sorumlu A. Novruzovun sağ əli, yəni qoçu kimi tanınan Ərəstun adlı birisidir. Axşam saat 21.00-dan sonra icarədarların yır-yığış etmək, malları çeşidləmək, yüngül təmir işlərini aparmaq hüquqları yoxdur. Çünki, A. Novruzov bunun üçün icarədarlardan bunun üçün azından min manat, təmir işlərinə görə isə, 15 min manata qədər pul tələb edir. Qanunsuz yerə yığılan pulların sayəsində Anar Novruzov “Space TV” kanalının yaxınlığında 1 milyon 200 min manata yeni dönərxana açıb..