“Anamla görüşəndə dedi Rahim məni öldürmək istəyir...” - TÜRKİYƏDƏ AZƏRBAYCANLI SAHİBƏ YÜKSELİRİN QƏTLİ

28/03/2019 - 17:29 2 995 0   0  

Türkiyənin Konya şəhərində ötən ilin iyul ayında azərbaycanlı sevgilisi Sahibə Yükseliri küçədə güllələyən Rahim Aracının məhkəməsi davam edir.

Virtualaz.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, məhkəmədə  hadisənin səbəbləri və detalları üzə çıxıb.

Xatırladaq ki, hadisə ötən il iyulun 24-də Konyanın Fevzi Çakmak məhəlləsində baş verib. Daha əvvəl ərindən boşanan, 2-i qız olmaqla 4 uşaq anası Sahibə Yükselir bu hadisədən bir gün əvvəl-iyulun 23-də evli və 3 uşaq atası olan “sevgilisi” Rahim Aracının iş yerinə gedib. Orada Yükselir və Aracı arasında mübahisə, daha olub. Davaya polislər müdaxilə edib. Hadisə yerində tərəflər heç biri şikayətçi olmayıb və barışdıqlarını deyib. Lakin bir gün sonra Rahim Aracı ciplə iş yerinə gələrkən avtomobildə yenə Sahibə ilə mübahisə edib. Və tapançasını çıxararaq ona 8 güllə vurub, qadını yaralı halda avtomobildən ataraq qaçıb. Hadisə yerinə gələn polislərə Sahibə “Məni Rahim vurdu” deyib. Qadın xəstəxanada keçinib.

Hadisə ilə bağlı dindirilən S. Yükselirin 28 yaşlı qızı Günay Yükselir anasının R. Aracı ilə 5 ildir birlikdə yaşadığını və onun daha əvvəl də həmin şəxs tərəfindən ölümlə təhdid olunduğunu deyib. Onun  sözlərinə görə, anası ilə R. Aracı arasında hadisədən bir gün əvvəl də dava-dalaş olub: “Hadisədən bir neçə gün əvvəl anamla görüşəndə R. Aracının onu ölümlə hədələdiyini dedi. Hətta səs-küyə polis çağırılıb. Anam dedi ki, Rahimə 150 min lirə dəyərində 3 avtomobili sərmayə olaraq verib. Rahim Aracıdan şikayətçiyəm”.

Məhkəmədə həmçinin R. Aracının hadisə yerindən qaçıb gizlənməsində yardımçi olan qohumu Ali Dalkıç da dindirilib. O, günahsız olduğunu, R. Aracının göstərişi ilə hərəkət etdiyini deyib: “R. Aracı dayım sayılır. Hadisədən sonra o, mesencer vasitəsilə zəng etdi və atasına köçmək üçün 5 min lirə lazım olduğunu və bu pulu Erol G. adlı tanışından götürüb ona verməyimi istədi. Mən pulu apardım, amma atası az olduğunu bildirdi. Sonra yenidən Erol G-dən min 750 lirə də alıb ona verdim. O, bir müddət vəkili Səlahəttin Eyyubinin evində qaldığını, sonra Konyadan kənara çıxdığını dedi. Ölkə xaricinə getmək istəyirdi, buna görə vəkildən bəzi lazımi sənədləri alıb ona apardım. Cinayət törətmək üçün bunları etmədim”.

Məhkəmədə vəkil S. Eyyubi də ifadə verib. O, müdafiə etdiyi şəxsi istintaqdan  gizlətmədiyini və A. Dalkıçın ifadəsinin yalan olduğunu dilə gətirib: “Vəkillik etdiyim vaxt  haqqımda Ədliyyə Nazirliyinin icazəsi olmadan təhqiqat aparılmasını və cinayət işi başlanılmasını qəbul etmirəm. Şahid A. Dalkıçın ifadəsi doğru deyil. Mən günahsızam. Bəraətimi və təxliyyə olunmağımı istəyirəm”.

R. Aracını gizlətməkdə adı keçən şəxslərdən biri – dostu Erol G. isə sərbəst buraxılıb. O, dostunun hadisədən sonra ona zəng edərək Sahibəni öldürdüyünü deyib.

Məhkəmə təxirə salınıb.

Xatırladaq ki, R. Aracı S. Yükseliri öldürdükdən 25 gün sonra avtomobildə saxta sənədlə ölkə sərhədini keçərkən saxlanılıb. Araşdırma zamanı vəkil S. Eyyubinin ona qaçmaqda kömək etdiyi məlum olub. O, R.Aracının mobil telefonunu qırıb ataraq sim kartını dəyişdirib. Bir gecə Konyada saxladıqdan sonra Eskişehirə getməsinə yardım edib. Bir müddət orada qalan R.Aracı Antalyaya gəlib və orada bir suriyalının adına alınmış telefon nömrəsindən istifadə etməklə vəkillə əlaqə saxlayıb. Qurban bayramı ərəfəsində Suriyadan gələn qaçqınlara qoşulub ölkədən çıxmaq istəyirmiş.

50 yaşlı Sahibə Yükselir 4 uşaq anası olub və bir neçə il əvvəl Türkiyə vətəndaşı olan həyat yoldaşından boşanıb. R. Aracı da evli və 3 uşaq atası olub.