Kəmaləddin Heydərov niyə istefaya göndərilməlidir?

27/03/2019 - 23:35 8 131 0   0  

“Diqlas” Ticarət Mərkəzində baş verən yanğın gündəmin əsas müzakirə mövzusudur. Sosial mediadakı müzakirələrdə yanğın nəticəsində böyük maddi zərərə məruz qalmış insanlarla həmrəylik notları daha qabarıq müşahidə olunur. 

Bu məqam isə şair xalq olmağımız haqqında deyimin əsassız olmadığını göstərir. Çünki, baş verən qəzadan nəticə çıxarmaq, gələcəkdə baş verə biləcək oxşar fəlakətlərin qarşısının alınması haqqında düşünmək əvəzinə zərərçəkənlərə ürək-dirək verməyə üstünlük veririk. 

Halbuki, belə hadisə bizi sirkələməli, cəmiyyətdə məsuliyyət hissi yaratmalıdır. Baş verənlərin təkrar olmaması üçün zərərçəkənlərlə həmrəylik nümayiş etdirmək əvəzinə belə faciələrin olmaması üçün məsul olan şxslərin məsuliyyətə cəlb olunmasını tələb etmək daha doğru olardı. “Diqlas”da baş verən yanğına görə isə məsuliyyət daşıyan əsas şəxs fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur. Məsələ yalnız yanğının zamanında söndürülməməsində deyil. Kəmaləddin Heydərov ona görə məsuliyyət daşıyır ki, onun rəhbərlik etdiyi Fövqəladə Hallar Nazirliyininin tabeliyində respublika ərazisində baş vermiş yanğınların söndürülməsini və bununla bağlı təxirəsalınmaz xilasetmə işlərini (insanların, əmlakın və s.) həyata keçirən Dövlət Yanğından Mühafizə Xidmətindən əlavə ölkə ərazisində binaların və qurğuların layihələndirilməsi, tikintisi, yenidən qurulması, təmiri, istismarı dövründə yanğın təhlükəsizliyi sahəsində norma, standartların və qaydaların tələblərinin pozulmasının qarşısının alınmasına yönəldilən, yanğın təhlükəsizliyi sahəsində məcburi qaydada sertifikatlaşdırılan məhsulların və xidmətlərin sertifikatlaşdırılmasını aparan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin əmlakının yanğından icbari sığortasının həyata keçirilməsinə dövlət yanğın nəzarətini həyata keçirən Dövlət Yanğın Nəzarəti Xidməti mövcuddur. 

Əgər Dövlət Yanğın Nəzarəti Xidmətinin işi effektli qurulsaydı “Diqlas”da baş verən yanğın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun sözləri ilə desək “ciddi yanğın” olmazdı. Digər tərəfdən FHN-nin Dövlət Yanğın Nəzarəti Xidməti sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin əmlakının yanğından icbari sığortasının həyata keçirilməsini təmin etsəydi, zərərçəkmişlər icra hakimiyyəti orqanlarına üz tutmaq əvəzinə sığorta şirkətinə müraciət edərdilər. Belə olsaydı o zaman zərərçəkmişlər də etiraz aksiyası keçirməz, sığorta şirkətindən aldıqları pulla işlərini qaldıqları yerdən davam etdirərdilər. 

Ancaq Kəmaləddin Heydərovun rəhbərlik etdiyi Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan Dövlət Yanğın Nəzarəti Xidməti öz işini effektli qura bilmədiyi üçün “Diqlas”ın tikintisi və istismarı dövründə yanğın təhlükəsizliyi sahəsində normaların tətbiq olunması təmin olunmayıb, bunun nəticəsində də yanğını vaxtında söndürmək də mümkün olmayıb. 

Onu da əlavə edim ki, Fövqəladə Hallar Nazirliyi yaranan gündən bu günə kimi bu nazirliyə Kəmaləddin Heydərov rəhbərlik edir və FHN-nin, onun tərkibinə daxil qurumların faəliyyətinə də tam cavabdeh şəxs odur. Yəni, bu məsuliyyəti üzərinə atacaq “əvvəlki nazir” faktoru burada yoxdur. 

Azərbaycan cəmiyyəti bu qeyd olunanlarla bağlı dərindən düşünməli və fövqəladə hallar naziri Kəmaləddin Heydərovun istefaya göndərilməsinin vacibliyi ətrafında müzakirələr aparmalı, bu fikiri cəmiyyətin tələbinə çevirməlidir. 

Əgər Kəmaləddin Heydərov “Diqlas”dakı yanğına görə cəmiyyətin tələbi ilə istefaya göndərilsə, digər məmurların öz fəaliyyətlərində daha məsuliyyətli davranmağa çalışacaqlar. Əks halda məmur məsuliyyətsizliyi daha da artacaq.

Xaqani Cəfərov