Məktəb direktoru Türkiyədəki təlimlərin önəmindən danışdı

26/03/2019 - 00:23 8 617 0   0  

AzEdu.az-la Bakı  Şəhəri üzrə Təhsil İdarəsinin ortaq layihəsi- məktəb direktorları ilə silsilə müsahibələr davam edir. Budəfəki həmsöhbət isə 238 nömrəli tam orta məktəbin direktoru İlqar Talıbovdur.

Türkiyədəki təlimlərdə davamlı iştirak edən, qardaş ölkənin məktəb idarəertməsini dərindən öyrənən direktor müsahibəsi zamanı təhsil idarəçiliyi ilə bağlı xeyli maraqlı faktlara toxunub.

İlqar müəllim 2004-cü ildən Türkiyə təhsil sistemini öyrənir. 4 il hər yay məzuniyyəti bir kənara qoyur, 1 ay Bilkənd Universitetində məktəb rəhbərliyi və təftişlə bağlı keçirilən təlimlərdə iştirak edir. Dediyinə görə, bu təlimlər onun məktəbə yanaşmasını dəyişib. İki qardaş ölkənin orta təhsil sistemi arasındakı fərqləri isə belə izah edir:

“Müxtəlif beynəlxalq təlimlərin iştirakçısı olmuşam. Amma həyata baxış tərzimi dəyişən məhz Türkiyədəki təlim olub.

Bilkənd Universitetinin yaradıcısı İhsan Doğramacıdır. O, ixtisasca pediatrdır. Əslən İraqdan olan bu rektor hər il vətənindən 100 tələbə və müəllimi Bilkənd Universitetinə dəvət edirdi. O, bunu öz hesabına həyata keçirirdi. Hansısa əcnəbini 1 ay universitetdə saxlamağın xərclərini isə özünüz düşünün. Bunu edən təbii ki, xalqına, gələcəyini hörmət qoyan biridir. Bu, təhsilə xüsusi yanaşmadır.

İhsan bəyi çox qısqandım. Onu görəndən sonra ölkəmizdəki imkanlı adamlara tənqidi, irad bildirəcək yöndə yanaşmağa başladım.

Təsəvvür edin, əcnəbilər gəlib Bilkəndin təhsil mühiti ilə tanış olurdular. Onlar görürdülər ki, burada müəllimlə yetirməsi arasında heç bir fərq yoxdur. O, uşağa necə dəyər verir, dərsin keyfiyyətli olması üçün nə qədər əziyyət çəkir...

Təlim zamanı Ankara və İstanbulun başqa məktəblərində də olmuşam. Oradakı mühitin də şahidiyəm; adi texnologiya kabinetinə daxil olanda sanki muzeyə girirsən. Mən hələ 2005-cu ildən danışıram. Son illər bunları öz ölkəmizdə də görməyə başlamışıq.

O vaxtlar Türkiyədə gördüyüm məktəbləri elə qısqanırdım ki... Ayrı-ayrı fiziki şəxslər məktəblər tikir, təqaüdlər ayırır, təhsil müəssisəsinin ehtiyaclarını qarşılayırdılar. Direktora  “al bunu xərclə” demirdilər. Özləri gəlib məktəbə baxır, hansıa otağın təmirə ehtiyacı varsa, onu təşkil edirdilər.

Türkiyə məktəblərində şagirdə məktəb dəhlizinin rəngini seçmək azadlığı verirlər.  Uşağa hansı rəng xoşdursa, dəhliz də o rəngdə olur. Hazırda biz də buna doğru gedirik. Bu ənənələri isə ölkəmizə həmin təhsili görən adamlar gətiriblər. Onlar bilirlər ki, inkişafın yeganə yolu təhsildir. Təhsilə sərmayə qoyulmayan yerdə inkişafdan danışmaq olmaz”.