Novella Cəfəroğlu ombudsman postuna gətirilir? – siyasilərdən münasibət .

20/03/2019 - 20:16 13 636 0   0  

Novella Cəfəroğlu ombudsman gətirilə bilər. 

Hakimiyyətə xüsusi yaxınlığı ilə seçilən məlumatlı mənbə prezident İlham Əliyevin son aylar apardığı islahatları və barışdırıcılıq siyasətinin davamı kimi belə bir addım atıla biləcəyini istisna etməyib. Mənbə ombudsman Elmira Süleymanovanın qəti olaraq, yola salınmasına qərar verildiyini bildirərək, ombudsman olmağa əsas üç iddiaçı olduğunu diqqətə çatdırıb. Mənbənin sözlərinə görə, bunlar Milli Məclisin vitse-spiketi Bahar Muradova, Avropa İnsan Hüquqları Məhkəməsinin keçmiş hakimi, Konstitusiya Məhkəməsinin keçmiş sədri hakim Xanlar Hacıyev və 30 ildən artıqdır ki, insan haqlarının müdafiəçisi kimi könüllü fəaliyyət göstərən hüquq müdafiəçisi, Müsavat Partiyasının üzvü Novella Cəfəroğludur. Hazırda hər üç namizəd arasında seçim getdiyi və bayramdan sonra yekun qərar veriləcəyi bildirilir.

Bəs, ehtimal olunan yeni ombudsman təyinatı ilə bağlı siyasilər nə düşünür? Belə bir sualla siyasilərin də mövqeyini öyrənməyə çalışdıq.

Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu “Mən, hesab edirəm ki, ombudsman postuna təyin olunacaq şəxs heç bir siyasi kimliyin sahibi olmamalıdır. Bu posta ən layiqli şəxs kimi mən Novella Cəfəroğlunu hesab edirəm. Baxmayaraq ki, Novella xanım Müsavat Partiyasının üzvüdür amma bütün siyasi qüvvələrlə bərabər əlaqə və münasibətlərə malikdir. Siyasi baxışları müxtəlif olan hər bir şəxsə dəstək olur. Hesab edirəm ki, indiyənədək ombudsman vəzifəsini qeyri-rəsmi həyata keçirib. Bir sıra beynəlxalq təşkilatların ali mükafatlarına layiq görülən, dünyada tanınan məşhur hüquq müdafiəçisidir. Hakimiyyət Novella Cəfəroğlunu ombudsman aparatının işləməsi üçün bu vəzifəyə təyin etməlidir. Ölkə rəhbərliyinə və şəxsən prezidentə də təklif edirəm ki, bu vəzifəyə Novella Cəfəroğlunu təklif edib, Milli Məclisə dəqdim etsin.” – deyə qeyd edib

.

Ağasif Şakiroğlu

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev AnTV.az-a açıqlamasında “Azərbaycanda ombudsman postu olmasına baxmayaraq, o funksiyanı yerinə yetirən yoxdur. Əgər, yeni təyin olunan şəxs də əvvəlki kimi fəaliyyət göstərəcəksə, orada kimin olub-olmayacağının heç bir əhəmiyyəti yoxdur.” – deyə qeyd etdi.

   Elşad  Musayev

Ağ Partiya başqanı Tural Abbaslı isə “ Ombudsman postuna xanım gətirilməsi daha yaxşı olar, xanımlar daha hümanistdirlər. Mən, bu posta Novella Cəfəroğlunun gətirilməsini istəyərdim. Çünki, Novella xanıma həm müxalifət, həm də iqtidarda güvən həddindən artıq çoxdur. İllərdir insan haqlarının qorunması üçün əlindən gələni edir. Digər tərəfdən də Novella xanım beynəlxalq arenada tanınan və güvənilən bir hüquq müdafiəçisidir.” – deyə AnTV.az-a açıqlamasında bildirdi.

Tural Abbaslı

 

Son olaraq, onu da əlavə edək ki, hakimiyyət buna qədər bir dəfə də Müsavat fəallarından birinə yüksək vəzifə verib və təyinat da Müsavat Partiyası tərəfindən sakit qarşılanıb. Belə ki, 28 avqust 2018-ci il tarixində birinci vitse-prezident Mehriban Əliyeva Müsavat Partiyasının Səbail rayon təşkilatının üzvü olan Xalid Nurəddin oğlu Əhədovu özünə köməkçi təyin edib.

Qeyd edək ki, Novella Cəfəroğlu bir sıra demokratik dünya dövlətləri tərəfindən sevilən və ən yüksək mükafatlara, orden və medallara layiq görünmüş Azərbaycanın yegənə hüquq müdafiəçilərindəndir.

 

Fərid İmran