Krım və Qarabağ reallıqları - Bakı üçün yeni şans

19/03/2019 - 09:39 5 068 0   0  

Avropa Birliyindən işğalçı siyasətlə bağlı sərt mövqe gəldi; Rusiyanın işğal ortağı, Krımı Rusiya ərazisi sayan Ermənistan da bu “lütfə” layiq görülə bilər, çünki...
Bu gün - martın 19-da Ukraynanın Krım vilayəti və Sevastopol şəhərinin rəsmən Rusiyaya birləşdirilməsinin 5 ili tamamlanır (İşğaldan sonra “referendum” martın 16-da keçirilib, prezident Putin isə martın 19-da birləşmə haqda sərəncam imzalayıb). Martın 18-də Avropa Birliyi (AB) Krımın anneksiyanın qəbuledilməzliyi barədə prinsipial mövqeyini bir daha bəyan edib.
Suveren.az “Yeni Müsavat”-a istinadən xəbər verir ki, qurumun xarici siyasət məsələləri üzrə ali komissarı Federika Moqerinin adından yayılan bəyanatda AB-nin Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sadiqliyi növbəti dəfə əksini tapıb.
“Krımın ilhaqı beynəlxalq təhlükəsizliyə birbaşa təhdiddir və özündə dünya düzəni üçün ciddi təhlükələr daşıyır”, - deyə yazılı bəyanatda deyilir. Sənəddə həmçinin əksər ölkələrin bu ilhaqı tanımadığı, ilhaqdan sonra yarımadada insan haqlarının vəziyyətinin pisləşdiyi, o sırada beynəlxalq humanitar hüquqa zidd olaraq, Krım sakinlərinin Rusiya silahlı qüvvələrində hərbi xidmət keçməyə məcbur edildiyi də vurğulanır.
Eyni mövqeni təbii ki, ABŞ da bölüşür. Artıq 5 ildir AB və ABŞ qanunsuz işğala etiraz olaraq, Rusiyaya qarşı maliyyə-iqtisadi və texnoloji sanksiyalar tətbiq edir. Sanksiyalar ilbəil daha da sərtləşir.

*****

Belə görünür, 2008-ci ildə Abxaziya və Cənubi Osetiyanı rahatlıqla işğal edib onların “müstəqilliyini” tanıyan, ardınca separatçı bölgələri özünün marionetinə çevirmək və orada böyük hərbi qüvvə saxlamaq üçün “qanuni əsas” yaradan Rusiya Krımla bağlı belə kəskin reaksiya gözləmirmiş. Odur ki, Rusiyanın bu ilhaqla nə qazandığı mühüm suallardan biridir.
Bu xüsusda “Atlas” araşdırmalar mərkəzinin şərhi diqqət çəkir: “Kreml Krımı işğal etməklə bütün ”qırmızı cizgi"ləri aşdı. Rusiyanın Krımı işğal etməkdə əsas arqumenti bu idi ki, Krım həmişə Rusiyanın tərkibində olub. Sanki tarixdə Krım xanlığı olmayıb və ya yarımada tatarların tarixi vətəni deyil. Bu baxımdan Rusiyanın yaxın müttəfiqi Belarus prezidenti Aleksandr Lukaşenkonun reaksiyası maraqlı idi: “Əgər Moskvanın Krımı Rusiyaya qatması məntiqini qəbul etsək, onda gərək Rusiyanın yarısı monqol-tatarlara məxsus olsun”. Lukaşenko bunu həm də ona görə söyləyirdi ki, bir gün Moskvanın Belarus torpaqlarına da gözü düşə bilər.

Картинки по запросу Krımın işğalı

V.Putin Krımın ilhaqına belə haqq qazandırır: “Tarixi ədalət bərqərar olunub”. Ancaq Putinin bu qərarı beynəlxalq aləmə, bölgəyə və elə Rusiyanın özünə aşağıdakı çətinliklər gətirib: birincisi, 2014-cü ilə qədər qardaş adlandırılan Rusiya-Ukrayna münasibətləri gərginləşib və bundan sonra Ukraynada prezident dəyişsə belə, Krımın işğalına görə Kiyevin Moskva ilə əvvəlki isti münasibətlərini bərpa edəcəyi problematikdir.
İkincisi, Qərbin Rusiyaya qarşı sanksiyaları Krımın işğalı davam etdikcə ortadan qaldırılmayacaq. Aydındır ki, Moskva heç bir halda Krımı geri qaytarmayacaq. Demək, sanksiyalar da davam edəcək. Sanksiyaların davamı isə Rusiyanı Qərblə normal münasibətlərdən məhrum edib və Rusiya iqtisadiyyatına mənfi təsir edir.

Картинки по запросу Krımın işğalı

Üçüncüsü, Krımın ilhaqı olmasaydı, bu gün beynəlxalq terrorizmə qarşı mübarizədə vahid mərkəz formalaşa bilərdi, ABŞ Rusiya ilə indiki qədər münaqişə içərisində olmayacaqdı, iki dövlət “soyuq müharibə” illərində olduğu kimi bir-birini uzaq mənzilli raketlərdə hədələməzdi. Krımın işğalı onu da sübut etdi ki, Rusiyanın siyasətində separatizmə dəstək davam edəcək".

*****

Buna biz az öncə (5-6 mart) Moskvada Kremlin rüsxəti ilə yaradıldığı şübhə doğurmayan “Lazerev klubu”nun iclasına Qarabağdakı separatçı rejimin “iqtisadiyyat naziri” Levan Qriqoryanın iştirak etməsi ilə bir daha əyani şahidlik elədik.  
Ola bilsin, bir səbəb də odur ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyü məsələsində prinsipialdır, Krımı Ukraynanın ərazisi sayır və BMT səsvermələrində dünya ölkələri ilə, Qərblə eyni mövqe sərgiləyir. Kremlin Krımı dünyaya Rusiyanın ərazisi kimi tanıtdırmaq siyasəti isə 5 ildə iflasa uğrayıb. O da var ki, Krımı Rusiya ərazisi kimi göstərən xəritələr və ya Krım istehsalı olan mallar zaman-zaman Azərbaycanda da peyda olur. Ancaq Azərbaycanın müvafiq orqanları bu təxribatların qarşısını alır.
Bəs Krımın işğalı konkret olaraq Azərbaycana Dağlıq Qarabağ ixtilafının həll perspektivi baxımından nə verdi?
Əvvəla, dünya birliyi, onun aparıcı gücü olan Qərb sanki ayıldı və sərhədlərin zorla dəyişdirilməsinin və yenidən müəyyənləşməsini qlobal sülh üçün hansı böyük fəsadlar törədəcəyini fərq elədi. O səbəbə dövlətlərin ərazi bütövlüyü məsələsi, Helsinki Yekin Aktının (1973) əsas müddəası olan ərazi bütövlüyü prinsipi bütün ciddiliyə ilə gündəmə gəldi.

Картинки по запросу dağlıq qarabağ

Diqqətçəkəndir ki, məhz Krımın işğalından sonra Avropa Parlamentinin qəbul elədiyi qətnamələrdə və digər sənədlərdə, NATO sammitlərində (Brüssel və s.) qəbul olunan yekun bəyannamələrdə Azərbaycanın da daxil olduğu “Şərq Tərəfdaşlığı” ölkələrinin ərazi bütövlüyünə hörmət birmənalı şəkildə əksini tapıb. Keçən həftə isə ABŞ Dövlət Departamentinin dünyada insan haqlarının 2018-ci ildəki vəziyyətinə dair yaydığı hesabatda Ermənistanı işğalçı adlandıran bənd yer alıb. Orada deyilir: “Separatçılar Ermənistanın dəstəyi ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əksər hissəsini və ona bitişik 7 rayonu nəzarətdə saxlamaqda davam edirlər”.    
İkincisi, işğalçı Ermənistan Krımdakı saxta referendumu tanımaqla Rusiyanın ilhaqını da tanıyıb və Rusiyanın yanında yer alıb. Bununla da özünü beynəlxalq hüquqa, dünya birliyi və beynəlxalq rəyə və iradəyə qarşı qoyub.
Yeri gəlmişkən, BMT-də Krımla bağlı hətta humanitar xarakterli sənədlərin səsverməsi zamanı Ermənistan Azərbaycandan fərqli olaraq, həmişə Rusiyanın mövqeyini müdafiə edib və Qərbə qarşı çıxıb.  Ukraynanın ərazi bütövlüyü əleyhinə səs verib. Bu da faktiki, Rusiya ilə işğal ortağı olan Ermənistan haqda neqativ rəyi möhkəmlədib.
Ötən həftə isə İrəvanda Krımı Rusiyanın tərkib hissəsi olaraq təsdiqləyən “Krım həftəsi” keçirilib. Beləcə, Qarabağı işğal altında saxlayan Ermənistan Rusiya kimi dünya düzəninə, beynəlxalq hüquqa meydan oxumaqda davam edir. Görəsən, Qərb bu reallığa da, nəhayət, sərt təpki verəcəkmi?..