Azərbaycana qarşı çirkli oyunlar - İrəvan və Tehran koalisiyasının Quzey Qafqaz üzərindən “antiazərbaycan” strateji hədəfləri

14/03/2019 - 11:20 2 671 0   0  

Quzey Qafqazın Dağıstan, Çeçenistan, İnquşetiya, Kabarda-Balkar, Qaraçay-Çərkəz, Şimali Osetiya, Adıgey respublikaları, Krasnodar, Stavropol və Rostov vilayətlərində son 30 ildə dini baxımdan vətəndaşların inanc məsələsinə dövlət səviyyəsində qayğının göstərilməsi müstəsna əhəmiyyət daşıyır. Bununla yanaşı, xalqların miqrasiya prosesi nəticəsində bir sıra problemlər də yaşanılır. Xüsusilə müsəlmanların məscidlərdə xütbənin hansı dildə oxuması çox zaman mübahisələrə səbəb olur. Belə bir durum bəzən sadəcə dini baxımdan deyil, həm də xalqlararası ədavətə də yol açır.

Rusiya Müsəlmanları Dini İdarəsi, Rusiya Müftilər Şurası, Şimali Qafqaz Müsəlmanları Koordinasiya Şurası və digər rəsmi strukturlar yaranmış və ya gözlənilən problemlərin həlli yolunu icmalar üzərində formalaşdırıblar. Bu, həm də demokratizm və tolerantlıq baxımından ən uğurlu addım sayılır.

Məzhəblər və təriqətlərə deyil, imana pənah gətirilməlidir

Quzey Osetiya əhalisinin 30-40 faizi müsəlmandır. 50-yə yaxın məscid var. 4 min 121 kv. km. ərazisi olan bu balaca respublikanın 700 min nəfərdən bir qədər artıq əhalisi vardır. Müsəlman əhalisinin tərkibi isə belədir: Kumıklar 12 min 659, Ahısqa Türkləri 2 min 835, tatarlar 2 min 108, azərbaycanlılar 2 min 429, çeçenlər 3 min 383, inquşlar 24 min 442 nəfərdirlər. 2019-cu il yanvar ayının statistik göstəricilərinə görə osetinlər də daxil olmaqla ümumi əhalinin 200 min nəfəri islam dininə etiqad edir. Faktiki olaraq bu gün ənənəvi şəkildə Şimali Osetiyada yaşayan müsəlman əhalisi daha çox icmalar əsasında formalaşıblar. Hər bir xalqın konkret şəkildə yaşadığı məkan var və yerli əhali məscid məsələsində heç bir problemlə üzləşmirlər. İndiki şəraitdə Şimali Osetiyada toplam 50 məscid fəaliyyət göstərir. Ayrıca “Quzey Osetiya Müsəlmanları Dini Şurası” adlı qurum mövcuddur. 1990-cı illərin sonlarından başlayaraq, Quzey Qafqazın hər yerində olduğu kimi, Quzey Osetiyada da gözlənilmədən müsəlman əhalisi arasında yeni dini cərəyanlar peyda oldu. Halbuki, ənənəvi şəkildə bölgə əhalisi əsasən qadiri, nəqşibəndi, zikr, sufilər və vird qardaşları inanclıları arasında heç bir zaman qarşıdurma olmamışdı. Nurçuluq, vəhabilik, cəfərilik və digər cərəyanlar bölgədə peyda olduqdan sonra, müsəlman icmaları arasında kəskin şəkildə anlaşılmazlıqlar da meydana gəldi. Rusiya dövləti üçün din pərdəsi adı altında ölkəni təhdid edən, xalqlararası münasibətlər məsələsində problemlərə səbəb olan, radikalizmin və terrorizmin yayılması ideyalarının qarşısını almaq çox baha başa gəldi. Bunun üçün azından 15 il çox gərgin keçən zaman tələb olundu. Xüsusilə sələfizmin radikal ideyalarının qarşısının alınması Quzey Qafqazı sabit bölgəyə çevrilməsinə səbəb oldu.

Harada “Tehran rejimi” varsa, orada problem də var

Sovetlər Birliyi dağıldıqdan sonra, İran postsovet məkanında mövqeyini gücləndirmək üçün ikili taktika ilə hərəkət etməyə başladı. Bu, “irandilli” və ya “farsdilli” xalqlar, bir də “müsəlman” faktoru əsasında uzaq hədəflərə hesablanmış strategiyadan ibarət idi. Quzey Osetiyaya nüfuz etmək üçün təbii olaraq, osetinlərin “irandilli xalq” statusundan faydalanmağı tərcih etdi. Beləliklə də “İriston”, “Diqor” və “İroni” taktikasının üstünlükləri üzərində köklənmiş mədəni qatları Tehranda uzaq hədəflərə hesablanmış maraqlarla uzlaşdırılmasına çalışıldı. Çünki, osetinlər etnos kimi XVIII əsrdən etibarən formalaşma prosesinə qədəm qoyublar. Buna görə də, etnik kimlik məsələsində bölgənin hansı adı daşıması üzərində elə bu gün də mübahisələr davam edir. “İriston”, “Diqor” və “İroni” adı ilə tanınmanın tərəfdarlarının hər birinin iddiası mövcuddur. Tarixi zərurətdən doğan etnomədəni və etnosiyasi konsepsiyanın şərtlərini isə dünya dəyişmək istəmir. Beləcə bölgə Şimali Osetiya olaraq tanınmaqdadır. 2018-ci ilin fevral ayında Quzey Osetiyanın paytaxtı Vladiqafqazda “İran-İriston” Dostluq Cəmiyyəti təsis olundu. Törənə İranın Moskvadakı səfirliyinin mədəniyyət üzrə attaşesi Rza Maliki də qatılmışdı. Beləliklə Rusiyanın Moskva, Sankt-Peterburq, Kazan, Həştərxan, Maxaçqala şəhərlərindən sonra Vladiqafqazda da “İran Mədəniyyət Mərkəzi” rəsmi status qazandı. Bu qurum Quzey Osetiyada İranla bağlı ikinci təşkilat sayılır. Daha öncələr “Şimali Osetiya İran Diasporu” fəaliyyət göstərirdi və rəhbəri Rəşid Rzazadədir. Vladiqafqazdakı Kosta Xetaqurov adına Dövlət Universitetində fars dili fakültəsi fəaliyyət göstərir. Buna görə də Tehran universiteti ilə əməkdaşlıq müqaviləsi imzalanıb. 1930-cu İosif Stalin tərəfindən irəli sürülən “Hind-Avropa nəzəriyyəsi”nin Quzey Qafqaza tətbiq edilməsi ənənəsini bu gün İran molla rejimi davam etdirməyə çalışır. Ona görə də bir yandan “irandilli xalqlar”, digər yandan isə “şiə icmaları” taktikası ilə Quzey Qafqazda hərəkət edir.

Vladiqafqazda nə baş verir?

Quzey Osetiyanın paytaxtında iki məscidi nəzarətə almaq üçün müsəlman əhalisi arasında qarşıdurmalar hətta rəsmi Moskvanı belə, narahat edir. Çünki, əvvəllər bütün Şimali Qafqazda tüğyan edən sələfi-nurçu cərəyanlarının terrorizminin qarşısını almaq olduqca baha başa gəlmişdi. İndi də gündəmə gələn barışmaz digər cərəyanlar təbii olaraq yeni problemlərə səbəb ola biləcək faktorlardan biridir. Vladiqafqazda ilk məscid 1867-ci ildə tatar, noqay və qaraqalpaqların təşəbbüsü ilə inşa olunub. İkinci məscid isə 1900-cü ildə tikilibdir. Bu dönəmdə Quzey Osetiya müsəlmanları “Terk (Türk) Müsəlman İcması” statusu ilə fəaliyyət göstərirdi. Tatarəsilli mühəndis-memar Sadiq Radimqulovun təşəbbüsü ilə İstanbduldakı “Aya Sofiya Məscid”inin bənzəri olan layihə irəli sürüldü. Bu məscidin layihəsi həm də bütün Quzey Qafqazda memarlıq incisi idi. Külli miqdarda pul tələb edən bu təşəbbüsə azərbaycanlı kapitalist Murtuza Muxtarov qoşuldu. Beləcə məscid məşhur milyonerin osetin mənşəli xanımı Liza Tuqanovadan dünyaya gələn qızı Fatma Tuqanovanın şərəfinə adlandırıldı. Bunun əsas səbəbi dominantlıq təşkil edən yerli tatar icmasının mövqeyi idi. Beləliklə məscid sünnü və şiə təriəqtlərinin ortaq ibadət məkanına çevrildi. Bu barədə 1908-ci il 14 oktyabr tarixində “Kaspi” qəzetində geniş bir məqalə də dərc olundu: “Orucluq Bayramı münasibətilə Vladiqafqazın mərkəzində, Terek çayının sağ sahilində türk-islam mədəniyyətinin sintezi olan məscidin açılışında şiələri təmsil edən axund və sünnülərin nümayəndəsi imam birlikdə bayram namazı qıldılar”. Bu səpkili informasiya Rostovda dərc olunan “Terskie vedomosti” qəzetində də getmişdir. Bakıda isə həmin məscid “Murtuza Muxtarov adına Cümə Məscidi” olaraq tanındı. 1934-cü ildə “Allahsızlar cəmiyyəti” yaranan zaman Vladiqafqaz şəhər icraiyyə komitəsinin qərarı ilə Şimali Qafqazın bu nadir memarlıq incisi dağıdılmalı idi. 84 saylı kavaler alayının 25 saylı hərbi birləşməsinin komandiri, milliyyətcə tatar olan Y. İ. Betkenovun təşəbbüsü ilə məscid tarix-memarlıq abidəsi statusunu aldı. Sonradan məscid “Nadejda Krupskaya adına Uşaq Baxçası”na çevrildi. Bu gün Kotsoeva küçəsi, bina 62 ünvanı ilə tanınan məscidlə bağlı yeni problemlər üzə çıxıb.

110 illik tarixi olan məsciddəki problemlər

Quzey Osetiyada Borçalı (Gürcüstan), Azərbaycan və Dərbənddən (Dağıstan) gələn soydaşlarımız “Murtuza Nağıyev adına Cümə Məscidi”ndə dini ayinləri icra etməklə yanaşı, burada xüsusi status əldə etməyə çalışırlar. Vladiqafqaz, Mozdok, Alagir, Beslan, Ardon, Sunja, Elxotovo rayonlarında yaşayan soydaşlarımıza məxsus dini icmalar bu məscidlə bağlı problemlərin yaranmasının əsil səbəbi isə, İranın bölgədə “Mədəniyyət Mərkəzi” açmasından sonra gündəmə gəlibdir. Bu mərkəzin təhriki ilə bizim soydaşlarımız ümumiyyətlə məscidi inhisara almağa çalışırlar. Halbuki, Vladiqafqazda yaşayan və hər gün minlərcə insanın Quzey Qafqazın digər bölgələrindən buraya alış-veriş üçün gəlmələri səbəbindən sünnü çoxluğu da nəzərə almaq lazımdır. “Quzey Qafqaz Müsəlmanları Müftilər Şurası” bu məqsədlə 26 yanvar 2019-cu il tarixdə “Qafqaz Müsəlmanları Ruhani İdarəsi”nin sədri şeyxülislam Allahşükür Paşazadəni Vladiqafqaza dəvət edibdir. “Quzey Qafqaz Müsəlmanları Müftilər Şurası” və “Qafqaz Müsəlmanları Ruhani İdarəsi” birlikdə bütün dini icmaların rəhbərlərinin iştirakı ilə konfrans keçirərək
Musa Nağıyevin vaxtilə atdığı addımları davam etdirməyə səsləndiriblər.

1868-ci il və bu gün İranın hoqqası

XIX əsrin ikinci yarısında kapitalizmin inkişafı ilə əlaqədar Qafqazda bir sıra sənaye və inzibati mərkəzlər yaranmağa başladı. Vladiqafqaz şəhəri beləcə sürətlə inkişaf edirdi. Güney Qafqazdan və eləcə də İrandan əsasən azərbaycanlı mütəxəssislərin, işçilərin, tacirlərin axını təbii xarakter daşıyırdı. Qısa zaman içində Vladiqafqazdakı azərbaycanlı icma müasir tipli imarətlər, mağazalar, istehsal vasitələri ilə yanaşı, müsəlman icması olaraq məscid tikdilər. Gəncə, Tiflis, İrəvan, Təbriz, Bakı, Naxçıvan, Ordubad və digər bölgələrdən gələnlər üçün burada münbit şərait var idi. Məşhur din xadimi Hacı İsmayıl Həsənoğlu isə bu məscidin uzun illər mollası vəzifəsində çalışıb. 1963 və 1992-ci illərdə Vladiqafqazda yaşayan soydaşlarımız tərəfindən yaradılmış “Azəri” Cəmiyyəti mərhum prezident Əsgərbəy Qalazova müraciət edərək həmin məscidə sahib çıxmaq istəmişlər. Məscidin soydaşlarımızın istifadəsinə verilməsi proseduru bir neçə il sürmüş və heç bir nəticə verməmişdir. Tamamilə xarabalığa çevrilmiş məscidi bərpa etmək üçün vəsaiti toplamaq mümkün olmadı. Quzey Osetiya Müsəlmanları Ruhani İdarəsi 2000-ci illərdə Rusiya prezidentinə müraciət edərək məscidin statusu və bərpasına nail olmağa çalışdı. Məqsəd burada “İslam Mədəniyyəti Mərkəzi”ni yaratmaq idi. Bu gün Quzey Osetiyada fəaliyyət göstərən “İran-İriston Cəmiyyəti”, “Quzey Osetiya Şiə Müsəlmanları Cəmiyyəti” (sədri Ruslan Kusov), “Azəri” Cəmiyyəti və digər icmalar bir araya gələrək bölgədə şiə icmaları statusunu gücləndirməyə çalışırlar. Xüsusilə İranın Qum, Tehran, Rey, İsfəhan, Şiraz, Yəzd və digər şəhərlərində dini təhsil almış, əslən Borçalıdan və Azərbaycandan olan dindarların Vladiqafqazda çəkisini artırması son illərdə daha çox müşahidə olunur. Aparılan müşahidələrə görə İran molla rejiminin əsas məqsədi Dağıstan, Şimali Osetiya və Şimali Qafqazın digər regionlarını təriqət və məzhəb adı altında nəzarətə almaqdır. Tehrandakı “Qafqaz Araşdırmalar Mərkəzi” bu strategiyanı düzənləmək üçün 150-dən çox alimi bu prosesə cəlb edibdir. Mərkəzin “qafqaz.ir” internet resursunda mütəmadi olaraq bu barədə strateji təhlillər də yayınlanır. Faktiki olaraq, 2015-ci ildən bu yana Quzey Osetiyada sünnü və şiə təriqətlərinə məxsus icmalar arasında yaşanılan soyuq savaşın İran tərəfindən körükləndiyini bu gün çoxları başa düşməkdədir. Halbuki belə bir durumun yaranması burada yaşayan osetin, avar, çeçen, inquş, kabarda, ləzgi, adıgey, tacik, kürd və digər müsəlman xalqlarının azərbaycanlılara nifrətinə səbəb olurdu. Təbii olaraq bütün bunlardan ən çox yararlanan tərəf isə, bölgədə yaşayan 27 minlik erməni cəmiyyəti idi. Ermənilərin “Erebuni”, “Nairi”, “Berd”, “Vardanank” və “Ararat” cəmiyyətləri bu istiqamətdə xristian osetinləri provakasiyalara cəlb edərək məqsədlərinə nail ola bilirlər. 2015-ci ildə qondarma “erməni soyqırımı”nın 100 illiyi münasibətilə demək olar ki, Quzey Osetiyanın əksər kilsələrində mərasimlər keçirildi. Quzey Osetiyadakı bu acı mənzərədə İran və Ermənistanın “anti Azərbaycan” koalisiyasının hədəfləri üzə çıxır.

Ə. Yusifoğlu, Hurriyyet.org