"Azərbaycanda inflyasiya nəzarət altındadır" - Dünya Bankının regional direktoru

11/03/2019 - 15:54 2 749 0   0  

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembon “Report”a müsahibə verib: 

- Mersi xanım, öncə hazırda Azərbaycan iqtisadiyyatında baş verən prosesləri qiymətləndirməyinizi, 2019-2020-ci illər üçün gözləntilərinizin nədən ibarət olduğunu açıqlamağınızı xahiş edirəm.
- Hazıki dövrdə Azərbaycan iqtisadiyyatında pozitiv trendlər qeydə alındığını görürük. Ötən 1-2 ildə iqtisadiyyat özünü 2016-2017-ci illərin neft qiymətlərinin ucuzlaşması və qlobal iqtisadiyyatlardakı proseslərin təsiri nəticəsində baş verən şoklardan bərpa etməyə başlayıb. Həmçinin qonşu ölkələrdə baş verən proseslərin və manatın devalvasiyasının da təsiri az olmayıb. Hakimiyyət əsas islahatları həyata keçirməyə başlayıb. Hazırda biz ölkəyə pozitiv proqnoz vermişik, müsbət artım tempi var və inflyasiya isə nəzarət altındadır. Düşünürəm ki, hökumətin vergi, maliyyə, iqtisadiyyatın şaxələnməsi sahəsindəki islahat səyləri doğru addımdır və bu ölkənin gəlirlərinə birbaşa təsir edir. Əgər mənim ümumi dəyərləndirməmi istəyirsinizsə, deyim ki, pozitiv qiymətləndirirəm.
- Dünya Bankının ötən ilin sonunda açıqlanmış “Doing Business 2019” hesabatında Azərbaycan 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşıb, ən islahatçı ölkə hesab edilib. Amma eyni hesabatda Gürcüstan 6-cı yeri tutub. Necə olur ki, təxminən eyni vaxtda müstəqillik qazanmış iki ölkə arasında bu qədər fərq var və Azərbaycan Gürcüstanı qabaqlamaq üçün nə etməlidir?
- Öncə onu deyim ki, şəxsən mən Azərbaycanın “Doing Business 2019” hesabatındakı performansından qürur duydum. Xatırlayıram, mən 3 il bundan öncə bura gələndə Azərbaycan həmin hesabatda əllinci yerlərdə idi. Sonra 32 pillə irəlilədi və 25-ci yerdə qərarlaşdı. Mən deyə bilərəm ki, bu pozitiv trenddir. Çünki hökumət islahatlar həyata keçirməyə başladı. Gürcüstanla müqayisə etməzdən öncə Azərbaycan hökumətinə təşəkkür etmək istəyirəm ki, 3 ildən az müddətdə belə bir uğurlu iş gördülər və ölkə 40 pillədən çox irəlilədi. İslahat nəticəsində biznesə başlamaq, lisenziyaların alınması və sahibkarlıq subyektlərinin elektrik şəbəkəsinə qoşulması prosesi asanlaşdı. Bu islahatların nəticəsidir ki, Azərbaycan dünyada 10 əsas islahatçı ölkələr sırasındadır.
Əgər Gürcüstanla müqayisə etməyimi istəyirsinizsə, Gürcüstan müstəqilliyinin ilk illərində bu islahatlara daha tez başladı. Mən regiona gələndə Gürcüstan “Doing Business” hesabatında 23-cü yerdə qərarlaşmışdı, növbəti il 16-cı, daha sonra 9-cu və son hesabatda isə 6-cı yerdə qərarlaşdı. Azərbaycan isə 65-ci pillədən 25-ci pilləyə qədər irəlilədir. Bu çox böyük sıçrayışdır.
- Müşahidələr göstərir ki, Azərbaycan hökumətinin son illər yürütdüyü siyasət əsasən borclanmadan maksimum yan keçməyə hesablanıb. Son səfərinizdə Prezident İlham Əliyevlə görüşmüşdünüz və prezident son iclasların birində əməkdaşlıqda əhəmiyyət verilən beynəlxalq maliyyə institutları sırasında Dünya Bankının da adını çəkmişdi. Məhz dövlət başçısının qəbulunda olduqdan sonra hökumətin borclanma ilə bağlı strategiyasında hansısa dəyişiklik olmasını gözləyirsinizmi?
- Öncə onu qeyd edim ki, bizim 25 ildən artıq çox yaxşı tərəfdaşlığımız var. 2017-ci ilə qədər portfelimizdə uğurla həyata keçirilən layihələrimiz var idi. Ötən il nə baş verdi? Hökumət reallaşdırmalı olduğu prioritetlərini, Dünya Bankı və digər beynəlxalq maliyyə institutları ilə hansı formada əməkdaşlıq edəcəyini müəyyənləşdirdi. Heç vaxt demək olmaz ki, əməkdaşlığımız burada dayanır. Prezidentlə görüşdə də o, bildirdi ki, “Dünya Bankı ilə əməkdaşlığın davam etməsini istəyirik. Çünki bizə Dünya Bankının biliyinə, texniki dəstəyinə və bacarığına ehtiyacımız var”.
Biz bura 3 əsas özəlliyi gətiririk. Birincisi - qlobal bilikdir. İkinci - texniki dəstəkdir və sonuncusu isə - maliyyədir. Azərbaycan neft ölkəsidir və onun çox böyük resursları var. Bizim Azərbaycanla əməkdaşlığımız yalnız maliyyələşmə ilə bitmir. Bəzi layihələr var ki, Azərbaycan bu layihələrdə bizim maliyyəmizə ehtiyac duyur və biz öz dəstəyimizi göstərmişik. Ölkə başçısı ilə görüşdə də bu məsələlərlə bağlı ətraflı danışdıq.
- Söhbətin əvvəlində Azərbaycan manatınln devalvasiyasına toxundunuz. Qarşıdakı illər üçün bu mövzuda nə gözləyirsiz?
-Bilirsiniz ki, hər bir ölkədə milli valyutanın məzənnəsi başqa ölkələrlə ixrac-idxal əməliyyatları və bu kimi bir çox faktorlardan asılıdır. Bu baxımdan sabah məzənnədə nə baş verəcəyini təsəvvür etmək, proqnozlaşdırmaq düzgün olmazdı. Makro fiskal siyasət nəticəsində manatın məzənnəsi sabit qalıb. Artıq bir müddətdir ki, 1 ABŞ dolları 1,7 manat civarındadır. Yəni məzənnə bu gün kifayət qədər stabildir. Düşünürəm ki, hökumət bu situasiyanı nəzarətdə saxlayır.
- Azərbaycan hökuməti bir sıra layihələr reallaşdırmaq niyyətindədir. Necə düşünürsünüz, xarici maliyyələşmə olmadan bu layihələriicra edilə bilərmi?
-Öncə onu deyim ki, heç kim nəyisə tək, tərəfdaşların dəstəyi olmadan görə bilməz. Siz ailədə də ailə üzvlərinin köməyi olmadan nəyisə reallaşdıra bilməzsiz. Hazırda biz Azərbaycanda yeni investisiya layihələrinə maliyyə ayırmırıq, amma bu rəsmi Bakını dəstəkləmirik anlamına gəlmir. Siz bir işi görərkən 3 əsas məsələyə ehtiyacınız olur. Maliyyə, texniki dəstək və bilik. Bu 3-nin kombinasiyası olmalıdır. Əgər Azərbaycan hökumətinin bacarığı olmasa o layihələrini reallaşdıra bilməz. Yaxud elə layihələr var ona texniki dəstək lazımdır. Biz isə bunları təmin edirik.
Şadam ki, hökumət maliyyə sektorunun restrukzasiyasını həyata keçirir. Əhalinin problemli kreditləri ilə bağlı məsələnin də həlli üçün hökumətin addımlar atmasına şadıq.
- Problemli kreditlərdən danışdınız. Xatırlayıram ki, manatın devalvasiyasından sonra Dünya Bankı xarici valyutada götürülən kreditlərin vurduğu ziyanın hər 3 tərəf (borclü, bank və dövlət) arasında bölünməsini təklif etmişdi. Bu yaxınlarda isə ölkə prezidenti 10 min dollara qədər problemli krediti olan insalara kompensasiya ödənməsi ilə bağlı qərar verib. Bunu şərh edə bilərsinizmi?
-Təbii ki, ölkə ilə bağlı qərarların qəbulunda Prezident müstəsna səlahiyyətlərə malikdir. Hesab edirəm ki, bu qərarın məqsədi əhalinin həyat şəraitinin yaxşılaşdırılmasıdır. Fikir verdinizsə, qərar 10 min dollaradək kreditlərə şamil edilir, bu isə əsas etibarı ilə əhalinin aşağı gəlirli hissəsinə ünvanlanmaq deməkdir. Biz insanların həyatını yaxşılaşdıran hər bir addımı dəstəkləyirik.