Xarici işlər naziri Elmar Məmmədyarov iranlı həmkarı ilə görüşdü

10/03/2019 - 18:47 7 030 0   0  

İran İslam Respublikasına rəsmi səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə İran xarici işlər naziri Cavad Zərifin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə tərəflər ikitərəfli münasibətlərin gündəliyində duran bir sıra məsələlər, eləcə də turizm və mədəniyyət sahələrində əlaqələrin inkişafı, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, o cümlədən YUNESKO çərçivəsində əməkdaşlığın genişləndirilməsi kimi məsələlər ətrafında fikir mübadiləsi apardılar.

 

Nazirlər Azərbaycanın cari ildə Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının zirvə görüşünə ev sahibliyi edəcəyini nəzərə alaraq, zirvə görüşündən öncə keçiriləcək xarici işlər nazirlərinin görüşünü müzakirə etdilər.

Nazir Elmar Məmmədyarov bölgədə sülh və təhlükəsizliyin təmin olunmasının vacibliyini vurğulayaraq, bu xüsusda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli məsələsini qeyd etdi və qarşı tərəfə danışıqlar prosesinin hazırkı vəziyyəti barədə məlumat verdi. Bölgədə sülh, təhlükəsizlik, dayanıqlı inkişaf və rifaha nail olmaq üçün münaqişənin həllinin vacib olduğu vurğulandı.

İran naziri Cavad Zərif Azərbaycanın təhlükəsizlik və inkişafını özünün təhlükəsizliyi və inkişafı bildiyini söylədi. İran tərəfinin Azərbaycanla hərtərəfli münasibətlərin inkişafında maraqlı olduğunu vurğuladı. İkitrəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün müzakirə obyekti olan layihələrinsürətləndirilməsinin vacib olduğunu qeyd etdi.

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqirinin Azərbaycana səfəri zamanı səsləndirdiyi fikirlərin İranın rəsmi mövqeyi olduğu bildirildi. Nazir Cavad Zərif ölkəsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipi əsasında həll edilməsinə tərəfdar olduğunu vurğuladı.