Ekspertlər deputatı yalançılıqda günahlandırdı - “Hələ bilmir ki, 700 ballıq sistem ləğv edilib”

07/03/2019 - 15:38 9 811 0   0  

78 saylı Lerik seçki dairəsinin deputatı İqbal Məmmədovun Modern.az saytına verdiyi müsahibədə səsləndirdiyi fikirlər təkcə sosial şəbəkələrdə lağ obyektinə çevrilməyib, həm də ciddi media resurslarının və ekspertlərin sərt tənqid hədəfinə tuş gəlib.

Deputatın müsahibəsində səsləndirdiyi və kobud savadsızlıq və məlumatsızlıq nümunəsi kimi xarakterizə ediləcək bir neçə fikrinə istinad edən ekspertlər onu nə danışdığını bilməməkdə suçlayıblar.
Məsələn, uzun müddətdir bu deputatla borc məsələsinə görə konfliktdə olan tanınmış iqtisadçı ekspert Qulu İbrahimli İqbal Məmmədovun sözügedən müsahibəsinə rəydə izləyicilərini onun vədlərinə inanmamağa çağırıb.
Qulu İbrahimli yazıb: "Bu deputat boş-boş vədlərlə özü haqqında ədalətli, vicdanlı, seçici qayğısına qalan adam imic yaratmasın. Mən onun kimliyinə də, vədlərinə də, şəxsiyyətinə də çox yaxşı bələdəm… Sözünü tutan adam gəlib, mənə olan borcunu ödəyərdi… 9 ildir onun əvəzindən türklərə zamin duraraq ödədiyim 70 min dollarımı, nə illah edirəm, geri ala bilmirəm. Borcunu ödəməsini tələb etdikdəsə, məni tutdurmaqla hədələyir. Dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət edib. İndi siz bu adamın dediklərinəmi inanacaqsınız? Onun yalan danışdığına, savadsızlığına, deputatlığa layiq birisi olmadığına bircə sübut: vəd edir ki, guya, Lerikdən hansı abituriyent 700 bal toplasa, ona xarici maşın hədiyyə edəcək. Bu deputat hələ də bilmir ki, qəbuldakı 700 bal sistemi artıq ləğv edilib… Mən hələ də anlaya bilmirəm ki, belə adamlar necə mandat sahibi olurlar? Belə yalançılara və savadsızlara yaxalarında Azərbaycanın atributunu daşımaq, bu simvollar altında gizlənmək imkanı niyə tanınır? Deputatlıqdan geri çağıra bilmirlər, heç olmasa, yaxasında Azərbaycan bayrağını gəzdirməyi yasaqlasınlar…”.
Qeyd edək ki, İqbal Məmmədovun "Bu gün də o sözümün üstündəyəm ki, Lerik rayonundan kim 700 bal toplasa, ona xarici maşın hədiyyə edəcəyik” fikrinə başqa bir tanınmış ekspert – təhsil eksperti Kamran Əsədov da tənqidi yanaşıb.
Kamran Əsədov "Yeni Müsavat”a açıqlamasında deyib: "Həvəsləndirici və mükafatlandırıcı addımların atılması mümkündür. Ancaq bu, heç də şirinikləndirici olmayıb, reallığı əks etdirməlidir. Birincisi, orta ümumtəhsil məktəbini bitirən şagirdin yaşı 17-dən aşağıdır. Yəni avtomobil alınsa belə, o, bunu idarə etmək üçün bir il gözləməlidir. İkincisi, konkret rəqəmlərə baxanda görürük ki, bu vədləri verməkdə diqqət cəlb eləmək məsələsi var. Çünki oradan 700 bal toplayan abituriyentin çıxması real görünmür. Son 10 ilin nəticələrinə baxanda, görürük ki, həqiqətən də həmin bölgədən 700 bal toplayan olmayıb. Bundan başqa isə onsuz da 2019-cu ildə keçirilən imtahanlarda 700 balın olması mümkün deyil. Çünki bu il qəbul imtahanlarının formatı dəyişdirilib və bizim deputat da bundan xəbərdardır”.
Kamran Əsədov daha sonra deyib: "Mən də vəd verə bilərəm ki, Azərbaycanın futbol üzrə komandası Dünya Çempionatında oynasın, onların hər birinə maşın hədiyyə edərəm. Təbii ki, bu, real deyil. Görünən kəndə bələdçi lazım deyil. Azərbaycanda normal maşının qiyməti 15-20 min manatdır. Bu, kifayət qədər böyük vəsaitdir. Deputatın belə bir imkanı varsa, yaxşı olar ki, deputat olduğu ərazidəki qəzalı məktəbləri təmir etdirsin. Orada kifayət qədər qəzalı məktəblər mövcuddur. Bundan əlavə, imkansız ailələr var ki, övladlarını qəbul imtahanlarına hazırlaşdıra bilmirlər. Deputatın o qədər imkanı varsa, abituriyentlərin ali məktəbə hazırlaşmalarına yardım etmək üçün materialları alıb, onlara hədiyyə etsin. Bakıda çox da baha olmayan kifayət qədər yaxşı resurslar, vəsaitlər var. Lerikdə o mühitdə bu qədər yüksək balın toplanması mümkün deyil. Çünki 2019-cu ildə keçiriləcək olan qəbul imtahanlarının formatı tamamilə fərqlidir. Olmasın 1 nəfər 700 bal yığan, olsun 10 nəfər 600-dən yuxarı bal toplayan. Bu, həmin rayonun göstəricisinin artması deməkdir”.
Ekspert bildirib ki, insanları həvəsləndirməkdən daha çox, hədəf uğrunda mübarizəni artırmaq lazımdır: "700 bal toplayan şəxs əmək bazarına cavab verən kadrdırmı? Bəlkə, hansısa 300 bal toplayan adam daha çox fayda verə bilər? Ona görə də deputat özünün maddi-inzibati resurslarından istifadə edib, həmin bölgədə təhsil almaq istəyən, ancaq maddi imkanı olmayan şəxslərə maşının qiyməti qədər kömək edərsə, daha faydalı olar. Gedib həmin bölgənin sakinlərindən deputatın öz vəsaiti hesabına onlara nə etdiyini soruşarsaq, heç kim barmaqlarının sayı qədər fakt göstərə bilməyəcək. Belə çıxır ki, deputatın imkanı var, ancaq heç nə etmir. Deputat şərt qoyur ki, siz bunu edin, mən də kömək göstərim. Birincisi, deputatın dediyini etmək üçün baza formalaşmalıdır. Həmin ərazidə abituriyentlər o zaman yaxşı bal toplaya bilərlər ki, orada bunun üçün şərait yaradılsın. Şərait yaradılarsa, demək olar ki, balı da topla, maşın verəcəm. Bölgələrin birində də icra başçısı bir neçə il öncə 700 bal toplayan qıza maşın hədiyyə etmişdi. Yəni bu təcrübə var. 2018-ci ildə 19 nəfər ali məktəblərə qəbul imtahanından 700 bal toplayıb. Buna qədər isə 700 bal yığanların ümumi sayı 6-7 nəfər olub. Təsəvvür edin ki, qəbul imtahanlarında 80 min abituriyent iştirak edir, onun da 6-7 nəfəri 700 bal toplayır. Onun da 90 faizi Bakının payına düşür. Yəni vədin arxası, demirəm ki, boşdur, sadəcə bu, real deyil. Reallıq üçün iş görməlidir. Əllərində imkan olsa da, bu işi görmürlər. Deputat ən azından desin ki, ödənişli əsaslarla təhsil alanlara ümumilikdə 20 min manata qədər kömək edəcəm. Bu, real vəd olar. Real olmayan vədləri vermək lazım deyil”. (Strateq.az)