Zakir Həsənovdan generallara vacib TAPŞIRIQ

09/02/2019 - 20:53 3 385 0   0  

Fevralın 9-da Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, müşavirədə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, birlik komandirləri iştirak ediblər. Birləşmə komandirləri və digər məsul zabitlər də videobağlantı vasitəsilə müşavirəyə cəlb olunublar.

General-polkovnik Zakir Həsənov yeni tədris dövründə qoşun növləri, birlik, birləşmə və hərbi hissələrdə döyüş hazırlığı üzrə məşqlərin müvafiq direktiv və təlimatlara uyğun olaraq daha səmərəli və keyfiyyətli təşkili, rəhbəredici sənədlərin dərindən öyrənilməsi, eləcə də peşəkarlığın artırılmasına yönəlmiş digər tədbirlərin keçirilməsi ilə bağlı fikirlərini diqqətə çatdırıb.

Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu quruculuğu ilə bağlı qarşıya qoyduğu tapşırıqlar, o cümlədən torpaqlarımızın işğaldan azad edilməsi ilə əlaqədar səsləndirdiyi tövsiyə və tələblərin gündəlik fəaliyyətdə əks etdirilməsini tapşırıb.

Ali Baş Komandanın tapşırığına əsasən, 2019-cu ildə də Azərbaycan Ordusunda, xüsusilə cəbhəboyu zonada yerləşən hərbi hissələrdə şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində fəaliyyətin davam etdiriləcəyini bildirən general-polkovnik Zakir Həsənov bu sahədə yerinə yetirilən işlərin müasir tələblərə uyğun aparılması ilə əlaqədar cavabdeh vəzifəli şəxslərə müvafiq göstərişlər verib.

Müdafiə naziri döyüş hazırlığının daha keyfiyyətli təşkili, hərbi peşəkarlıq səviyyəsinin artırılması, islahatların davam etdirilməsi, ideoloji işin və mənəvi-psixoloji təminatın gücləndirilməsi və digər xidməti məsələlərin həlli ilə bağlı tapşırıqlar verib.

Müşavirənin yekununda müdafiə naziri bütün səviyyələrdən olan komandir və rəis heyətinə düşmənin hər bir təxribatına adekvat cavab vermələri və onun fəaliyyətinin qarşısının qətiyyətlə alınması barədə əmr və tələblərini çatdırıb.