Dövlətin puluna belə sayğısızlıq olmaz... - İTTİHAM

06/02/2019 - 10:18 2 722 0   0  

“Ötən ilin noyabr, dekabr ayları ərzində 29 min baş heyvan vətəndaşlara paylandı. Bu, böyük rəqəmdir”.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev yerli mətbuata müsahibəsində bildirib. Onun sözlərinə görə, şikayət əsasında 119 heyvan yenisi ilə dəyişdirilib: “Bizə bu günədək gələn şikayətləri araşdırırıq. 119 heyvanla bağlı şikayət haqlı hesab olundu və 119 heyvan dəyişdirildi. 29 min baş heyvanın içində 119 baş heyvanın xüsusi çəkisi 0.4 faizdir. Bu 0.4 faizə görə proqrama xələl gətirməyə çalışmaq, onun üzərinə kölgə salmaq əlbəttə ki, məsuliyyətsiz və qeyri-peşəkar yanaşmadır. 
Mən bunu ən azı belə qiymətləndirirəm. Vətəndaş haqlıdırsa, həmin heyvanlar vətəndaşda qalmır, yenisi ilə dəyişdirilir. Noyabr ayında aktiv heyvanlar verilmiş vətəndaş 2 ay ərzində ya yaxşı yemlənmir, ya yaxşı baxmır, ya satır, ya da başqa bir addım atır. Sonra yanvar ayında şikayət yazır ki, mənə verilən heyvan xəstə idi. Şikayəti araşdırırıq, öyrənirik ki, baytar araşdırması aparılıb, əgər bu heyvan 3 ay orada qalıbsa, xəstəliyinə dair iradın indi bildirilməsi sual altındadır. Digər tərəfdən, heyvanın necə yemlənməsi zamanı məlum olur ki, ona qulluq qaydalarına riayət olunmayıb. Müəyyən bir qismində problemlər olacaq, sui-istifadə etmək istəyən insanlar da olacaq. Obyektiv səbəblərdən uğursuzluq olanlar da olacaq. Bunun hər birinin qiymətləndirməsini biz ilin yekununda aparacağıq. Çünki 1 illik aktivlərin verilməsindən sonra rüblük monitorinqlər də aparılacaqdır. İlin sonunda yekun qiymətləndirmə aparacağıq ki, nə dərəcədə uğurlu oldu. 
Amma ümumilikdə bu proqram ötən il 5 min kiçik müəssisə yaratdı, bu ilə planımız 7-8 mindir. Hər il ölkədə 7-8 min kiçik biznes yaranacaqdır. Bunun sahibkarlıq mühitinə, ölkə iqtisadiyyatına, kənd təsərrüfatına verəcəyi dəstəyin həcmi çox böyükdür. Biz ancaq heyvandarlıq və kənd təsərrüfatı seqmentinə toxunduq, onun böyük bir istehsalat və xidmət seqmenti də var. Ötən il 1200-ə yaxın vətəndaşımız məhz istehsalat və xidmət sahələrinə müraciət etdi. Onların da aktivləri paylanılır və onların da çox böyük uğur göstəricisi olacağına inanıram”.
Məlumat üçün qeyd edək ki, özünüməşğulluq proqramının icrasına 2016-cı ildən başlanıb. Həmin vaxt rəsmilər deyirdilər ki, ünvanlı sosial müavinətlərin verilməsi bəzi insanlarda arxayınlıq yaradır. Ona görə də, özünüməşğulluq proqramının tətbiqinə başlayırlar. Son illər ölkədə ünvanlı sosial müavinət (ÜSM) alanların sayı da kəskin azalmağa başlayıb. Ötən il sosial müavinət alanların təqribən yarısının azaldığı deyilir. Özünüməşğulluq proqramının icrası məqsədilə 2018-ci ildə dövlət büdcəsindən 36 milyon manat vəsait ayrılıb.
2019-cu ilin dövlət büdcəsində bu məqsədlərdən ötrü 42 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Həmin vəsait hesabına 8 minə yaxın işsiz vətəndaşı özünüməşğulluq proqramına cəlb etmək planlaşdırılır. Proqramın növbəti illərdə də davam etdiriləcəyi deyilir.
Qeyd edək ki, özünüməşğulluq proqramı çərçivəsində həyata keçirilən tədbirlərdən narazı olan vətəndaşlar onlara xəstə mal-qaranın verilməsindən şikayətlənirdilər. Onlar paylanan arıq heyvanlardan ən azı 2 il sonra xeyr götürə biləcəklərini deyirdilər. Şikayətçilər müqavilədəki qiymətlərlə verilən heyvanların dəyərinin aşağı olduğunu da iddia edirdilər.
Maraqlıdır, özünüməşğulluq proqramı çərçivəsində şəffaflıq necə təmin edilməlidir?
İqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə bildirib ki, alqı-satqıda bir heyvanın xəstə və yaxud yararsız çıxması böyük qüsur hesab olunur: 
“Bu heyvanlar yəqin ki, mütəxəssislər tərəfindən nəzərdən keçiriləndən sonra təhvil alınır. Çox güman ki, satınalmanın sığortası da var. Bunların hamısı ona dəlalət edir ki, proses qeyri-şəffaf və qeyri-obyektiv aparılır. Bəzi faktlarla üzləşirəm. Məsələn, Bərdə rayonunda vətəndaşlara heyvan verilirsə, elə həmin rayonun bazarından alınan heyvanı təqdim edirlər. Bu məsələdə şəffaflığın bərqərar olması üçün təklif edərdim ki, həmin vəsait vətəndaşın özünə verilsin. Əhaliyə heyvan alıb verməsinlər, vətəndaş deməsin ki, filankəsin aldığı heyvan xəstə idi və s. Vəsaiti alan vətəndaş nazirliyin nümayəndələrinin iştirakı ilə ya hökumətin xaricdən gətirdiyi cins mallardan alsın, ya da rayon bazarlarından aldığı heyvan yerində protokollaşdırılsın. Amma nazirlik bu məsələdə işini başqa yöndə qurdu. Nazirlik heyvanı alıb aparıb təqdim edir, kimlərsə bunu bəyənir, kimlərsə də bəyənmir. Yenidən həmin heyvanlar geri qaytarılır, qaytarılan heyvanların aqibəti məlum deyil, bir sözlə, xərc artır. Bu kimi zərərə düşməmək üçün alınan heyvanlar və ya digər avadanlıqlar vətəndaşların iştirakı ilə alınmalıdır. Bu halda heç bir narazılığa və başqa söz-söhbətə yol açılmaz”.
Nazirlik nəyə görə belə əlverişli yolu seçmir, heyvanları və ya avadanlıqları alıb vətəndaşa birbaşa təqdim edirlər?
Ekspert hesab edir ki, heyvanların alınıb vətəndaşlara təqdim edilməsində hansısa əyintilərə yol verilir: 
“Güman ki, ayrılan vəsaitdən götürülür. Dəqiq bilmirəm kim götürür, amma proseslərin inkişafı, bu cür narazılıqların yaranması onu göstərir ki, vətəndaşlara təqdim edilən heyvanlar müqavilədə qeyd olunan qiymətlərə uyğun deyil. Sözügedən proqrama qoşulan Bərdə kənd sakini ilə söhbətdə bildirdi ki, müqaviləyə əsasən ona 5 min manatlıq 3 balalı sağılan inək verməli idilər. Amma ona 2 xəstə inək veriblər, hansı ki, onların da hər birinin bazar qiyməti 600-700 manatdır. Bu cür əyintilər müşahidə olunursa, deməli bu yolu qəsdlə seçiblər ki, oradan vətəndaşın adına yazaraq dövlətin vəsaiti mənimsənilsin. Əgər bu, belə deyilsə, təqdimat variantını dəyişsinlər. Burada prosesi aparan birbaşa vətəndaş olmalıdır. Yəni, nazirliyin nümayəndələrinin iştirakı ilə vətəndaşa vəsait təqdim edilir. Proqrama qoşulanlar öz biznes planına uyğun bazardan istədiyi heyvanı seçib almalı, sonra mütəmadi yoxlamalar aparılmalıdır”.