Səfər Mehdiyevə ekspertdəın iradlar... - “15 pilləli rüsum siyasətindən imtina olunmalıdır”

31/01/2019 - 10:05 2 647 0   0  

Bir müddətdir Dövlət Gömrük Komitəsinin sərhəd-keçid məntəqələrində prosedurların sadələşdiriləcəyi ilə bağlı fikirlər səslənir. 

Amma hələ də nəzərdə tutulan qaydalar təcrübədə tətbiq edilməyib, bu sahədə çoxsaylı problemlər gündəmdədir. Bir müddət əvvəl hətta Gömrük Komitəsinin müstəqil qurum kimi ləğv edilərək Vergilər Nazirliyinə birləşdirilməsi məsələsi müzakirə edilirdi. Əslində, məsələ bu gün də aktualdır və bir çox ekspertlər onun tezliklə reallaşacağını güman edir. Hesab olunur ki, bu halda sərhəd-keçid məntəqələrində prosedurlar asanlaşar, son illər bu sahədə yaranmış neqativ hallar aradan qalxar. 
Bugünlərdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev müsahibəsində maraqlı məqamlara toxunub. Sədr gömrük prosedurlarının xeyli sadələşdiriləcəyini bir daha vurğulayıb. Amma nəzərə almaq lazımdır ki, hazırda gömrük sahəsilə bağlı əsas narazılıq yaradan məsələ rüsumların yüksək olmasıdır. Ölkəyə gətirilən məhsullara tətbiq olunan rüsumlar bazarda bahalaşmaya səbəb olur. Bu da əhalinin xərclərinin artmasına gətirib çıxarır, insanları narazı salır. 
“15 pilləli rüsum siyasətindən imtina olunmalıdır”
İqtisadçı-ekspert Natiq Cəfərli də “Cümhuriyət” qəzetinə şərhində deyib ki, gömrük sahəsində ən böyük problem rüsumların çox olmasıdır. Ekspertin sözlərinə görə, gömrük sahəsində mövcud olan 15 pilləli rüsum siyasətindən imtina olunmalıdır: 
“Çünki çox qeyri-effektiv yanaşma var. Gömrük rüsumlarında icra orqanlarının və ya komitənin özünün qərar vermək səlahiyyəti var. Yəni, gömrük rüsumu bizdə xüsusi qaydada tənzimlənən məhsullardan başqa digərlərində sıfır faiz də ola bilər, 15 faiz də. Məsələn, Nazirlər Kabineti dərman preparatları, kənd təsərrüfatı avadanlıqları, taxıl və digər bir sıra məhsulların rüsumunu qısa müddətdə sıfırlaya bilir. Amma ümumilikdə götürəndə, gömrüyün özünün təsnifatı var və ona 0-15 faiz aralığında rüsumu tənzimləmək səlahiyyəti var. Əslində, bu da doğru deyil, kifayət qədər problemlər yaradır. Hətta fiziki şəxslərlə bağlı bu cür problemlər daha da çoxdur. Hüquqi şəxslər, heç olmasa, şirkətlər səviyyəsində danışıqlar aparır, fiziki şəxslərdə bu imkan olmadığı üçün onların heç şikayət etmək mexanizmi də yoxdur. Məsələn, fiziki şəxs ölkəyə avtomobil gətirir, amma Gömrük Komitəsi gətirilən “invoys”a inanmır və özü qiymət tətbiq edir. Hər hansı bir şəxs və ya şirkət ölkəyə məhsul gətirəndə onun rüsumunu Gömrük Komitəsi 0-15 faiz aralığında özü müəyyənləşdirir. Yəni, buna son qoymaq lazımdır, bu geniş dəhliz çox sərt şəkildə daraldılmalıdır. Hazırda 15 pilləli gömrük tarifi var ki, bu da doğru deyil. Bu pillələr maksimum 3-ə qədər endirilməlidir və 0, 5, 10 və 15 faiz olmalıdır. Gömrük Komitəsinin işçilərinə bundan artıq imkan yaratmaq olmaz. Bu məsələni prioritetlər üzrə də həll etmək olar. Məsələn, ölkədə istehsal olunmayan və sosial təyinatlı məhsullar-uşaq geyimləri, yeməkləri, əngəlli insanlar üçün arabalar, dərmanlar və digər bu qəbildən olan məhsullara birdəfəlik 0 faizli gömrük rüsumu tətbiq olunmalıdır. Bu, ona görə vacibdir ki, həm sözügedən məhsulların ölkəyə gətirilməsi sadələşdirilir, həm də bazarda qiymət artımı sürətlənmir”. 
Səfər Mehdiyevin “Gömrük prosedurları xeyli sadələşdiriləcək” açıqlamasına da münasibət bildirən Natiq Cəfərli bunun yeni məsələ olmadığını deyib: 
“Əslində gömrük prosedurlarının sadələşdirilməsi ilə bağlı uzun zamandır söhbət gedir. Bunlar elektron müraciətlərin sayının artması, “yaşıl koridor” prinsipinin tətbiqidir. Söhbət bunlardan gedir ki, bu da yeni məsələ deyil. Uzun zamandır bu haqda söhbət gedir, amma hələ də bu praktikada tətbiq olunmayıb”.