Bakı yollarında sarı tor müəmması - EKSPERT AYDINLIQ GƏTİRDİ

10/10/2018 - 11:42 9 607 0   0  

Paytaxtın S.Vurğun və A.Bakıxanov küçələrinin kəsişməsindəki yolayrıcına çəkilən yeni nişanlanma xətti – sarı tor barədə müzakirələr davam edir.

Suveren.az-ın məkumatına görə, nəqliyyat sahəsi üzrə tanınmış ekspert Ərşad Hüseynov publika.az-a bildirib ki, bu nişanlanma özlüyündə heç bir yeni qayda, yeni tələb müəyyən etmir: “Bu sarı tor YHQ-nin 75-ci maddısinin 2-ci hissəsinin tələbini əyani şəkildə, görüntülü olaraq sürücüyə çatdırmaq üçündür. Bu tor ona görə lazımdır ki, sürücü getdiyi istiqamətdə tıxac yaranarkən yolayrıcının və ya hərəkət hissələrinin kəsişməsinin hansı hissəsində dayanıb qalmağın qadağan edildiyini, yaxud tıxac yaranarkən yolayrıcının və ya kəsişmə yerinin hansı hissəsinin daim təmiz saxlanılmalı olduğunu əyani şəkildə görsün, bunu dərk eləsin. Axı məlumdur ki, bəzi sürücülər yolayrıcının və ya kəsişmə yerinin hara olduğunu da dəqiq müəyyən etməkdə çətinliklər çəkirlər. Bu sarı tor hər şeyi aydın göstərəcək”.

Ərşad Hüseynov bildirib ki, Sarı tor tıxacın qarşısını almayacaq: “Çünki onun əli və ya dili yoxdur ki, lazım olmayan vaxtda üstünə çıxıb dayanan avtomobili kənara itələsin və ya onun sürücsünə desin ki, gəlmə, dur, gözlə. Təkrar da olsa, qeyd edirəm ki, bu tor sürücüyə qaydaların tələbini əyani, aydın göstərmək üçündür. Sürücü özü hərəkətini elə hesablamalıdır ki, yolayrıcını getdiyi istiqamətdə tərk edə bilsin, gedib qabaqdakıların arxasında dayanmağa məcbur olmaqla sarı torun üzərində qalmasın. Sarı tor olan və ya olmayan yerdə Yol Hərəkəti Qanununun 75-ci maddəsinin 2-ci hissəsinin tələbinə riayət etmək də elə çətin bir şey deyil və xüsusi mühəndislik istedadı tələb etmir. 5-ci sinif səviyyəsində dünyagörüşü olan, intizamlı sürücü bu qaydya çox asan riayət edə bilər. Özü də həm svetoforlu, həm də svetoforsuz yolayrıcı və ya kəsişmə yerində. Bunun üçün sadəcə getdiyin istiqamətdə nəqliyyat axınının stabilliyinə diqqət etmək lazımdır. Əgər normal sürətlə satabil hərəkət varsa, icazə verilən vaxtda yolayrıcına daxil olursan, çıxanadək hətta sarı işıq yansa da, problem ola bilməz. Əgər hərəkət fasiləlidirsə, yəni gah gedib, gah dayanırsa, onda yolayrıcını tam tərk edənə qədər qalan məsafəni, fasiləliyin xarakterini nəzərə almaq lazımdır. Bu halda svetoforlu yolayrıcında avtomobiliniz sizin getdiyiniz istiqamətdə svetoforla hərəkət qadağan edilənədək, yolayrıcını tam tərk edə bilməyəcəksə, yolayrıcına daxil olmadan dayanıb növbəti icazəni gözləməlisiniz. Svetofor olmayan yerdə. isə elə etməlisiniz ki yolayrıcında dayanmayasınız, oranı fasiləsiz keçib gedəsiniz. Amma sarı tor üzərində qalaraq kəsişən istiqamətdə nəqliyyat axının qabağını kəsən sürücü sarı torun tələbini pozmağa görə yox, qanunun 75-ci maddəsinin 2-ci hissəsinin tələbini, yəni yolayrıcını keçmənin bu xüsusi qaydasını pozmaqğa görə İXM-in 327.2-ci maddəsi üzrə (60 manat və 3 bal) cərimələnə bilər”.

Tanınmış ekspet sonda qeyd edib ki, sarı tor hələ ki, qanunda təsbit edilməyib, amma bununla bağlı bütün təfərrüatları əks etdirən dəyişik layihəsi müzakirəyə təqdim edilib.