İsrail Suriyanı yenə vurdu

22/01/2019 - 10:20 15 541 0   0  

Netanyahunun Suriya gedişinin arxasındakı həqiqətlər, ruslar və iranlıların isə səssiz olmasının səbəbləri

İsrail ordusu növbəti dəfə Suriya ərazisini bombalayıb. İsrail tərəfi məlumat yayıb ki, zərbələr Suriyadakı İran qüvvələrinə, daha dəqiqi, “Sepah”ın Qüds briqadasının bazalarına endirilib. Suriya ordusu isə bəyan edib ki, İsrail ordusunun atdığı raketlərin bir hissəsi vurularaq salınıb.

Hava zərbələri zamanı 4 Suriya hərbçisinin öldürülməsi haqda məlumatlar yayılıb. Ancaq rəsmi Dəməşq, sadəcə, xəsarət alanların olduğunu bildirib. İsrail ordusundan isə bildirilib ki, hava zərbələri Suriya ərazisindən Colan təpələrinə hava zərbələri endirildikdən sonra başladılıb.

İran və İsrail arasında gərginlik ötən həftə yenidən yüksəlib. İsrail baş naziri Suriyadakı İran hərbi qüvvələrinin məhv ediləcəyini bildirib. Eyni zamanda İsrail analitik mərkəzləri Təl-Əvivin İranla müharibəyə hazırlaşdığı haqda xəbər yayıb. Netanyahunun İranı hədəfə alan açıqlamalarına cavab olaraq, “Sepah” komandanı Məhəmməd Əli Cəfəri İsrail hakimiyyətini qisasla təhdid edib.

Qeyd edək ki, İsrail ötən 8 ildə dəfələrlə, xüsusən də son 3-4 ildə sürəkli olaraq Suriya ərazisinə daxil olaraq, İran və Suriya hərbi bazalarını vurur. İsrail hökuməti bildirir ki, onlar İranın Suriyada qalıcı hərbi bazalar qurması və İsrailə qarşı təhdid yaratmasının qarşısını almaq üçün vaxtaşırı İran və Hizbullahın hərbi bazalarını bombalayırlar. Bu zaman təbii ki, Suriya hərbi bazaları, o cümlədən hava limanları hədəfə alınır.

Ä°lgili resim

Xüsusən də ABŞ prezidenti Donald Trampın ordu qüvvələrini Suriyadan çıxarmaqla bağlı qərarından sonra İsrail hakimiyyəti İranın Suriyada güclənməsindən narahatlığını açıq bəyan edir. Ancaq İsrail mediasının yazdığı kimi, rəsmi Təl-Əvivin İrana birbaşa qurudan hücum edəcəyi inandırıcı deyil. Çünki birincisi, iki ölkə arasında böyük məsafə var, üstəlik, İran kimi böyük ölkədə hərbi əməliyyatlar aparmaq üçün İsrailin kifayət qədər hərbi gücü yoxdur. Daha əvvəl İsrailin İranın nüvə obyektlərini bombalayacağı iddiaları ortaya atılsa da, indiki halda bu da İsrail üçün həddən artıq riskli əməliyyat hesab olunur.

Ancaq bunun əvəzinə İsrail vaxtaşırı qonşusu olan Suriyadakı İran hərbi bazalarını hədəfə alır. Özü də bu zaman əsasən Livan ərazilərindən istifadə edir. İsrailin Suriya ərazisindəki İran hərbi güclərini vurması iki məqsədə xidmət edir. Birincisi, açıq, birbaşa hədəfə almaqdır. Yəni İsrail İranın Suriyadakı hərbi gücünü sıradan çıxarmağa çalışır. Çünki İsraildə də yaxşı bilirlər ki, Qüds briqadasının əsas hədəfi İsrailə qarşı müqavimət qüvvələri formalaşdırmaqdır. Bu məqsədlə İran inqilab keşikçiləri Suriyada qalıcı hərbi bazalar, təlim düşərgələri və sair qurur. Ehtimal ki, İsraili daha çox narahat edən bu düşərgələrin əsasında gələcəkdə Suriyada birbaşa İsraili hədəfə alan ikinci bir Hizbullah yaradılmasıdır. Çünki Suriya ilə İsrail arasında torpaq mübahisəsi var. İsrail 1967-ci ildə işğal etdiyi Colan təpələri ərazisini hələ də nəzarətində saxlayır, geri qaytarmaq istəmir. İkinci tərəfdən, son müharibə zamanı Suriya və İran, eləcə də Hizbullah arasında ciddi əlaqələr yaranıb və Bəşər Əsəd İsrailə qarşı yeni bir təşkilatın, ya da gizli ordunun qurulmasına mane olmaz. İsrail hakimiyyəti məhz belə bir gizli, müqavimət ideologiyasına əsaslanan təşkilatın Suriyada qurulmasından narahatdır. Bu səbəbdən də vaxtaşırı olaraq İran qüvvələrini hədəfə alır.

israel bombing syria ile ilgili görsel sonucu

Çünki hər kəsə aydındır ki, Fələstindəki Həmas, “İslami Cihad” və ya Hizbullah, eləcə də Suriyadakı silahlı qrupları İran silahlandırır. Hazırda faktiki olaraq İsrail üçün təhlükə yaradan məhz bu qruplardır. Bu səbəbdən də Netanyahu sərhəddəki silahlı qrupları deyil, onların dəstəkçisi İranı hədəf olaraq göstərir.

Digər tərəfdən, iranlı generalın açıqlaması onu göstərir ki, Tehran bu xətdən imtina etmək fikrində deyil. Əksinə, İsrailə qarşı öz planlarını hazırlayır. Bu səbəbdən İsrail bir tərəfdən, vaxtaşırı İran qüvvələrini vurmaqla potensial təhlükə mənbələrini sıradan çıxarır, digər tərəfdən isə İranı və onun dəstəklədiyi qüvvələri qarşıdurmaya, cavab zərbəsinə təşviq etmək istəyir. Çünki bu olsa, o zaman istər-istəməz İrana qarşı beynəlxalq təzyiq koalisiyası yaradılar və nəticədə İranın Suriyadakı fəaliyyətinin məhdudlaşdırılması üçün Tehrana təzyiq edilə bilər. Yəni bu zərbələr bir mənada İranı qarşıdurmaya çəkmək cəhdidir.

Ä°lgili resim

Daha bir maraqlı detal isə Rusiyanın susqunluğudur. Məsələ ondadır ki, Rusiya hələ ötən ilin payızında Suriyanı İsrailin hücumundan qorumaq üçün nisbətən müasir texnika olan S-300 raket kompleksləri verib. Ancaq bundan sonra dəfələrlə İsrailin hava zərbələri olsa da S-300-lər işə salınmayıb. Rusiyanın bu davranışı bir tərəfdən, öz əhəmiyyətini Bəşər Əsəd xatırlatmaq, digər tərəfdən isə İranın zəifləməsində olan marağına işarədir. Daha bir mühüm detal isə Rusiyanın qarşıdakı seçkilərə qədər İsrail hökumətinin müharibəyə başlaması üçün arqument verməməkdir. Netanyahu isə görünən odur ki, açıq şəkildə seçkilərə qədər yeni savaşın başlamasında maraqlıdır. Müharibə tərəfdarı olan İsrail baş naziri hazırda siyasi dəstəyini xeyli dərəcədə itirib, seçkilərdə qazanması üçün müharibə böyük dəstək ola bilər. Putin isə Netanyahunu o qədər də xoşlamır və getməsində maraqlıdır. Bu səbəbdən ruslar Suriyada yeni bir İsrail savaşının olmasında maraqlı deyil. Ən azı, seçkilərə qədər sabitliyin olması lazımdır.