Azərbaycan iqtisadiyyatı: Sərmayə niyə azalır? - TƏHLİL

21/01/2019 - 09:37 3 397 0   0  

2018-ci ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 17 238,2 milyon manat və yaxud əvvəlki illə müqayisədə 4,4 faiz az vəsait yönəldilib. 

Dövlət Statistika Komitəsinin verdiyi xəbərə görə, sərf edilmiş vəsaitin 68 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib. Bu azalma neft sektoruna yatırılmış investisiyaların azalması ilə bağlı olub, qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi isə 22 faiz, o cümlədən qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 23 faiz artıb. Ümumi sərmayənin 67,6 faizi məhsul istehsalı sahələrinin, 24,8 faizi xidmət sahələrinin, 7,6 faizi isə ümumi sahəsi 2084,7 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 69,7 faizini təşkil edib.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 52,7 faiz, bank kreditləri 11 faiz, büdcə vəsaitləri 25,8 faiz, əhalinin şəxsi vəsaitləri 8,2 faiz, büdcədənkənar fondların vəsaitləri 1,6 faiz, sair vəsaitlər isə 0,7 faiz təşkil edib.
İqtisadçı-ekspert Rəşad Həsənov “Cümhuriyət” qəzetinə Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunun 4 faiz azalmasını şərh edib. O, bildirib ki, iqtisadiyyata kapital qoyuluşlarında azalmanı şərtləndirən əsas faktor məhz neft sektoruna investisiyaların həcminin azalması ilə bağlıdır: 
“Neft sektoru üzrə investisiya qoyuluşları dəyişəndir və “Şahdəniz 2” layihəsi üzrə işlərin əhəmiyyətli hissəsinin görülməsi, investisiya qoyuluşlarının həcminin azalmasına gətirib çıxardıb. Bu proses növbəti illərdə də davam edəcək. Təbii ki, xətli layihələrdə əməkdaşlıqlar edilir. Bu, Abşeron yatağında və digər istiqamətlərdə prosesin davam etməsi ilə əlaqədardır. Amma buna baxmayaraq hələlik daha çox kəşfiyyat araşdırma xarakterli fəaliyyətlər olduğu üçün, yaxın iki ildə neft sektoruna investisiya qoyuluşlarının həcmində azalma proqnozlaşdırılır. 2018-ci ildə investisiya qoyuluşlarında azalma neft sektorunda baş verib, qeyri-neft sektorunda isə təxminən 22-23 faiz artımlar olub. Bu isə, təxminən bir sıra istiqamətlərdə həm dövlət investisiya qoyuluşlarının, həm də qeyri-dövlət investisiya qoyuluşlarının artımından qaynaqlanır. Məlumdur ki, son illər müxtəlif proqramlar, eyni zamanda strateji yol xəritələrinin icrası çərçivəsində dövlət sektorundan investisiyaların həcmində müəyyən artımlar müşahidə edilir. Eyni zamanda hazırlanmış müxtəlif mexanizmlər - investorun təşviqi, ölkə ərazisində investisiyanın zonalara bölünməsi, sənaye zonalarının tikintisi və.s bu kimi proseslər müəyyən qədər iqtisadiyyata kapital qoyuluşlarının cəlbediciliyini artırmaqla qeyri-neft sektoruna yatırımları dəstəkləyir. Bunun nəticəsi olaraq, neft sektorunda müşahidə edilən kəskin azalma hələlik kapital qoyuluşlarında tam olaraq öz əksini tapmayıb. Çünki neft sektoruna kapital qoyuluşlarında azalma 35-40 faiz ətrafında olub. Burada təzyiqləri aşağı salan əsas səbəb məhz qeyri-neft sektoruna qoyulan investisiyanın həcminin artmasıdır”.
Mərkəzi Bankın məlumatına görə, qeyri-rezidentlər yerli banklardakı əmanətlərini geri çəkməyə başlayıb. Bu, investisiya qoyuluşuna təsir edən amil kimi qiymətləndirilə bilərmi?
Analitik qeyd edib ki, investisiya qoyuluşları ilə qeyri-rezidentlərin əmanətlərini geri çəkməsi arasında fərq var: 
"İnvestisiya qoyuluşları birbaşa olaraq iqtisadiyyata yatırım edir. Amma qeyri-rezidentlər əmanətlərini müəyyən vaxtlarda müəyyən səbəblərdən çəkə bilirlər. Onların ölkədə fəaliyyətinin bitməsi və yaxud da əmanət qoyduqları banklarla bağlı proqnozlar nisbətən qaranlıq olduqda və ya bankın gələcəyi proqnozlaşdırıla bilən olmadıqda öz əmanətlərini geri çəkirlər. Eyni zamanda, qeyri-rezidentlər öz istehlak məqsədi ilə də vəsaitləri götürürlər. Bu, dəyişən rəqəmdir, yəni, daimi bu istiqamətdə volunteerlik hiss olunur. Ümumiyyətlə, hansı ölkələrdə maliyyə-bank sektorunda tərəddüdlər daha çox olur və risk ehtimalı yüksək olur, həmin ölkədə xarici əmanətçilərin əmanət qoyuluşlarının həcmində azalma müşahidə olunur. Oxşar proses Azərbaycanda 2015-ci ildən başlayıb, bu da, təbii qəbul olunmalıdır”.