Sorosun senarisinin Azərbaycanda reallaşması ehtimalı sıfıra yaxındır - POLİTOLOQ

18/01/2019 - 18:37 2 236 0   0  

Avropa Parlamentində baş verənlər ürək bulandırır.

"Avropa Parlamenti (AP) tərəfindən Azərbaycana qarşı qəbul etdiyi qətnamə qərəzli sənəddir".
Bu barədə Milli.Az-a açıqlamasında tanınmış politoloq, Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıxov Avropa Parlamentinin yanvarın 17-də "Azərbaycanda vəziyyət haqqında və Mehman Hüseynovun işi"-2019/2511 saylı qətnamə qəbul etməsini şərh edərkən bildirib.
Onun sözlərinə görə, bu qətnamə heç bir icbari xarakter daşımasa da, belə bir qərəzli sənədin qəbul edilməsinin arxasında müəyyən dairələr dayanır: "Onlar Azərbaycana qarşı qərəzli düşmənçilik mövqeyində duran qüvvələrdir. Biz artıq onları tanıyırıq və hətta onların fəaliyyəti, iş prinsipləri də bizə bəllidir.
AP-də bu cür addımın atılmasını erməni izi ilə də əlaqələndirmək olar. Çünki Prezident İlham Əliyev ötən ilin yekunlarına dair keçirilən müşavirədə qeyd etdi ki, heç kimə sirr deyil ki, Ermənistan beynəlxalq arenada konyak diplomatiyasını işə salıb və bir çox siyasətçiləri satın alıb. Yəni ermənilərin "konyak diplomatiyası" görünür artıq öz "bəhrə"sini verir".
Politoloqun fikrincə, Avropa Parlamentinin qərəzli olduğu onun məsələlərə yenə də ikili standartlardan yanaşmasından da görünür: "Məsələn, təəssüflər olsun ki, Fransada "sarı jiletlilər" hərəkatı ilə bağlı bu qədər hadisələr baş verir. Orada hərəkatın onlarla üzvü həbs olunur, xoşagəlməz hadisələr yaşanır, onlara qarşı zor tətbiq edilir, dəyənəklərlə döyülür, aksiyaçılara qarşı gözyaşardıcı qazlardan istifadə olunur, çoxlu sayda xəsarət alanlar var. Amma bununla bağlı nəinki qətnamə qəbul olunur, heç müzakirələr də keçirilmir. Yəni buradan da ikili yanaşmaların olduğu açıq-aydın görünür".
F.Sadıxov hesab edir ki, belə qətnamələrin qəbul edilməsində məqsəd Azərbaycana təzyiq göstərmək, bu yolla maraqlarının təmin olunmasına nail olmaqdır: "Məqsəd Azərbaycanı sözəbaxan ölkəyə çevirmək, burada qalmaqamal, gərginlik, qarışıqlıq yaratmaq, ölkədəki stabilliyi pozmaqdır. Çünki Azərbaycanın özünü bu qədər müstəqil aparması bir sıra dairələri qıcıqlandırır. Buradakı stabilliyin, təhlükəsizliyin olması onların xoşuna gəlmir. Məncə onlar Azərbaycana təzyiqlə istədiklərinə nail olmaq istəyirdlər. Bilirik ki, bu qətnamənin müəllifləri Corc Sorosa yaxın adamlardır. Sorosun bununla bağlı müxtəlif senariləri var. O, artıq bəzi postsovet ölkələrində bu senariləri həyata keçirən müəllif və rejissor kimi tanınır. Lakin bu senarinin Azərbaycanda reallaşması ehtimalı sıfıra yaxındır. Azərbaycanda onların istədikləri qalmaqal, gərginlik, qarşıdurma ola bilməz. Sadəcə bütün bunlar ürək bulandırır. Onları Azərbaycandakı yüzminlərlə qaçqın və köçkünün taleyi yox, onun nüfuzuna xələl gətirmək, maraqlarına zərbə vurmaq, pisləmək maraqlandırır".