"Mədəniyyət", yoxsa "mədəniyət" yazmalıyıq? - Qoşa "y" hərfi olan sözlərin taleyilə bağlı AÇIQLAMA

29/10/2018 - 16:13 1 585 1   0  

2017-ci ilin dekabr ayında Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu Azəbaycan dilinin orfoqrafiya lüğətinə dəyişikliklər barədə layihə hazırlandığını açıqlanmışdı. 2018-ci ilin ilk ayından etibarən lüğətə ediləcək dəyişikliklər mətbuatda geniş müzakirə edilmişdi. Orfoqrafiya lüğətinin 2013-2014-cü illərdəki nəşrlərinə 36 bənddən ibarət orfoqrafiya qaydaları daxil edilmişdisə, yeni layihədə 62 bəndlik izahedici orfoqrafiya qaydaları hazırlanmışdı. Yeni layihədə fonetik prinsip əsas götürülərək qoşa “yy” ilə yazılan sözlərin bir “y” ilə yazılması – məsələn, ədəbiyyat, ətriyyat, mədəniyyət – eyni zamanda, alınma dildə qoşa “ss” ilə bitən sözlərin bir “s” ilə yazılması – məsələn, “ekspress”, “stress” sözlərinin bir “s” yazılması təklif olunmuşdu.
Bu təkliflərdən sonra bəzi jurnalistlər artıq “ədəbiyyat” sözünün yerinə “ədəbiyat” yazırdı.
Bəs qeyd olunan təkliflər qüvvəyə minəcəkmi? Qaydalar qəbul olunacaqsa, bu, nə zaman baş verəcək?
A24.Az-a açıqlama verən AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu bildirib ki, qeyd olunan təkliflər barədə layihə bir ay əvvəl Nazirlər Kabinetinə göndərilib. “Layihə Nazirlər Kabinetinə göndərilib. Güman edirəm ki, təsdiqlənəcək. Təsdiqlənən kimi artıq yeni orfoqrafiya lüğətini çap edəcəyik. Düşünürəm ki, növbəti ilin ilk rübündə artıq kitab nəşr ediləcək. Nəşrdən sonra bütün dəyişikliklər əsas götürüləcək, yeni qaydalar düzgün sayılacaq”.
Layihəni hazırlayan komissiya fonetik prinsipi əsas gətirərək sözlərin deyildiyi kimi yazılmasını uyğun sayırdı:
“Türkiyədə sözlər deyildiyi kimi yazılır. Ona görə də biz fonetik prinsipə əsaslanmalıyıq. İki “yy” ilə yazılan sözlərlə bağlı təklif edirik ki, onlar bir “y” ilə yazılsın. Eyni zamanda, alınma dildə qoşa “ss” ilə bitən sözlərin bir “s” ilə yazılması təklif olunur. Məsələn, “ekspress”, “stress” sözləri”.
Qeyd edək ki, qəbul olunacağı gözlənən layihədə bununla yanaşı bir sıra dəyişikliklər nəzərdə tutulub.