“İrad Hacıyevi öldürüblər” - əmisi qızı ittiham etdi

14/01/2019 - 16:36 10 783 0   0  

Hazırda Praqada yaşayan Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova “İrşad telekom”un mərhum sahibi İrad Hacıyevin öldürülməsi haqda status olduqca sensasional paylaşıb.

Mətanət Əzizova İrad Hacıyevin öz əcəli ilə dünyadan getmədiyini, onun məhz öldürüldüyünü iddia etməklə istintaqı ittiham edir.

Həmin statusu təqdim edirik: 
“İrad Hacıyev əmim oğludur. “İrshad telecom”un təsisçisi və rəhbəri idi. Ayrı uğurlu biznesləri də var idi. Devalvasiyaya baxmayaraq işi normal gedirdi. Son vaxtlar anasının sağlamlığı ilə məşğul idi. Ümumiyyətlə, anasına çox bağlı idi. Ölüm günündən 2 gun sonra anasını İsrailə növbəti müayinəyə aparmali idi. Biletlər əlində idi. Şəxsi həyatı isə şəxsi həyatdır, öz sevincləri və kədəri ilə. Və birdən-birə bu insan həyatdan yox oldu. 4 ay əvvəl müəmmalı şəkildə rəhmətə getdi. KİV-lər müxtəlif versiyalar yazdı, qohumlar susdu ki, istintaq gedir, səhv buraxmayaq. Və deyəsən, nahaq susduq. Bu gün mən Əzizova Mətanət hüquq-mühafizə orqanlarını ittiham edirəm. Bəli, ittiham. İrad Haciyev intihar etməyib. İrad Haciyevi öldürüblər və maraqli şəxslər bunu ört-basdır etməyə çalışırlar.

Təsəvvür edin, insanın meyitini evdə tapırlar, amma hüquq-muhafizə orqanlarının nümayəndələri evdə heç bir istintaq addımları atmırlar, hadisə yerindən əl izləri götürülmür, yaxın qohumların ifadəsi dinlənilmir, nə də ki, yaxınları tərəfindən onlara təqdim edilən versiyalar araşdırılmır. Təsəvvür edin ki, “sudmedekspertiza” rəy verir və rəsmi senəddə ölümün səbəbini intihar yazır. Ay həkim, tibbi səbəbini yaz, a bala, ürəyimi dayanıb, beynimi, axi sən həkimsən, istintaq orqanı deyilsən, intihar və ya qəsdən öldürülmə bu müstəntiqin işidir, həkimin yox. Və həkimin rəyi əsasında cinayət işində ölümün səbəbi kimi intihar göstərilir.

Kimlər maraqli idi onun ölümündə?

İradın biznesi və pulları kimə maraqlı idi, onlar da onu öldürüblər.

Bəli, mən ittiham edirəm ki, İrad Hacıyevi öldürüblər və hüquq-mühafizə orqanları bu işin araşdırmasında maraqlı deyillər”.
Mətanət Əzizovanın paylaşımı geniş müzakirələrə səbəb olub.

“İrşad Telekom” MMC-nin rəhbəri İrad Ağahüseyn oğlu Hacıyevin meyiti yaşadığı evdə ötən il sentyabrın 14-də aşkar olunub. Həmin vaxt yayılan məlumatlarda deyilirdi ki, İrad Hacıyevin cansız bədəni yaşadığı ünvanda vanna otağında aşkar olunub, vannanın yanında çoxlu sayda dərman qutusu aşkar edilib. İrad Hacıyevin ölümü ilə bağlı Bakı Şəhər Prokurorluğunda (BŞP) Cinayət Məcəlləsinin 125-ci - özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanmışdı. 
Ölümündən sonra yayılan xəbərlər isə mərhumun intiharında olduqca şübhəli məqamların varlığına dəlalət edirdi. İrad Hacıyevin həyatla öz xoşu ilə vidalaşmasına böyük şübhələr vardı. Onun əmisi qızı Mətanət Hacıyevanın aylar sonra yazdığı status bir daha bu şübhələrin əsassız olmadığını təsdqiləyir. Telekommunikasiya satışı sahəsində qurduğu biznesin uğurlu inkişafı İrad Hacıyevi bütün ölkəyə tanıtmışdı.

Məşhur iş adamının müəmmalı ölümü haqda “Yeni Müsavat”ın 26 sentyabr 2018-ci il tarixli sayında “İrşad telekom” sahibinin ölümündə kriminal izlər - yeni iddialar” http://musavat.com/news/irsad-telekom-sahibinin-olumunde-kriminal-izler-... sərlöhvəli yazı dərc etmişdik.

Həmin yazıdan sitat:
“Yeni Müsavat” xəbər verir ki, 1978-ci il təvəllüdlü İrad Hacıyev dünyasını dəyişəndən sonra onun intihar etməsi xəbəri ilə yanaşı, infarktdan ölməsi xəbəri yayılıb. Son xəbərlər isə məşhur mağazalar şəbəkəsinin sahiblərindən birinin ölümündə mübhəm məqamların olduğuna dəlalət edir. Məşhur biznesmen infarktdan ölübsə, məhkəmə tibb ekspertinə bunu müəyyən etmək üçün 1 ay vaxt lazım deyil. 1 saatın içində daxili müayinə, ürəyin ətraflı yoxlanılması konkret fikir söyləməyə imkan verir. Azərbaycanda bilik səviyyəsi yüksək olan kifayət qədər məhkəmə tibb eksperti var. Yəni iş adamının infarktdan dünyasını dəyişməsi xəbərlərinin ömrü məhkəmə tibb ekspertlərinin mərhumun meyitini xarici və daxili müayinədən keçirənə qədər olmalı idi.

Bəs nə baş verib? Onu özünü öldürmə həddinə kim çatdırıb? 40 yaşında belə bir məqama çatmış iş adamı evinə çəkilib vanna otağında özünü öldürmək niyyəti ilə niyə dərman içsin ki?”

İrad Hacıyevin müəmmalı ölümündən sonra onun qardaşı, tanınmış rejissor Əhəd Hacıyev publika.az-a açıqlamasında bildirmişdi ki, həkimlər qardaşının infarktdan dünyasını dəyişdiyini deyiblər. Ə.Hacıyev qardaşının hər hansı problem, sıxıntısı olmadığını da dilə gətirmişdi: “O, neçə il idi ki, anamızı xaricdə müalicə etdirirdi və hadisədən 2 gün sonra ora uçmalı idi. Necə ola bilər ki, bu qədər mübarizə aparan, həyata bağlı olan insan intihar etsin? Həm də onun maddi sıxıntısı, problemi yox idi. Şirkətin işləri də normal gedirdi. Ailəsi, övladları, hər şeyi qaydasında idi və onun psixologiyasına təsir edə biləcək bir şey baş verməmişdi”.

Mərhum iş adamının qardaşının açıqlaması da əmisi qızı Mətanət Əzizovanın ittihamları ilə üst-üstə düşür. 
40 yaşında böyük biznes uğurları qazanmış maddi sıxıntısı, problemi olmayan, şirkətinin işləri normal gedən, ailəsi, övladları, hər şeyi qaydasında olan bir iş adamı niyə intihar etməli idi? Psixologiyasına təsir edə biləcək bir şey baş verməyib.

Maraqlıdır ki, baş verən olaydan sonra “İrşad Telekom”in digər sahibləri hər hansı açıqlama verməyiblər. Ən azı onlar da mövqelərini bildirə, İrad Hacıyevin işlə bağlı, bizneslə əlaqəli problemlərinin olub-olmamasına aydınlıq gətirə bilərdilər.
Mətanət Əzizova şərhlərdən birinə cavab olaraq İrad Hacıyevin şəriki haqda yazır:

“İrşad - İrad və Rəşad deməkdir. 2 dost idilər. İrad və Rəşad iki təsisçidirlər. Amma əsas İrad idi. Bu gün Rəşad deyəsən öz dostunu unudub, baxmayaraq ki, İrad öz oğluna onun adını qoyub”.

İrad Hacıyevin ölümündən sonra “Yeni Müsavat” əməkdaşı bu və digər iddiaların nə dərəcədə doğru olmasına aydınlıq gətirmək üçün “İrşad Telecom”la da əlaqə saxlamışdı. Həmin vaxt suallarımızı dinləyib münasibət açıqlayacaqlarını bildirsələr də, sonradan hər hansı bir açıqlama verilməmişdi.

Qeyd edək ki, İrad Hacıyev biznes şəbəkəsini 22 yaşı olanda, 2000-ci ildə Rəşad adlı şəriki ilə yaradıb. 2007-ci ilə qədər “İ&R Telecom” kimi fəaliyyətdə olan şirkət həmin ildən “İrşad Telecom” (İrşad İ.R. MMC) adı altında fəaliyyətini davam etdirməkdədir. İrşad sözünün İrad və Rəşad sözlərinin birləşməsindən yaranması haqda da xəbərlər var. Bildirilir ki, bir müddət əvvəl şirkətdə daha bir nəfər rəhbər şəxs peyda olub. İrad Hacıyevin həmin şəxslə münasibətləri o qədər də isti olmayıb. Belə xəbərlər də var ki, 2000-ci ildən bu günə qədər şirkətin 31 mağazaya qədər böyüməsində İrad Hacıyevin böyük əməyi olub. Şirkətin bundan sonrakı dövrdə digər bir holdinqin daxilində fəaliyyəti haqda da ona təkliflər edilibmiş. Lakin İrad Hacıyev bu təklifləri qətiyyətlə rədd etməsi iddiası da var.

Bakı Şəhər Prokurorluğundan iddialara münasibət öyrənə bilmədik. Bununla belə prokurorluğunda mövqeyini dərc etməyə hazırıq.
"Yeni Müsavat”

“İrad Hacıyevi öldürüblər”