Mariya Zaxarova kimin dili ilə Azərbaycanı hədələyir?

14/01/2019 - 10:51 2 506 1   0  

Politoloqlar bunun daha çox Rusiya XİN-in mövqeyi olduğunu deyirlər

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova yenə də erməni təəssübkeşliyini nümayiş etdirib, növbəti dəfə Azərbaycana qarşı bəyanat verib. Xəbər verildiyi kimi, ötən həftəsonu o, keçirdiyi brifinqdə erməni mənşəli Rusiya vətəndaşlarının Azərbaycana buraxılmamasından danışıb və ölkəmizi ittiham edib.

Zaxarovanın bu açıqlamasına Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva sərt cavab verib. L.Abdullayeva Azərbaycanın hər zaman Rusiya vətəndaşları üçün açıq olduğunu xatırladıb: “Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinə yaxşı bəllidir ki, uzun illər ərzində Ermənistan Azərbaycana qarşı işğalçı siyasət aparır və bu siyasət nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu işğal edilib, bir milyondan artıq insan etnik təmizləməyə məruz qalaraq qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan silahlı qüvvələrinin 1992-ci 26 fevral tarixində törətdiyi Xocalı soyqırımı nəticəsində aralarında azyaşlı uşaqlar, qadınlar və yaşlı insanlar olmaqla 613 nəfər dinc sakin vəhşicəsinə qətlə yetirilib. BMT Təhlükəsizlik Şurasının 1993-cu il tarixli məlum 4 qətnaməsində (822, 853, 874 və 884) işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş ərazilərindən çıxardılması və bu ərazilərdən zorla qovulmuş insanların öz doğma yurd-yuvalarına geri qayıtması tələbi əks olunub. Rusiya  BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi sözügedən qətnamələrin qəbul olunmasına səs verib. Lakin 25 ildən artıqdır ki, Azərbaycan torpaqları işğal altındadır və bu qətnamələrin tələbləri icra olunmur. Azərbaycan dünya miqyasında multikulturalizmin mərkəzi kimi tanınır. Azərbaycan Ermənistandan fərqli olaraq çoxmillətli dövlətdir. Bir çox xalqların, o cümlədən erməni xalqının nümayəndələri Azərbaycan Respublikasında sülh və əmin-amanlıq şəraitində birgə yaşayırlar. Hazırda ölkəmizdə 30 mindən çox erməni əsilli Azərbaycan vətəndaşı yaşayır. Ermənistan isə monoetnik dövlətdir. Azərbaycan və Rusiya prezidentləri səviyyəsində keçirilmiş çoxsaylı görüşlərdə Azərbaycanın bu istiqamətdə fəaliyyət və səyləri Rusiya tərəfindən yüksək qiymətləndirilir.

Ä°lgili resim

Ermənistanda erməni əsilli uşaqlara rusdilli məktəblərdə təhsil almaq məhdudiyyəti qoyulduğu halda, Azərbaycanda 340-dan çox rus dilində tədris müəssisələri vardır. Ermənistanda isə belə məktəbləri barmaqla saymaq olar. Azərbaycan hər zaman Rusiya vətəndaşları üçün açıqdır. Yalnız 2018-ci ildə 880 min Rusiya vətəndaşı ölkəmizdə səfərdə olub və onlar tərəfindən bir dəfə də olsun göstərilən məsələlər ilə bağlı şikayət olunmayıb. Səfər edən Rusiya vətəndaşlarının böyük əksəriyyəti səfərlərindən məmnun qalıb və göstərilmiş qonaqpərvərliyə görə təşəkkürlərini bildiriblər. Səfər edənlər arasında erməni əsilli Rusiya vətəndaşları da olub. Eyni zamanda, Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə, idman yarışlarında, mədəni tədbirlərdə nəinki erməni əsilli Rusiya vətəndaşları, hətta Ermənistan vətəndaşları da iştirak edib və onların heç bir problemi olmayıb”.

XİN sözçüsü təəssüflə bildirib ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibinin ikitərəfli strateji münasibətlərin ruhuna zidd olan bəyanatla çıxış etməsi ilk dəfə deyil: “RF XİN mətbuat katibi bəyan edib ki, ”Azərbaycan tərəfi söz verib ki, bu vəziyyəti düzəldəcəkdir". Biz bunu qətiyyətlə təkzib edirik. Azərbaycan-Rusiya münasibətləri bərabərhüquqlu əlaqələrdir və “vəziyyəti düzəldəcəklər” ifadəsi ikitərəfli münasibətlərin mahiyyətinə ziddir. Əminik ki, Rusiya XİN-in mətbuat katibinin növbəti təxribat xarakterli və anti-Azərbaycan bəyanatı Azərbaycan-Rusiya əlaqələrinə mənfi təsir göstərməyəcək".

Politoloq Nəzakət Məmmədova ile ilgili görsel sonucu

Politoloq Nəzakət Məmmədova bildirdi ki, Mariya Zaxarovanın erməni millətindən olan Rusiya vətəndaşının Azərbaycana buraxılmamasına görə bəyanatı iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinə zidd fikirlərdən ibarətdir: “Görünür, Azərbaycanla Rusiya arasında münasibətlərin getdikcə daha da yaxınlaşması Rusiyanın diplomatiya idarəsindən daha çox, ermənilərin kök saldığı, onların maraqlarının müdafiəçisi kimi çıxış edən Rusiya XİN-də bəzi şəxslər arasında narahatlıq yaradıb. Hesab edirəm ki, Zaxarovanın bu sözlərini Vladimir Putinin deyil, Sergey Lavrovun və XİN-də kök atmış ermənilərin istədiyi mövqedir”.

Politoloq vuğuladı ki, Azərbaycan suveren dövlət kimi öz ərazisinə əcnəbi vətəndaşları buraxıb-buraxmamaq hüququna malikdir: “Konkret olaraq erməni millətindən olan şəxsin ölkəyə daxil olmasına icazə verilməzsə, bunun bir sıra, o cümlədən də təhlükəsizlik nöqteyi-nəzərindən səbəbləri ola bilər.  Azərbaycan suveren dövlətdir və heç kəsin buna görə ölkəmizi tənqid etmək və ya irad bildirməyə ixtiyarı yoxdur. Dövlət sərhədindən keçidə icazənin verilib-verilməməsi hər bir ölkənin öz hüququdur. Üstəlik, söhbət erməni soyadı daşıyan şəxslərdən gedirsə, bunu anlamaq çətin deyil. Çünki biz 30 ilə yaxındır Ermənistanla müharibə şəraitindəyik. Ermənistan Azərbaycan torpaqlarını hələ də işğalda saxlayır, hər gün atəşkəsi pozur. İndiyə qədər Azərbaycana qarşı çoxsaylı terror-təxribat fəaliyyəti də olub və onları çox zaman Rusiyada yaşayan ermənilər törədib. Zaxarova və onu danışdıranlar bunları unutmamalıdırlar. Digər tərəfdən, Azərbaycanda indi də minlərlə erməninin yaşadığını, eyni zamanda beynəlxalq idman, siyasi, mədəni tədbirlər zamanı ermənilin buraya gəldiklərini nəzərə alsınlar. Elə Zaxarovanın özünün də ötən il iştirak etdiyi ”Jara" festivalında erməni qarışığı olan müğənni Zaranın buraya gəlməsi Rusiya XİN sözçüsünün dediklərini təkzib edir".

Məmmədova bildirdi ki, Mariya Zaxarova Rusiya vətəndaşlarının qayğısına qalırsa, o zaman 5 ilə yaxındır ermənilərin girovluğunda olan Rusiya vətəndaşı Dilqəm Əsgərovun azad olunmasına çağırış etsin.

Ä°lgili resim

Politoloq Əhəd Məmmədli isə qeyd etdi ki, Rusiya XİN-də ermənilər həmişə azərbaycanlılardan güclü olub: “Mariya Zaxarova da orada ermənilərin adamı kimi tanınır. Ermənilərin Rusiyada bir nömrəli adamı bir tərəfi erməni olan xarici işlər naziri Sergey Lavrovdur. Lavrov Putin iqtidarının əsas simalarındandır. Zaxarovanın da Lavrovla çox isti münasibətləri var. Ona görə hələ Zaxarova çox anti-Azərbaycan bəyanatlarını verəcək.  O, Lavrovun demək istədiklərini deyir. Amma bu, o demək deyil ki, bütün bunlardan Putinin xəbəri yoxdur”.