Səfər Mehdiyev: “Ötən il narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 264 fakt aşkar edilib”

12/01/2019 - 09:43 2 329 0   0  

“2018-ci ildə ölkə ərazisinə gətirilən mallara və nəqliyyat vasitələrinə gömrük nəzarəti daha da gücləndirilib, gömrük qaydalarının pozulmasına qarşı mübarizə tədbirləri genişləndirilib. Əməliyyat-axtarış fəaliyyəti istiqamətində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 747 cinayət xarakterli və 9 672 hüquqpozma faktı aşkarlanıb”. "Report” xəbər verir ki, bu fikri DGK sədri Səfər Mehdiyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bildirib.

S.Mehdiyevin sözlərinə görə, hesabat dövründə narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 264 fakt aşkar edilib:

“Bu faktlar üzrə ümumilikdə 1 ton 193 kiloqram narkotik vasitə və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb. Bundan başqa, valyuta və valyuta sərvətləri, zinət əşyaları, dərman preparatları, mobil telefonlar, pnevmatik və soyuq silahlar və digər mallar tutulub. Cari ildə gömrük orqanları tərəfindən 308 nəfər cinayət məsuliyyətinə cəlb olunub və aşkar edilmiş 8 925 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 332 hüquqi şəxs və 8 608 fiziki şəxs barəsində inzibati qaydada tədbirlər görülüb”.