PREZİDENTDƏN SABİQ NAZİRLƏRƏ AĞIR İTTİHAMLAR – “Piramida yaradılırdı, sahibkarlar incidilirdi…”

12/01/2019 - 09:13 2 635 0   0  

Yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqlə çıxış edən Prezident İlham Əliyev bəzi dövlət qurumlarının fəaliyyətində yol verilən nöqsanları sərt şəkildə tənqid edib. “AzPolitika.info“nun məlumatına görə, dövlət başçısı həm Vergilər Nazirliyində, həm Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində, həm də “Azərenerji”də əvvəlki rəhbərliklərin dövründə ciddi qanunsuzluqlara yol verildiyini bildirib.  Prezident ad çəkməsə də sabiq vergilər naziri Fazil Məmmədovun, Əmək və Əhalinin Sosial Müdafiə naziri Səlim Müslümovun və “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevin fəaliyyətlərində yol verdikləri qanunsuzluqlara görə, işdən çıxarıldığına işarə vurub. Prezidentin çıxışının həmin hissələrini təqdim edirik.

“…Burada qeyd olundu ki, gömrük sahəsində aparılan islahatlar nəticəsində biz büdcəmizi böyük dərəcədə artıra bilmişik. Hətta keçən il dürüstləşmə apararaq büdcəmizi artırmışıq ki, əlavə işləri görə bilək. Həm sosial sahəyə, həm də infrastruktur layihələrinin icrası ilə bağlı əlavə vəsait ayrıldı. Bütün bunlar nəyə görə mümkün olmuşdur? Ona görə ki, həm vergi, həm də gömrük sahələrində artıq yeni yanaşma mövcuddur. Yeni icraçılar vəzifəyə gətirildi, rəhbərlikdə dəyişikliklər edildi və hər bir ölkə üçün xüsusi əhəmiyyət daşıyan bu qurumlar indi çox yaxşı işləyir, şəffaflıq, dürüstlük təmin edilir. Korrupsiyaya, rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılır və aparılacaqdır. Bu işlərdə əli olan adamlar məsuliyyətə cəlb olunur, vəzifədən kənarlaşdırılır. Yəni, tam sağlamlaşdırma prosesi gedir və artıq keçən ilin timsalında biz gözəl nəticələri görə bilmişik.

Vergi sahəsində də çox dərin islahatlar aparılıb. Hesab edirəm ki, vergi planının yerinə yetirilməsi çox yüksək qiymətə layiq olan məsələdir. Çünki əvvəlki rəhbərlik tərəfindən buraxılmış kobud səhvlər ona gətirib çıxarmışdı ki, gələn illərin vergiləri yığılırdı, beləliklə, bir piramida yaradılırdı, sahibkarlar incidilirdi, onlara qarşı əsassız tələblər irəli sürülürdü. Vergi sahəsində özbaşınalıq hökm sürürdü, bir çox xoşagəlməz əməllər müşahidə olunurdu. Bütün bunlara son qoyulmalı idi və son qoyuldu. Keçən ilin təcrübəsi onu göstərir ki, həm vergi, həm gömrük sahəsində yeni rəhbərlik mənim göstərişlərimi yaxşı yerinə yetirir. Biz bu sahələrdə aparılan islahatların nəticələrini bundan sonrakı illərdə də görəcəyik. Bu sahələrdə tam şəffaflıq və dürüstlük olmalıdır. Bu sahələrdə işləyən insanlara da xəbərdarlıq edildi ki, əvvəlki qayda ilə işləmək mümkün olmayacaq və onlar özləri də bu nəticəni çıxarsınlar. Kim ki nəticə çıxarmır, onlara qarşı tədbirlər görülür, o cümlədən bir çox adamlar cinayət məsuliyyətinə də cəlb olunurlar.

1536845513_untitled-1-recovered

Mən tam əminəm ki, aparılan islahatlar nəticəsində həm bizim gəlirlərimiz artacaq, – artıq artıb, gömrük 1 milyard manat əlavə vəsait toplayıb, – eyni zamanda, biz kölgə iqtisadiyyatına böyük zərbə vurmuş olarıq. Bu, böyük bəladır və biz bu bəla ilə bağlı çox ciddi mübarizə aparırıq. Azərbaycanda kölgə iqtisadiyyatı olmamalıdır. Düzdür, elə bir ölkə yoxdur ki, orada kölgə iqtisadiyyatı olmasın. Biz kölgə iqtisadiyyatına qarşı həm inzibati, həm də institusional yollarla, o cümlədən islahat yolu ilə mübarizə aparırıq və aparacağıq. Vergi sahəsində aparılan islahatlar qanunsuz məşğulluğa son qoymalıdır…

... Eyni zamanda, sosial sahədə çox ciddi islahatlar aparılır. Bu gün onların bir hissəsi səsləndirildi. Bu sahədə də vaxtilə çox böyük pozuntular, ədalətsizliklər olub. Bütün bunlar indi aradan qaldırılır və bu sistem də vətəndaşlara tam ədalətli xidmət edəcək.

… Bu il “Şimal-2″ yeni böyük elektrik stansiyasının istifadəyə verilməsi gözlənilir. Bu stansiya 400 meqavat enerji istehsal edəcək. İndi biz özümüzü elektrik enerjisi ilə tam təmin edirik, hətta böyük həcmdə ixrac da edirik. Ancaq biz yeni güclər yaratmalıyıq. Çünki tələbat artır, sənaye artır, əhali artır və ixrac imkanlarımız genişlənir. Ona görə 400 meqavat gücündə “Şimal-2″ elektrik stansiyasının işə salınması mühüm hadisə olacaqdır. Bununla bərabər, keçən ilin ikinci yarısından başlayaraq – o qəza baş verəndən sonra bizim enerji sistemimiz çox ciddi təftiş olunur. Bu sahədə də çox böyük pozuntular aşkarlanıb. Məhz bu pozuntular nəticəsində biz yay mövsümündə gözlənilməz bir qəza ilə üzləşmişdik. Ona görə bütün çatışmazlıqlar operativ qaydada aradan qaldırılır və eyni zamanda, mövcud enerji bloklarımızın reabilitasiyası, yenidən qurulması prosesinə start verilib…

etibar

...Keçənilki qəzadan sonra aydın oldu ki, bizim strateji obyektlərimiz bu fövqəladə vəziyyətə hazır deyil və bu, böyük təəssüf hissi yaradır. Əlbəttə ki, bu strateji obyektlərə rəhbərlik edən şəxslər də tənbeh olundu. İndi isə görülən və görüləcək işlər nəticəsində bütün strateji obyektlərdə müasir generator sistemi quraşdırılacaq, bu məqsədlər üçün vəsait ayrıldı. İlk növbədə, metro stansiyalarında generatorlar quraşdırılacaq. Artıq kontraktlar da imzalandı və bu il biz bunu tam şəkildə təmin edəcəyik…”