İntihar edən gömrükçüdən 30 milyon dollar tələb olunurmuş: Fazil Ələkbərov Asəf Məmmədovdan yenə əl çəkmir

05/01/2019 - 14:22 11 548 2   0  

Ölkədə böyük ajiotaja səbəb olan Naxçıvan MR-nın Gömrük Komitəsinin sədr müavini Mirməhəmməd Seyidovun intihar etməsindən 5 gün keçsə də bununla bağlı hələlik heç bir rəsmi açıqlama verilməyib. Həmçinin, intihar hadisəsi ilə bağlı cinayət işinin açılıb-açılmaması bağlı da məlumat yoxdur. Buna baxmayaraq, muxtar respublikanın vəzifəli şəxsləri baş verən cinayət hadisəsinin ört-basdır edilməsi üçün mümkün olan bütün vasitələrdən istifadə etməyə çalışırlar.

Halbuki Mirməhəmməd Seyidovun intihar etməsi Naxçıvanda böyük qalmaqala səbəb olubmuş. Belə ki, rəsmi qurumlar mərhumun cəsədinin Bakıya aparılmasına mane olmaq istəyiblər. Amma Mirməhəmməd Seyidovun evinə insan seli axışdığından polislər qarşıdurmadan ehtiyatlanaraq geri çəkiliblər. Yanvarın 1-də Mirməhəmməd Seyidov Bakıda dəfn edilib və onun yas mərasimində aralarında yüksək vəzifəli şəxslər olmaqla minlərlə insan iştirak edib.

AzToday.az-a daxil olan məlumatlarda bildirilir ki, baş vermiş cinayət hadisəsi ölkənin siyasi rəhbərliyi tərəfindən qəzəblə qarşılanıb. Və muxtar respublikanın Ali Məclisinin sədri Vasif Talıbov başda olmaqla daxili işlər naziri Fazil Ələkbərov və Əşrəf adlı polis polkovnikinin cəzalandırılacağı gözlənilir.

Fazil Ələkbərov

Redaksiyamıza daxil olan yeni məlumatlarda deyilir ki, Vasif Talıvovun qudası Fazil Ələkbərov və Əşrəf adlı polis polkovniki bir ay müddətində Mirməhəmməd Seyidovdan Naxçıvan Gömrük Komitəsnin sabiq sədri Asəf Məmmədova qarşı ifadə verməyi, həmçinin hansısa cinayətləri üzərinə götürməyi və 30 milyon dollar pul tələb ediblər. Əks halda onu muxtar respublikanın keçmiş milli təhlükəsizlik naziri Vəli Əsgərovun aqibəti ilə təhdid ediblər. Həmçinin, Mirməhəmməd Seyiodvun bacısı oğlu, təxminən 3 il əvvəl Asəf Məmmədovun Bakıda tikdirdiyi otelin inşa olunması prosesinə nəzrət edən Şahin Şükürovu Naxçıvana çağıraraq sabiq komitə sədrinə qarşı ifadə verməyi tələb ediblər. Bu məqsədlə Naxçıvanın Daxili İşlər Nazirliyində Şahin Şükürov dəhşətli işgəncə və ağır təhqirlərə məruz qoyulub. Ötən yazılarımızda xəbər verdiyimiz kimi, dekabrın 31-də Mirməhəmməd Seyidova psixoloji təzyiq etmək üçün onun gözü qabağında Şahin Şükürov təhqir edilməklə bərabər vəhşicəsinə döyülüb. Buna etiraz edən Mirməhəmməd Seyidov da analoji təzyiqlər ediliib. Həmin gün Daxili İşlər Nazirliyindən buraxılan Mirməhəmməd Seyidov şəxsi sürücüsünün idarə etdiyi avtomobili ilə ordan uzaqlaşıb. Rayonun çıxışında isə yolda maşından düşən Mirməhəmməd Seyidov sürücüsünə getməyi tapşırıb. Maşın aralandıqdan sonra Mirməhəmməd Seyidov ürək nahiyəsinə odlu silahdan atəş açaraq həyatına son qoyub.

Mənbə bildirir ki, Şahin Şükürovun rəhbərliyi altında Bakıda tikilən otel istifadəyə hazır olan zaman Asəf Məmmədovdan alınaraq Vasif Talıbovun oğlu Rza Talıbova verilib. Bununla yanaşı Asəf Məmmədovun otel tikmək üçün nəzərdə tutduğu Səngəçalda dənizkənarı ərazidə yerləşən 72 hektarlıq torpaq sahəsi, “Varovski”dəki malikanəsi, “Neptun” Marketlər Şəbəkəsindəki payı və başqa əmlakları da Vasif Talıbovun oğlanları Seymur və Rza Talıbovların adına keçirilib. Həmçinin, Asəf Məmmədovun İstanbulda Vasif Talıbov üçün 14 milyon dollar dəyərində otel aldığı da yayılan məlumatlar sırasındadır.

AzToday.az-a daxil olan məlumatlara görə, Fazil Ələkbərov indi də Asəf Məmmədovun Türkiyədəki biznes və bahalı mülklərini əlindən almaq üçün hərəkətə keçib…

Orxan Məmmədov

Aztoday.az