ABŞ-İran müharibəsi: yeni il nə vəd edir? - TƏHLİL

05/01/2019 - 10:38 2 641 1   0  

Cənub qonşumuz İran üçün 2018 ən çətin illərdən biri kimi tarixə həkk oldu. Ötən ilin avqustunda ABŞ-ın İrana qarşı sanksiyaları ölkədə iqtisadi durumu daha da ağırlaşdırdı. Bütün bu baş verənlərin fonunda ABŞ-İran müharibəsi ehtimalları getdikcə artır.

İrana qarşı sanksiyalardan sonra bəzi Avropa şirkətlərinin bu ölkədə fəaliyyətini dayandırdıqları məlumdur. Bu şirkətlərin fəaliyyətlərini bərpa edib-etməyəcəkləri suallar doğurur. Fəaliyyətini dayandıran şirkətlərdən ən çox Fransanın “Airbus” şirkətinin adı çəkilir.
“Yeni Müsavat”ın iqtisadiyyat yazar Dünya Sakit bildirdi ki, Avropa Birliyi ABŞ-ın İrana qarşı sanksiyalarına ilk günlərdən etiraz edir: “Tramp İranla bağlı nüvə sazişindən çıxdığını elan etdikdən dərhal sonra Avropa Birliyi rəsmiləri bu addımı dəstəkləmədiklərini bəyan etdilər. Eyni zamanda, vurğulandı ki, Avropa ölkələri və şirkətləri sanksiyalara qoşulmayacaqlar. Hətta bir ara bunun mexanizminin yaradılması planlarının hazırlanması məsələsi qaldırıldı. Lakin sanksiyalar bərpa olunandan az sonra Avropanın böyük şirkətləri İranı tərk etməyə başladılar. Bu, həmin şirkətlərin ABŞ-ın nəzarətində olan dollar məkanında işləmələrindən irəli gələn məcburi bir addımdır. Yəni Avropa şirkətləri istəməsələr belə, ABŞ sanksiyalarını nəzərə almalı olurlar. "Airbus"un təsisçiləri Böyük Britaniya, Fransa və Almaniyadır. Yəni şirkət daha çox Avropa Birliyinin şirkəti kimi tanınır. Amma əsas istehsal obyektləri Fransa ərazisində yerləşir. ABŞ əsilli “Boing”dən sonra dünyanın ikinci böyük aviasiya nəhəngidir. Amma buna baxmayaraq, onun da ABŞ sanksiyalarına qarşı dayanmaq imkanı yoxdur.
Şirkətin “İranAir”lə 100 təyyarənin alqı-satqısına dair 2016-ci ilin dekabrında 18 milyard dollarlıq müqaviləsi olub. Sanksiyalar başlayanadək 4, yaxud 5 təyyarəni təhvil verə bilib. Sanksiyalar başlayandan az sonra isə müqavilənin icrasını dayandırmalı olub. Çünki dollar məkanı ilə biznes əlaqələri daha güclüdür. 2017-ci ildə “Airbus”ən böyük sifarişini ABŞ-ın “Indigo Partners” şirkətindən alıb - 430 müasir tipli sərnişin təyyarəsini 49,5 milyard dollara satıb. Yəni dünyanın ikinci nəhəng iqtisadiyyatı olan Çinin şirkətləri belə, İrana qarşı sanksiyalara boyun əyirsə, bir Avropa şirkətinin kənarda qalması mümkünsüzdür. “Airbus”un İranla müqaviləni bərpa etməsi yalnız ABŞ sanksiyalarının bu ölkənin üzərindən götürməsindən sonra mümkündür. Avropa Birliyi rəsmilərinin bütün etirazlarına rəğmən, “Airbus” kimi şirkətlər iqtisadi və biznes maraqlarından çıxış edərək fəaliyyət göstərirlər. Bu baxımdan, yaxın müddətli dövrdə bu şirkətin İrana təyyarə satışını bərpa edəcəyi gözlənilən deyil".
Politoloq Əhəd Məmmədli İranda inqilab baş verəndən sonra bu ölkənin daim dünyanın diqqət mərkəzində olduğunu söylədi: “İranın min illik dövlətçilik tarixi var. Bu ölkə kimi dövlətlərin daim diqqətdə olması normaldır. İranı çətin günlər bu il də gözləyəcək. Daxildən sosial, milli zəmində yenə də etirazlar ola bilər. Lakin İranın kiminləsə müharibə edəcəyini düşünmürəm. Ələlxüsus də ABŞ və ya İsraillə müharibə edəcəyini heç düşünmürəm. Əksinə, İran müttəfiqi Rusiya ilə problem yaşaya bilər. İsrail Rusiyadan İranın Suriyadan çıxmasını istəyir. Belə olan təqdirdə bu il Rusiya-İran münasibətləri pozula bilər. Sanksiyalar dövründə belə, Avropa Birliyinin İranla ticari münasibətləri var idi. ABŞ da bunu bilirdi. Birləşmiş Ştatlar indi də Avropanın İranla iqtisadi münasibətlərinə əngəl olmur. Xüsusən də, Fransa, Almaniya və İtaliyanın İranla sıx münasibətləri var. Bu münasibətlərin bu ildə davam edəcəyinə şübhəm yoxdur. İran ABŞ-ın caynağında deyil. Rəsmi Tehran regionda Qərb, Rusiya, Çinə də lazımdır. Ona görə İran-ABŞ, İran-İsrail müharibəsinin olacağını düşünmürəm. Türkiyənin regionda gücləndiyi vaxtda İran dünya güclərinə, Ankaraya alternativ kimi lazımdır”.
Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev də hələ ki müharibənin olacağını zənn etmir: “İran özü buna getməyəcəyi halda 2019-cu ildə ABŞ-İran münasibətlərində hadisələrin müharibə həddinə çatacağına inamım azdır. Ən azından ilk atəşi ABŞ açmayacaq. Müxtəlif açıqlamalar, bəyanatlar verilməsinə baxmayaraq ABŞ İran siyasətini müharibə ilə deyil, ağır sanksiyalarla, daxildə baş qaldıracaq narazılıqlarla yürütməyi üstün tutur. Hesab edirəm ki, Suriya hadisələrindən sonra Vaşinqton ikinci qaynar ocaq yaratmaq fikrindən uzaqdır. Nəzərə almaq lazımdır ki, müharibə olacağı halda İran Suriya ilə müqayisədə daha kəskin müqavimət göstərə bilər. Eyni zamanda, vaxtilə İraq, indi də Suriya müharibəsindən sonra ciddi səbəbsiz, sonu görünməyəcək hərbi əməliyyatların keçirilməsini dünya ictimaiyyəti və AB-nin aparıcı dövlətləri qəbul etməyə bilər. Hazırda İrana qarşı seçilmiş sanksiyaların gücləndirilməsi, iqtisadiyyatı sarsıdacaq addımların atılmasının bu il keçənilkindən daha kəskin olacağını düşünürəm. AB-nin aparıcı dövlətləri İranla müharibə siyasətinə qarşı çıxır, ancaq iqtisadi, siyasi sanksiyaların tətbiq olunmasına tərəfdardırlar. Bəzi Avropa şirkətlərinin sanksiyalar üzərindən gizli şəkildə İranla iş görmələri AB-nin sanksiyaları pozması kimi dəyərləndirilməməlidir. Belə hallar hər zaman olub və onun ola biləcəyi ehtimalları həmişə hesablanır. Nəticəyə isə böyük mənada təsir etmir. Digər tərəfdən, düşünürəm ki, ABŞ-ın İranla kəskin dildə, AB-nin isə daha yumşaq danışması gələcəkdə danışıqlar və yaxud ola biləcək güzəştlər üçün saxlanılan körpüdür”.