Deputat Eldar Quliyevin kürəkəni və biznes ortağı haqda SENSASİON İTTİHAMLAR – “"Kapitol" firmasının sahibi qanunları saymır”

03/01/2019 - 22:49 10 966 0   0  

Zəngilan rayonundan məcburi köçkün olan, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, ev 27, mənzil 38-də kirayədə yaşayan Sadıqova Zərqələm Məhəmməd qızı tərəfindən Suveren.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Birinci vitse-prezident  Mehriban Əliyevaya müraciət edən şikayətçi yazır:

Hörmətli Mehriban xanım!

04.09.2013-cü il tarixindən Nəsimi rayon icra şöbəsinin icraatında olan Xətai rayon Məhkəməsinin 2(011)-1481/2011 saylı, 20.10.2011-ci il tarixli icra vərəqəsinin icrası məqsədilə "Kapitol" firmasının direktoru Rövşən Abdullayevin məcburi gətirilməsinə dair Nəsimi rayon icra şöbəsinin verdiyi təqdimat Nəsimi rayon Məhkəməsinin 06.02.2018-ci il tarixli, 8(006)-107/2018 saylı qərardadıyla təmin olunub. Bununla belə, Nəsimi rayon icra şöbəsinin 05.03.2018-ci il, 28.08.2018-ci il və 14.11.2018-ci il tarixlərdə "Kapitol" firmasının direktoru R.Abdullayevin məcburi gətirilməsi üçün Nəsimi RPİ-nin rəisi Musayevə etdiyi müraciətlər Polis İdarəsi tərəfindən icra edilmir.

24 noyabr 2018-ci il tarixdə Sumqayıt şəhərində keçirdiyi qəbulu zamanı Daxili işlər naziri cənab Ramil Usubov Nəsimi RPİ-də yol verdikləri süründürməçiliyə görə Pİ-nin rəhbərliyinə qəti iradını bildirdi və problemi tezliklə həll etmək tapşırığını verdi. Lakin keçən müddət ərzində Nəsimi RPİ-də müxtəlif bəhanələrlə "Kapitol" firmasının direktorunun

icra şöbəsinə gətirilməsi təmin olunmur. Bu haqda Ədliyyə naziri cənab Fikrət Məmmədova, Daxili işlər naziri cənab Usubova və Nəsimi RPİ-nin rəisi cənab Musayevə təkrarən müraciətlər etmişəm.

Milli Məclisin deputatı, Kooperasiya Universitetinin rektoru Eldar Quliyev "Kapitol" tikinti şirkətinin sahibi Abbas Səfərovun həm qayınatası, həm də biznes ortağıdır. Bu səbəbdən, "Kapitol"firmasının sahibi nə Azərbaycan qanunlarını, nə Respublika Prezidenti cənab İlham Əliyevin məcburi köçkünlərlə bağlı verdiyi müvafiq sərəncamları, nə də Azərbaycan Respublikası adından məhkəmələrdə çıxarılmış qətnamələri saya salır.  

Hörmətli  Mehriban xanım!

Məcburi köçkün olan ailə üzvlərimizi 2005-ci ildən rəzil edən və 10 ildir küçələrdə qoyan "Kapitol" tikinti firmasının  özbaşınalığına son qoyulmasına, ailə üzvlərimizin yaşayış sahəsi ilə təmin edilməsinə və mənzil kirayə haqqının ödənilməsinə  dair Xətai rayon Məhkəməsi tərəfindən "Kapitol" firmasının üzərinə qoyulmuş vəzifənin icra olunması üçün Nəsimi rayon Məhkəməsinin 06.02.2018-ci il tarixli, 8(006)-107/18 saylı qərardadıyla "Kapitol" firmasının direktoru Rövşən Abdullayevin Nəsimi rayon icra şöbəsinə məcburi gətirilməsinə dair Nəsimi Rayon Polis İdarəsinə edilmiş müraciətlərin təmin olunmasını  nəzarətə götürməyinizi Sizdən xahiş edirəm”.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Suveren.az