"Dedilər, buranın sahibi tutulub, 15 il yatacaq" - Hacı İbrahimin qardaşının işi

26/12/2018 - 12:55 8 374 0   0  

İş adamı Sahib İbrahimov hakim qarşısına çıxarılıb. Onun cinayət işi üzrə növbəti məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilib.

Məhkəmə prosesində zərərçəkmişlər dindirilib.
Zərərçəkmiş Ehtiram Əhmədov deyib ki, Sahib İbrahimovu əvvəl tanımayıb. O, evi Eldəniz Cəfərovdan aldığını deyib:
"Eldənizin həmin binada iki mənzili var idi. Sənədləşmə işlərini isə Məzahir Cəfərovla etdik, müqaviləni ondan aldım. Özüm 4 ildir həmin mənzildə yaşayıram, bu günə kimi gəlib deyən olmayıb ki, ev başqasına satılıb. Mənə heç bir ziyan dəyməyib".
Məhkəmədə digər zərərçəkmiş Mübariz Əhmədov ifadə verib.
O, mənzil almaq üçün pulu məhz Sahib İbrahimovun özünə verdiyini deyib: "Mən qardaşımla Xətai rayonunda tikilən binadan ev almaq üçün ofisə getdim. Orada oturan qızlar məni Sahib İbrahimova yönləndirdilər. O dedi ki, şirkət və bina onundur. Boş mənzillərə baxdıq, birini seçdim. Qiyməti 96 400 dollar idi. Bu qədər pulumun olmadığını dedim, Sahib İbrahimov yarısını ödəyib qalanını hissə-hissə verə biləcəyimi dedi. Növbəti gün ofisdə Sahibə 48 min 200 dollar ödədim. Sonra da aybaay ödəməklə, ümumi 20 min verdim. 2017-ci ildə komendant mənə zəng edib dedi ki, sənin burada mənzilin yoxdur. Mən də Sahibin yanına getdim, dedi, mən sənə bir dəfə mənzil vermişəm, get evinə sahib çıx. Orda başqa nəsə qaranlıq söhnətlər var idi. Bir binaları sökülmüşdü, ordan adamları başqa binaya köçürmüşdülər. Hamı "Sahil-D kompani"dən tələb edirdi, mən də ora getdim, dedilər, buranın sahibi İlham tutulub, hələ 15 il də yatacaq.
Sonra mən prokurorluğa şikayət edəndən sonra Sahib İbrahimov mənə başqa yerdən mənzil verdi. Xətaidəki binada mənə verilən mənzil də başqasına satılmışdı".
Hər iki zərərçəkmiş indi şikayətləri olmadığını deyiblər.
Məhkəmə prosesi yanvarın 9-da davam etdiriləcək.
Xatırladaq ki, adı daha əvvəl də bir neçə cinayətdə hallanan S.İbrahimov bu dəfə də dələduzluq, vergidən yayınma, qanunsuz sahibkarlıq, vəzifə saxtakarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə kimi cinayət əməllərini törətməkdə günahlandırılır.
Ev dustaqlığında olan S.Ibrahimov barəsindş cinayət işi əvvəl “Sahil-D Kompani” şirkətinin vəzifəli şəxsi Adilağa Hüseynov barəsindəki işlə birgə aparılıb. Daha sonra S.İbrahimovla bağlı materiallar ayrıca icraata götürülüb.
İttihamda göstərilir ki, Sahib İbrahimov “STS” şirkətinin 95 faiz payçısı və “Sahil-D Kompani” şirkətinin 25 faiz payçısı olub. Bu işləri görərkən isə onun iş ofisi qardaşı İbrahim Nehrəmliyə məxsus “Avesta” şirkətinin binasında olub.
Həmin ofisdə təsisçisi olduğu şirkətlərin tikdiyi binalardan mənzilləri ayrı-ayrı müştərilərə təkrarən satıb.
Sahib İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.
Bildirək ki, S.İbrahimov həbs edilmiş daha sonra isə ev dustaqlığına buraxılımışdı.