Gürcüstan parlamentinin qarşısında etiraz aksiyası keçirilir

26/10/2018 - 23:31 19 849 0   0  

Gürcüstan parlamentinin Tbilisidəki binası qarşısında Zaza Saralidzenin azadlığa buraxılması tələbi ilə keçirilən aksiya davam edir. Aksiyaya prezidentliyə iki namizəd də qoşulub.

“Güc birlikdədir” müxalif siyasi birliyinin namizədi Qriqol Vaşadze və Avropalı Gürcüstan Partiyasının namizədi David Bakradze parlamentin qarşısına gələrək etirazçılarla həmrəy olduqlarını bildiriblər.

Qeyd edək ki, ötən ilin dekabrında Tbilisinin Xorava küçəsində qətlə yetirilmiş məktəbli David Saralidzenin atası Zaza Saralidze bu gün parlamentin qarşısında polis əməkdaşlarına dəyənəklə hücum etdiyinə görə saxlanılıb. O, səhhəti pisləşdiyindən xəstəxanaya yerləşdirilib.

Z.Saralidze sentyabrın 10-dan etibarən Gürcüstan parlamentinin Tbilisidəki binası qarşısında hökumətin istefası tələbi ilə etiraz aksiyası keçirir. O, oğlunun qətlə yetirilməsi ilə bağlı istintaqın nəticələrindən narazıdır. Aksiyaya Pankisidə ötən ilin sonunda keçirilmiş xüsusi əməliyyat zamanı ölən Temirlan Maçalikaşvilinin atası Malxaz Maçalikaşvili də dəstək verir.