London məhkəməsi Cahangir Hacıyevin əməllərinə görə daha bir hökm çıxardı - 20 MİLYON DOLLAR ÖDƏNİLƏCƏK... - YENİLƏNİB

21/12/2018 - 12:11 8 686 0   0  

London məhkəməsi Rusiya “Sberbank”ının Azərbaycanın ən iri bankına-Beynəlxalq Banka qarşı iddiasını təmin edib. Virtualaz.org “Reuters”ə istinadən xəbər verir ki, məhkəmənin hökmünə əsasən Azərbaycan Beynəlxalq Bankı “Sberbank”a və “Franklin Templeton” şirkətinə olan 20 milyon dollar borcunu bankla kreditorlar arasında əldə edilmiş borcların restrukturizasiyası sövdələşməsinə baxmayaraq ödəməlidir. Hökmə əsasən əsas borcla birlikdə faizlər də ödəniləcək.

“Sberbank”la Azərbaycan Beynəlxalq Bankı arasında mübahisə 2017-ci ildə bankın 3.3 milyard dollarlıq xarici borclarının restrukturizasiyasını elan etməsindən sonra başlayıb. Rusiya bankı restrukturizasiya ilə razılaşmayıb və Gibbs qaydası əsasında bu qərarı məhkəmədə mübahisələndirib. Bundan əlavə Azərbaycan bankının restrukturizasiyası Rusiya məhkəmələrində də dəstəklənməyib. Məsələn, Moskva Arbitraj məhkəməsi hələ ötən ilin mayında Azərbaycan Beynəlxalq Bankının törəmə bankı “MBA-Moskva”nın səhmlərinin 41.6 faizinə və bankın Roçdelskoy küçəsində yerləşən mənzil-qərargahına həbs qoyub.
“Sberbank”ın mətbuat xidmətindən bildiriblər ki, Rusiya qanunvericiliyinə əsasən hazırda bankın həmin səhmlərinin və binasının hərracda satılması, bununla da borcun ödənilməsi mümkün olacaq. Habelə borcu Beynəlxalq Bankın Böyük Britaniyadakı müxbir hesablarındakı vəsaitlər hesabına da geri almaq mümkündür.
“Sberbank”ın vitse-prezidenti Maksim Deqtyarov RBK-ya bildirib ki, London məhkəməsinin qərarından məmnundur: “Bu hökm ümumiyyətlə bazarda müqavilə münasibətlərinin stabilliyinə mühüm töhfə verir”.
Azərbaycan Beynəlxalq Bankında isə məsələni şərh etməyiblər.
Qeyd edək ki, “Sberbank” Cahangir Hacıyevin dövründə bankın Rusiyadakı törəməsinin şübhəli layihələri üçün 20 milyon dollar kredit ayırıb. Bu layihələri Cahangir Hacıyevin benefisiarları idarə edirdi. Sonradan həmin pullar praktiki olaraq batıb. Bankın iri kreditorlarından fərqli olaraq “Sberbank” həmin borcun Azərbaycan dövlətinin istiqrazları ilə əvəzlənməsi və daha sonra ödənilməsi variantı ilə razılaşmayıb.

***

Azərbaycan Beynəlxalq Bankı London Apellyasiya Məhkəməsinin "Sberbank"ın "Franklin Templeton" şirkətinin iddiası əsasında dekabrın 18-də çıxardığı hökmə münasibət bildirib.
Açıqlamada deyilir ki, bankın öhdəliklərinin könüllü restrukturizasiyası prosesi Böyük Britaniya ərazisində 06 iyun 2017-ci il tarixindən qüvvəyə minmiş məhkəmə qətmaməsi ilə tanınıb. Bu qərar hələ də öz qüvvəsindədir.
“London Apellyasiya Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli qərarı isə gözlənilən idi. Birinci instansiya məhkəməsinin 2018-ci ilin əvvəlində qəbul olunmuş qətnaməsində qeyd edilmişdi ki, transsərhəd müflisləşməsi və iflas proseslərinə münasibətdə Gibbs qanununun tətbiq edilib-edilməməsi Ali Məhkəmənin səlahiyyətinə aiddir. Apellyasiya məhkəməsinin son qərarında da hakim təsdiq etmişdir ki, Böyük Britaniya ərazisində Azərbaycan Beynəlxalq Bankının aktivlərinə dair hər hansı hərəkətlərin kreditorlar tərəfindən aparılmasına müddətsiz moratorium elan etmək səlahiyyətində deyil. Çünki Böyük Britaniya ərazisində Gibbs qanunu həm birinci instansiya məhkəmələri, həm də apellyasiya məhkəmələri üçün məcburi xarakter daşıyır.
“London Apellyasiya Məhkəməsinin bu son qərarı isə transsərhəd effektinə malik deyil və yalnız Böyük Britaniya ərazisində qüvvədədir. Bank bu qərarla bağlı Böyük Britaniya Ali Məhkəməsinə sikayət vermək hüququndan istifadə edəcək”, – deyə Azərbaycan Beynəlxalq Bankının açıqlamasında göstərilib.
Bankdan bildirilib ki, “Sberbank” və “Franklin Tempelton”a Azərbaycan Beynəlxalq Bankına qarşı iddia qaldırmaq hüququ verilsə də, onlar banka qarşı irəli sürülmüş iddia ilə bağlı başlamış məhkəmə prosesi çərçivəsində məhkəmə qətnaməsini ala və icraya yönəldə bilməzlər: “Apellyasiya məhkəməsinin 18 dekabr 2018-ci il tarixli qətnaməsində qeyd edilib ki, bu məhdudiyyət Ali Məhkəmə tərəfindən məsələ üzrə qərar verilənədək qüvvədə olacaq”.
Açıqlamada o da bildirilib ki, bir sıra media orqanlarında bu barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. London Apellyasiya Məhkəməsinin qərarı ilə “Sberbank” və “Franklin Tempelton”a Azərbaycan Beynəlxalq Bankının aktivlərinə tutma yönəltmək hüququ verilməyib: “Bu hüququ əldə etmək üçün həmin kreditorlar Ali Məhkəmənin qərarını gözləməli və qalib gəlsələr, ayrıca iddia qaldırmalıdılar.
Böyük Britaniyada Azərbaycan Beynəlxalq Bankının restrukturizasiya planına qarşı çıxan iki kreditorun tələb hüquqları Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən buraxılan qiymətli kağızlar qismində təmin edilib. Bu isə bankı həmin iddialar üzrə gələcək risklərdən qoruyur”.
Virtualaz.org