Beynəlxaq Avtovağzaldan yarıtmaz fəaliyyət - GİLEY

21/12/2018 - 09:55 7 273 0   0  

Rayonlara işləyən nəqliyyat vasitələrinə onlayn bilet satışında problemlər hələ də qalmaqdadır.

Xüsusən bayram ərəfəsində onlayn biletlərlə bağlı problemlər daha çox üzə çıxır. 
Cebhe.info-ya bu şikayətlə müraciət edən Vüsal Tağıbəyli Göyçaya onlayn bilet sifariş etmək üçün qeydiyyatdan keçib, amma problemlə üzləşib. Məlum olub ki, Göyçayla yanaşı Azərbaycanın xeyli sayda şəhərinin adı onlayn cədvəldə yer almayıb. 
Baxmayaraq ki, bu bölgələrə gedən nəqliyyat vasitələrinə bilet satılır. 
Vətəndaş bunun səbəbini öyrənmək üçün Bakı Beynəlxalq Avtovağzalının kassası ilə əlaqə yaradıb. Ona belə halın mümkünsüzlüyü, Göyçaya onlayn bilet satıldığı , hətta marşrutlarda hansı yerlərin boş olduğunu görməyin mümkünlüyü bildirilib. 
Sərnişin kassa əməkdaşına Göyçayın adının elektron səhifədə yer almadığını sübut etməyə çalışıb. Bu dəfə vətəndaşa əlaqə yaratmaq üçün əlavə nömrə verilib. Qurumun digər əməkdaşı onlayn sistemə girərək vətəndaşın sözlərinin həqiqiliyi və problemin varlığına əmin olub. Amma bunun səbəbi şikayətçiyə açıqlanmayıb. Sərnişinə sadəcə “Ən yaxşısı kassaya yaxınlaşın, biletinizi götürün" cavabını verilib. Şikayətçi bir gün sonra bilet almaq üçün Bakı Beynəlxalq Avtovağzalına gedərək onlayn biletlə bağlı məsələni yerində araşdırmağa çalışıb. Kassa əməkdaşı Göyçaya bilet satışının stabil olmadığını əsas gətirib. 
Vüsal Tağıbəyli onu da qeyd edib ki, Bakıdan Göyçaya biletsiz sərnişinlərin daşınması yasaq edildiyi halda, eyni avtobusla Göyçaydan Bakıya gələnlərə nəinki bilet satılmır, hətta sürücülər tərəfindən 1 manat artıq pul tələb edilir. Etiraz edənləri isə birmənalı şəkildə avtobusdan endirirlər. Xatırladaq ki, keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun vaxtında əksər şəhərlərə olduğu kimi Göyçaya işləyən nəqliyyat vasitələrinə də bilet satılmırdı. Sadəcə kiçik tutumlu marşurutlar sərnişinlərə müəyyən qiymət müqabilində daşıma xidməti göstərirdilər. 
Amma son 6 ayda bilet sistemi məcburi qaydada tətbiq edilir. Görünən odur ki, 6 ay ərzində Bakı Beynəlxalq Avtovoğzalı onlayn bilet satışını tam qaydaya sala bilməyib. 
Məsələ ilə bağlı Bakı Beynəlxalq Avtovağzalın məlumat bürosundan Cebhe.info-ya bildirilib ki, qurumun internet səhifəsində və Göyçayın hərəkət qrafikində problem var: "Göyçaya iritutumlu avtobuslar deyil, kiçik marşrutlar işləyir. Çox güman ki, yeni ildən məsələ yoluna qoyulacaq və o bölgəyə onlayn bilet satışı bərpa olunacaq".