Aprel döyüşlərindən sonra 38 yaşlı hərbiçinin həyatı belə dəyişdi

20/12/2018 - 23:32 11 995 0   0  

Daimi əsəb və ağrılar. Tutulan ayaqlar, quruyan qol. Hamı yatıb dincələrkən, o, gecəni səhər edir. 2016-cı ilin aprel döyüşlərində yaralanan Elşən Əzimov sanki hələ də səngərdə gecə növbəsi çəkir:

“Aprel döyüşləri vaxtı Füzuli rayonunda xidmət edirdim. Ömər adlı bir əsgərimiz yaralandı, onu çıxararkən mən də vuruldum”.

Keçmiş gizir Elşən Əzimov yaralandıqdan 4 gün sonra Mərkəzi Hərbi Klinik Hospitalda oyanıb. Həkimlər sağaldığını deyib, onu evə göndəriblər. Amma ailənin sevinci tezliklə yerini narahatlığa verib. Hər ötən gün hərəkət etməkdə daha da çətinlik çəkən keçmiş gizir bir gün tamamilə iflic olmasından qorxur:

“Ən savadsız həkimlər Azərbaycandadır. Savadlısı vardırsa da, rüşvətxor, pulgirdir. Məndə əsas ana sinir damarı zədələnib. Kəllə-beyin travması almışam. Amma xəstəxanaya gətiriləndə MRT-yə, KT-yə salınmamışam. Elə ancaq ağrıkəsici vururdular, yatırdım. Vaxtında düzgün müalicə olunsaydım, indi şikəst qalmazdım. Ayağım, ümumiyyətlə, yoxdur demək olar ki. Sol qolum işləmir”.

“Burada müalicəsi yoxdursa, göndərin xaricə. Arayış verin ki, burada müalicəsi yoxdur, dövlət hesabına göndərin. Mənim elə bir imkanım yoxdur. Biz kasıb ailəyik”, -Elşənin anası deyir.

2005-ci ildən Səhiyyə Nazirliyinin tərkibində ölkədə müalicəsi olmayan xəstəliklərdən əziyyət çəkən insanları xarici ölkəyə göndərən komissiya fəaliyyət göstərir. Elşən Əzimov da göndəriş üçün Səhiyyə Nazirliyinə müraciət edib, amma...:

“Göndəriş vərəqi üçün Səhiyyə Nazirliyinin baş nevropatoloqu Rövşən Həsənovun yanına göndərdilər məni. O da dedi, bunu sənə verə bilmərəm. 40 000 manat pul ayrılsın gərək. Onda da sual yaranacaq səni niyə göndərmişəm. Mən də dedim, axı sən məni burada müalicə edə bilmirsən. Bəs niyə göndərmirsən? Edə bilirsənsə, et, sağalt də məni”.

Nazirliyin əməkdaşı Səfayə Əhmədova deyir ki, ölkədə müalicəsi olmayan çox az xəstəlik var: “Ancaq müalicə olmayanda xaricə göndərilir. Ola bilməz ki, xüsusilə aprel döyüşçüsünün müalicəsi burada olmadığı halda xaricə göndərilməsin”.

Elşən xəstəxanaları gəzərkən, anası Alya Əzimova da oğluna dərmanı prezident və xanımının qapısında axtarıb. Amma qəbula düşə bilməyib:

“Mehriban Əliyeva, İlham Əliyev istəsə 10 dəqiqəyə həll edər. Bir düyməyə sıxmaqla həll edər. İstəyirəm dilənçi kimi gedib oturum qapısında. Desin, bu, məndən nə istəyir? Öz balası kimi dərdimə yansın. Öz balasına belə olsun istəməz axı. Kasıbdır deyə xəstə qalmalıdır? Elə ancaq kasıbların uşağı yaralanır, bu vəziyyətə düşür". Elşən Əzimov dövlət xəstəxanalarında öz müalicəsini tapmadığı üçün xalq təbabəti vasitələrinə üz tutur. Amma bu yolla da sağalacağına inanmır.  //MeydanTV