Vəzifədən azad edilən SABİQ İCRA BAŞÇISI: “Mənim buna ixtiyarım yoxdurmu?”

26/10/2018 - 12:00 1 789 0   0  

Azərbaycanda vəzifəli şəxsin işdən çıxarılmasından dərhal sonra həbs olunması, ölkədən getməsilə bağlı məlumatların kütləvi informasiya vasitələrində tirajlanması trendi yaranıb. Bu sırada sabiqlər sırasına qoşulan şəxslərin mal-mülklərinin siyahısının dərc olunması hallarını da qeyd edə bilərik: "Eks-nazir həbs olunur", "eks-başçının sonu yaxınlaşdı", "sabiq başçının villaları üzə çıxdı" və s.

Amma bir müddət sonra nə həbs edilən olur, nə də ölkədən gedən...

Suveren.az modern.az-a istinadən xəbər verir ki, ölkə başçısının 5 oktyabr 2018-ci il sərəncamı ilə Beyləqan Rayon İcra Hakimiyyəti başçısı postundan azad edilən Vaqif Abdullayev kimi...

Maraqlıdır ki, əksər kreslo ilə vidalaşanlardan fərqli olaraq, V.Abdullayev mətbuatdan qaçmır. Hətta bu günlərdə "Facebook" sosial şəbəsində profil açaraq, "mən də sizlərdən biriyəm" mesajını verdi. Sabiq başçının postu ilə vidalaşdıqdan dərhal sonra sosial şəbəkələrdə görünməsi isə ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı və əksəriyyətin qınağına tuş gəldi.

"Bu dünyada heç nə əbədi deyil"

Ötən günlərdə ad gününü qeyd edən sabiq başçının təəssüratlarını öyrənmək, həm də bu və digər məsələlərə aydınlıq gətirməsi üçün onunla əlaqə saxladıq.

V.Abdullayev əvvəlcə əksəriyyət tərəfindən "özünü reklam edir" deyəcəklər düşüncəsindən dolayı danışmaq istəməsə də, onu yola gətirə bildik. Hazırda Bakıda yaşayan sabiq başçı dünyadakı heç bir şeyin, o cümlədən vəzifənin daimi olmadığını bildirir:

"İstər siz olun, istər biz olaq, nədənsə vəzifə deyəndə hamı nazir, başçı və s. düşünür. Amma nəzərə alaq ki, hamı kimliyindən asılı olmayaraq bir vətəndaşlıq vəzifəsi daşıyır".

Sabiq başçı hələlik dincəldiyini diqqətə çatdırdı: "Bundan sonra elmi işlərimlə məşğul olacam".

Müsahibimizə vəzifədən gedənlərin böyük əksəriyyətinin elmi işlə məşğul olmağa başlaması ənənəsini xatırlatdıqda və bunun səbəbini soruşduqda, cavabı belə oldu:

"Digərləri özü bilər. Amma mən elmlər doktoru, professoram, kitablarım, məqalələrim başçı olana kimi var idi. Bundan sonra da olacaq".

"Elə bilirlər, başçısansa..."

V.Abdullayev sosial şəbəkə istifadəçisi olmasını müasir dövrün tələblərilə bağlayır:

 

"Mənim keçmişim, yazılarım, elmi işlərim var. Bir şəkildə bunları ictimaiyyətə çatdırmalıyam. Mənim buna ixtiyarım yoxdurmu? İndiki gənclər mənim elmi fəaliyyətim barədə məlumatsızdırlar. Sosial şəbəkə vasitəsilə bunları insanlara çatdırmağa çalışacam. Bizdə belə bir tendensiya var, fikirləşirlər ki, əgər bu adam  başçı olubsa, deməli, elm adamı deyil. Əslində, elə başçı elm adamı olmalıdır. Mən 1998-ci ildən 2007-ci ilədək, hətta Milli Məclisin deputatı olanda da həm Dövlət İdarəçilik Akademiyasında, həm də Xarici Dillər Universitetində dərs demişəm. Mənim əsərlərim, məqalələrim hansısa gəncə maraqlı ola bilər. Mənim sosial şəbəkəyə gəlməyimdə qeyri-adi nə isə axtarmaq lazım deyil. Yaşım o dərəcədə də çox deyil ki, bir kənara çəkilib oturam. Mən elm adamıyam, ona görə də bunu davam etdirməliyəm. Bildiyiniz kimi, elmlər doktoru, professora yaş məhdudiyyəti yoxdur. İstənilən kafedrada işləyə bilər. İnşallah, daha ətraflı müsahibədə danışarıq".

Qeyd edək ki, Vaqif Abdullayev 16 oktyabr 1956-cı il tarixdə Qərbi Azərbaycanın Basarkeçər rayonunun Aşağı Şorca kəndində anadan olub.

1996-cı ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu fərqlənmə diplomu ilə bitirib, 1998-ci ildə siyasi elmlər üzrə namizədlik dissertasiyası, 2004-cü ildə siyasi elmlər üzrə doktorluq dissertasiyasını müdafiə edərək, alimlik dərəcəsi alıb.

2007-ci ildə Ali Attestasiya Komissiyasının qərarı ilə ona professor adı verilib.

1992-1994-cü illərdə Prezidentin İcra aparatının nəşri olan "Yurd" jurnalında şöbə müdiri, 1994-2000-ci illərdə Prezidentinin İşlər idarəsində məsləhətçi vəzifəsində işləyib. İkinci çağırış Milli Məclisinin deputatı olub.

2007-2012-ci illərdə Xızı Rayon İcra Hakimiyyətinə başçılıq edib.

Prezidentin 10 aprel 2012-ci il tarixli sərəncamı ilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.

Prezident İlham Əliyevin sərəncamı ilə 15 oktyabr 2015-ci ildə 3-cü dərəcəli "Vətənə Xidmətə görə" ordeni ilə təltif edilib.

Ölkə başçısının sərəncamı ilə 5 oktyabr 2018-ci il trixində Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Ailəlidir, 5 övladı, 10 nəvəsi var.