Axtarışda olan Türkiyə vətəndaşı "TOPAZ"-ın səhmlərini ələ keçirmək istəyir - Ona bu işdə hansı məmur kömək edir?

14/12/2018 - 12:37 4 814 1   0  

2012-ci ilədək “Azərinşaatservis” MMC-nin rəhbəri olmuş “Baltech Investment LLC” şirlkətinin təsisçisi, hazırda Azərbaycan dövləti tərəfindən axtarışda olan Türkiyə vətəndaşı Bülent Karaninin vaxtilə Azərbaycan banklarından götürdüyü 250 milyon manatlıq kredit vəsaitinin ofşorlara köçürdüyü konkret faktlarla təsdiqini tapıb.

Demokrat.Az xəbər verir ki, bu barədə "offshoreleaks.icij.org" saytında ingilis dilində məlumat yerləşdirilib.
Bir çox xarici saytlarda Bülent Karaninin ofşor zonalara milyonlarla dollar çıxarmasından bəhs edən faktlar ortaya çıxır. Eyni zamanda Bülent Karani bu qədər vəsaiti “Azərinşaatservis” MMC-nin rəhbəri kimi deyil, “Baltech Investment LLC” şirlkətinin rəsmi təsisçi olaraq Azərbaycandan çıxarmaqda ittiham olunur.
Məlumatdan da aydın olur ki, Bülent Karani Azərbaycan banklarından oğurladığı milyonların hesabına çirkli əməllərini "yumağa" çalışır. Bu məqsədlə o Azərbaycan şirkəti olan "TOPAZ"-ın səhmlərinin 51 faizini almaq niyyətindədir.
Araşdırmalarımız zamanı məlum olur ki, Bülent Karaninin rəhbərliyi dönəmində “Azərinşaatservis” MMC Azərbaycan Beynəlxalq Bankından ən azı 250 milyon manat kredit götürüb. Bu vəsaitin geri qaytarılıb-qaytarılmadığı bəlli deyil. Lakin məhkəmədə “Azərinşaatservis”in “Azərbaycanda yol tikintisi ilə məşğul olan ən böyük şirkətlərdən biri” olduğunu ifadə edən Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev də bu şirkətə 250 milyon manat kredit verildiyini təsdiqləyib.
Əlbəttə ki, artıq dünyada "maliyyə fırıldaqçısı" kimi tanınan Bülent Karaninin "TOPAZ"-ın səhmlərinin 51 faizinə sahib olmaq istəyi düşündürücü məsələdir. Bu adamın belə bir istəyini reallaşdırmasına imkan vermək olmaz. Əgər bu reallaşarsa, bundan yalnız dövlətimiz uduzar, onun və dünyada kifayət qədər sağlam imic qazanmış "TOPAZ"-ın nüfuzuna xələl gələr.
Əldə etdiyimiz digər məlumata görə, Bülent Karani Azərbaycan banklarının birindən on milyonlarla vəsait götürərək "TOPAZ"-ın səhmlərinin böyük hissəsini ələ keçirməyə çalışır və ona bu işdə yüksək vəzifəli dövlət məmurlarından biri dəstək verir. Hazırda həmin məmurun adını dəqiqləşdirməyə çalışırıq. Bu barədə araşdırmalarımız davam edəcək. 
Xatırladaq ki, Bülent Karani “Azərbaycan Beynəlxalq Bankı işi”ndə adı keçən və Azərbaycan dövlətinin külli miqdarda vəsaitini mənimsəməkdə ittiham olunur.
O, 6 ildən çoxdur ki, ölkəmizdə axtarışdadır.
“Azərinşaatservis” MMC-yə rəhbərlik etdiyi illərdə dövlət büdcəsindən, beynəlxalq maliyyə institutlarından, Dövlət Neft Fondundan maliyyələşdirilən yol-infrastruktur layihələrinin əksəriyyətində podratçı kimi Karaninin rəhbərlik etdiyi şirkət çıxış edib. Lakin 2012-ci ildə şirkətin rəhbəri, Türkiyə vətəndaşı olan Bülent Karani müəmmalı şəkildə gecə ikən Azərbaycandan qaçıb./demokrat.az