"Telefonu anama verəndə deyib ki, Hətəmi öldürüb" - alimentə görə qayınatasını öldürənin işi

06/12/2018 - 12:10 2 140 0   0  

Qayınatasını öldürən şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Samir Şabanovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
Şahidlərdən Samir Şabanovun qardaşı Sahib Şabanov istintaqa ifadəsini təsdiqlədiyini deyib.
Məhkəmədə onun istintaqa verdiyi ifadəsi elan edilib. Sahib Şabanov həmin ifadəsində qeyd edib ki, qardaşı uzun müddət Moskvada işləyib. Bakıya qayıtdıqdan sonra qohumu Zülfiyyə Şabanova ilə ailə həyatı qurub.
O deyib ki, qardaşı ailəsi ilə birlikdə onun evində yaşayıb və xoşbəxt olublar.
Sahib Şabanov əlavə edib ki, qardaşı Qazaxıstana işləməyə getmək istəyib. Bundan sonra da onun ailəsində söz-söhbətlər yaranıb: "Samirin yoldaşı 6 aylıq hamilə idi. Onun bu vəziyyətdə Qazaxıstana getmək istəməsi narazılıq yaratdı. Zülfiyyənin ailəsi buna etiraz etdi. Amma qardaşım getdi. Bir neçə ay sonra Samir geri qayıdanda artıq onun övladı dünyaya gəlmişdi. Samir gedəndən sonra isə yoldaşı atasının evinə köçmüşdü. Samir övladını və xanımını görmək üçün ora getdi. Amma görüşmələrinə icazə vermədilər. Sonra Zülfiyyə boşandı".
Şahid Sahib Şabanov istintaqda suallara cavabında bildirib ki, sonradan qardaşının alimentə görə problemləri yaranıb: "Boşanandan sonra məhkəmə qərar çıxardı ki, ayda 100 manat aliment ödəsin. Amma hər ay ödəmədi. Hadisə baş verən gün də məhkəmə olacaqdı. Mən atamı xəstəxanaya apardım. Samir də məhkəməyə getmişdi. Axşam gələndə dedi ki, alimentə görə 4 min borcu var və məhkəmə ödəməsini tələb edir. Samir dedi ki, Zülfiyyəni atası Hətəmlə məhkəmədən sonra mübahisə edib. Mən də fikir verməməsini istədim".
Sahib Şabanov ifadəsinin davamında deyib ki, qardaşının Hətəm Şabanovu öldürməsini anasından eşidib: "Anam dedi ki, qardaşım gətirib telefonu verib. Anama söyləyib ki, Hətəmi öldürüb. Mən inanmadım. Çünki bir neçə dəfə də demişdi. Mən qardaşımın belə cinayət törədəcəyinə inanmırdım. Buna görə də gedib yatdım. Şəhər polislər gələndə qardaşım da evdə idi. Bizi polisə apardılar".
Məhkəmədə Samir Şabanovun anası Gövhər Şabanova da şahid qismində dindirilib. O da istintaqa ifadəsini təsdiq etdiyini bildirib. Məlum olub ki, Gövhər Şabanova da oğlu Sahib Şabanov kimi eyni məzmunlu ifadə verib.
Məhkəmədə mərhumun yaxınları ilə Samir Şabanovun ailəsi arasında bir neçə dəfə mübahisə yaranıb.
Qətlə yetirilən Hətəm Şabanovun xanımı iddia edib ki, bu işi Samir qardaşı ilə birlikdə edib. Həmçinin söyləyib ki, əgər Hətəm Şabanovun bıçaqlanması xəbəri vaxtında deyilsəydi, onun həyatını xilas etmək olardı.
Bildirək ki, Samir Şabanov elan olunmuş ittihamla üzrə özünü qismən təqsirli bilib.
O söyləyib ki, hadisədən əvvəl həyat yoldaşı ilə boşanıb və alimentə görə aralarında mübahisələr olub.
Məlum olub ki, alimentin artırılması Şabanovu narazı salıb.
"Alimentə görə 6 min manat ödəməli idim. Ödəmədiyim üçün onlar məndən şikayət etdilər. Buna görə məni icradan çağırdılar. Həmin vaxt mərhum da orada idi. Bu məsələyə görə aramızda mübahisə oldu"- deyən Samir Şabanov qətlin həmin gün axşam baş verdiyini əlavə edib.
Samir Şabanov icradan evə qayıdandan sonra Hətəm Şabanovla yenidən mübahisə etdiyini və onu öldürdüyünü bildirib.
Qeyd edək ki, hadisə bu il aprelin 21-də Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. Samir küt alətlə Hətəm Şabanovu qətlə yetirib.