Aslan İsmayılovun demoqoqiyası və faktlar - İTTİHAM

04/12/2018 - 10:22 9 289 0   0  

Aslan İsmayılovun faktları sağa-sola bir azacıq əyib mahiyyətini büsbütün dəyişməsi bir xasiyyət imiş. Əvvəl elə bilirdim ki, sadəcə yaddaşında belə qalıb. İndi görürəm ki, faktı öz marağına uyğunlaşdırma bu adamın xarakteridir. Faktları öz xəyrinə təhrif etmə isə ensiklopediyada “demoqoqiya” kimi ifadə olunur.

Məsələn, mənim A.İsmayılovun Sumqayıt hadisələrində rolu haqda yazımda qeyd edilib ki, 1987-ci il fevralın 27-28-də Sumqayıt hadisələrindən dərhal sonra, martın 1-də Sumqayıt şəhərinin o zamankı prokuroru İsmət Qayıbov çinayət işi açıb. Bu barədə İbrahim Məmmədovun “Azərbaycana qarşı Sumqayıt təxribatı. Qriqoryanın işi” adlı monoqrafiyasında sənəd dərc edilib. Ancaq, buna baxmayaraq Moskvadan gəlmiş istintaq qrupu İsmət Qayıbovu istintaqdan uzaqlaşdırıb. Sonralar məhkəmədə ittihamı müdafiə etmək üçün də İsmət Qayıbovu deyil, 3 ay əvvəl Azərbaycana gəlmiş (oxu: gətirilmiş) Aslan İsmayılov prokuror təyin edilir. Belə çıxır ki, Moskva İsmət Qayıbova deyil, Aslan İsmayılova daha çox etibar edirmiş. Nə yazmaq, hansı fikri çatdırmaq istədiyim anlamaq istəyənə tam aydın olsun gərək. Amma yox! Qarşımızdakı Aslan İsmayılovdur axı. O bu fikri FB-də böz xeyrinə belə təhrif edir: “Mürvət Həsənli yazır ki, İsmət Qayıbovu prokurorluqdan çıxarıb məni qoyublar. Ancaq, İ.Qayıbov 1990-cı ilədək Sumqayıtın prokuroru olub. Görürsünüz, necə yalan danışır?” Bu adamın saxtakarlığının həddi-hüdüdü yoxdur, artıq manyakal səviyyəyə yüksəlib. Özü də faktı bilərəkdən təhrif etməsinə şübhəm yoxdur. Ona görə məhz bu faktı təhrif edir ki, bu onu ifşa edir. Aslan İsmayılov, mən yazmamışam ki, İ.Qayıbov Sumqayıt prokurorluğundan kənarlaşdırılıb, yazmışam ki, o Sumqayıt hadisələrinə dair özünün açdığı cinayət işinin araşdırılmasından, yəni istintaq prosesindən uzaqlaşdırılıb. Axı sən bunu bilirsən və bilərəkdən də məhz bu məqamın üstünə dəfələrlə təhrif edərək gedirsən.
Moskva İsmət Qayıbova inanmırdı, sənə isə sadiq xidmətçisi kimi etibar edirdi. Ona görə ki, 1-ci dəfə İ.Qayıbovu özünün açdığı cinayət işinin istintaqından uzaqlaşdırdı, 2-ci dəfə isə Sumqayıtın prokuroru olmasına, cinayətin törədildiyi şəraiti gözəl bilməsinə baxmayaraq məhkəməyə çıxmağı da ona etibar etmədilər. Amma sənə, Azərbaycana cəmi 2 ay əvvəl gəlmiş Aslan İsmayılova etibar etdilər. Niyə????? Cavab ver! Yoxdur, təbii. Aslan deyir ki, onun məhkəmə təcrübəsi olduğuna görə işi ona tapşırıblarmış. Əvvəla Aslanın məhkəmə təcrübəsi prokuror təcrübəsi deyildi, hakim təcrübəsi idi. Bunlar fərqli şeylərdir. İkincisi, necə olur ki, prokuror olan, özü də Sumqayıtın prokuroru olan təcrübəli İsmət Qayıbovun məhkəmədə prokurorluq etmək təcrübəsi yox imiş, amma hakim işləmiş Aslanın prokuror təcrübəsi var imiş. Prokurorun prokuror təcrübəsi yox imiş, amma hakimin prokuror təcrübəsi var imiş. Yaxşı İ.Qayıbov rusların işinə yaramırdı, məgər Azərbaycanda başqa məhəkəmə təcrübəsi olan prokuror yox idi ki, mütləq 2 ay əvvəl Azərbaycana gəlmiş və prokurorluq təcrübəsi də elə 2 ay olan Aslan İsmayılovu təyin etməli oldular. Budur sənin məntiqin? Kuban Universitetinin üz qarası! Hüququn üz qarası! Vəkilliyin, hakimliyin, prokurorluğun üz qarası!
Nəhayət, o zaman vahid SSRİ hüquq sistemi olsa da, cinayət məcəllələrində bir sıra milli özəlliklər var idi. Kubanda “təhsil” almış, Kubandakı Zelençuk stansiyasının hakimi olmuş, cəmi 2 ay əvvəl Azərbaycana gəlmiş Aslan İsmayılov bu özəllikləri bilmədiyi halda ona niyə belə ciddi işi etibar edirdilər. Təbii ki, seçimin onun üzərinə düşməsi professionallıqla bağlı deyil. Siyasi və mənəvi-əxlaqi seçimdir. Bu adamın karyera üçün hər şeyə qadir olduğunu və onların adamı oladuğunu nəzərə alıblar, vəssalam!
İndi Aslan İsmayılov bu suallara cavab verə bilərmi ki:
- Niyə İ.Qayıbov haqda yazılan fikri təhrif etməyə ciddi-cəhdlə çalışır?
- İ.Qayıbov Sumqayıtın prokuroru olduğu və ilk gündən cinayət işi açdığı halda niyə onu İSTİNTAQDAN (şəhər prokurorluğundan yox!) uzaqlaşdırdılar, sonra məhkəməyə də çıxmasına icazə vermədilər (bəlkə də özü imtina etdi!?) amma Azərbaycana 2 ay əvvəl gəlmiş A.İsmayılova etibar etdilər? Axı o vəziyyəti Aslandan yaxşı bilirdi...
- İ.Qayıbov təcrübəli porokuror, Aslan isə məhkəmə hakimi idi, belə olan halda İ.Qayıbovla Aslan İsmayılov arasında “məhkəməyə prokuror kimi kim çıxsın” seçimi zamanı Aslan İsmayılova üstünlük verilməsi sizcə professionallığa görə olubmu?
- İ.Qayıbov (və ya istənilən başqa prokuror) vəziyyəti A.İsmayılovdan yaxşı bildiyi halda niyə Aslana stavka olundu?
- İ.Qayıbov (və ya istənilən başqa prokuror) Azərbaycan hüququnun milli özəlliklərini Aslandan yaxşı bildiyi halda nə üçün Aslana stavka olundu?
- Xülasə, Aslan İsmayılovun İsmət Qayıbovdan (və ya istənilən başqa prokurordan) hansı professional üstünlüyü vardı ki, onu yox, məhz A.İsmayılovu V.Qalkinin apardığı istintaq işinin müdafiəsi üçün təyin etdilər?
- Qalkinin apardığı və əslində cinayətkarların gizlədilməsinə xidmət edən istintaq işini məhkəmədə müdafiə etmək Qalkinlə şərik olmaq anlamına gəlir, yoxsa, gəlmir?
Mürvət Həsənli, ADAM -ın sədri \\musavat.com\\