RUSİYANIN BAŞ KƏŞFİYYATÇISI ÖLDÜ, YOXSA ÖLDÜRÜLDÜ? – “Putin şahidləri aradan götürür”

26/11/2018 - 10:07 2 140 0   0  

Təhlükəsizlik məsələləri üzrə ekspert, xarici kəşfiyyat veteranı, general-leytenant Vasili Boqdan “Seqodnya” saytına verdiyi şərhdə deyib ki, Putin tədricən və mərhələli şəkildə onun tapşırıqlarını yerinə yetirə bilməyən və ya rejimin digər ölkələrə qarşı aqressiv planlarının arzuolunmaz şahidi olan statuslu şəxsləri bir-bir aradan götürür.

Ukraynanın “Unian.net” saytının məlumatına görə, Boqdan hesab edir ki, RF Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin (QRU) rəisi, general-polkovnik İqor Korobovun qəfil ölümü Rusiya xüsusi xidmət orqanlarının bu yaxınlarda xaricdə baş verən bir sıra səs-küylü uğursuzluqlarına görə baş kəşfiyyatçının hesab ödəməsi ola bilər.

O, öz fikirlərini belə arqumentləşdirib: “Son illər Rusiyada çox sayda yüksək rütbəli general, güc və hərbi strukturların rəhbərləri dünyasını dəyişib. Məsələn, Korobovun sələfi (QRU-nun 58 yaşlı rəhbəri İqor Serqun ya FTX-nin Moskva ətrafındakı istirahət evində infarktdan öldü, ya da Livanda həlak oldu – red.) də qoca olmayan bir yaşda, özü də RF-nin Suriyadakı uğursuzluqlarından sonra əbədiyyətə qovuşdu. RF-nin BMT-dəki səfiri Vitali Çurkinlə bağlı baş verənləri də xatırlatmaq olar. Ona görə də deməyə bütün obyektiv əsaslar var ki, Rusiyanın yüksək rütbəli hərbçilərinin və kəşfiyyat orqanlarının rəhbərlərinin bu cür ölümlərinin sistemli və qəribə mərhələli olması belə bir konspiroloji versiyanın irəli sürülməsinə haqq verir: hər halda, Putin rejimi Kremlin RF-nin qonşusu və dünyanın digər nöqtələrində olan ölkələrə qarşı etdiyi cinayətləri, qurduğu planları və mövcud niyyətləri haqqında şahidlik edə biləcək (bu isə, əminəm, birmənalı olacaq) şəxslərdən xilas olmaq niyyətindədir və ya buna cəhd edir. Ona görə də, QRU-nun son iki ildə Böyük Britaniya, Hollandiya, Avstriya və Ukraynadakı uğursuzluqlarının Korobovun aradan götürülməsinə gətirib çıxardığı ehtimalını da istisna etmirəm.”

boqdan

General Boqdan eyni zamanda istisna etməyib ki, QRU rəhbərinin ölümü obyektiv səbəblərlə də bağlı ola bilər. Belə ki, onun izahına görə, “faktiki olaraq mümkün və ya real olmayan bir şeyin edilməsi kəşfiyyatdan tələb olunduqda, kəşfiyyatçı elə bir gərginlik yaşayır ki, bu, onun – RF-nin baş kəşfiyatçısının sağlamlığını poza bilər”.

Boqdan deyir: “Mən düşünmürəm ki, bu Korobov axmaq olub və Solsberidə kimyəvi hücum – terror aktı təşkil etməyin nə olduğunu anlamayıb. Aydın məsələdir, kimyəvi silah onun da sağlamlığına, həmçinin psixoloji durumuna və s. təsir edə bilərdi. Mümkün zəhərlənmə də onun sağlamlığına təsir edə və ölümünə səbə ola bilərdi. Ancaq hər bir halda, mən ona meyl edirəm ki, Putin onun tapşırıqlarını yerinə yetirə bilməyən və ya rejimin digər ölkələrə, insanlara qarşı planlarının və icra olunmuş aqressiv hərəkətlərinin arzuolunmaz şahidləri olan belə statuslu adamları tədricən və mərhələli formada aradan götürür. Rusiya “müharibə yolu”na girib və Romanovlar xanədanının imperiya əzəmətini bərpa etmək istəyir. Yeri gəlmişkən, Putin özü bu barədə açıq şəkildə və bir neçə dəfə danışıb. Aydındır ki, beynəlxalq birlik və Qərb təsirli, qəti və həssas tədbirlər görmədikcə, o cümlədən sanksiyalar tətbiq etmədikcə və Rusiyanın hərbi imkanlarını məhdudlaşdırmadıqca, RF belə hərəkət etməyə davam edəcək”.

RF Müdafiə Nazirliyinin rəsmi bəyanatına əsasən, Korobov 21 noyabrda “ağır və uzun sürən xəstəlik”dən sonra ölüb.

Strateq.az