''MTN-də onun erməni iş adamıyla münasibətləri haqda informasiya vardı''

23/11/2018 - 23:34 2 311 0   0  

Sabiq MTN-çilərin apelyasiya şikayətinə baxılır.

Həbsdə olan MTN generalları - Nazirliyin Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi Sübahir Qurbanov, Monitorinq Mərkəzinin rəhbəri Teymur Quliyev, Əməliyyat-Texniki İdarənin rəisi Natəvan Mürvətova və onların tabeliyində işləmiş 7 nəfərin işi üzrə Bakı Apelyasiya Məhkəməsində araşdırmalar davam edir. General rütbəsi alınan N.Mürvətova, digər təqsirləndirilən şəxslərdən Elşad Əzizov və Eşqin Əliyev barələrində çıxarılan hökmdən şikayətçi olmasalar da, digər 7 nəfər apelyasiya şikayəti verib.

Noyabrın 23-də keçirilən məhkəmədə sabiq Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini olmuş Füzuli Əliyevin vəkilləri İlyas Kərimov, İqbal Həsənov çıxış ediblər.

Vəkillər bildirib ki, cinayət işinin materialları arasında təqsirləndirilən şəxslərin bir neçəsinin ifadələri, ekspertiza rəyləri yoxdur. Məhkəmə də belə vacib materiallar olmadığı halda hökm çıxarıb. Apelyasiya Məhkəməsi də sorğu göndərib onları almaqdan imtina edib.

Vəkil İ.Həsənov bildirib ki, təqsirləndirilən şəxslər Sübahir Qurbanova, Füzuli Əliyevə, Natiq Alıyevə və Zaur Məmmədova "Maqnit" mağazalar şəbəkəsinin sahibi Seymur

Abdullayevdən hədə-qorxu ilə 250 min manat pul almaları barədə ittiham verilib. Lakin belə hadisə olmayıb.

Vəkilin dediyinə görə, heç S.Abdullayev "Maqnit"in sahibi də deyil, özü birinci instansiya məhkəməsində dindiriləndə belə ifadə verib:

"Dedi ki, mənim işim ancaq "Maqnit"ə kredit borcu olanları tapıb, borcu ödətdirmək olub. Yəni kollektor fəaliyyətilə məşğul olub. Onu MTN-də oktyabr ayında baş verənlərdən sonra noyabrda çağırıb ərizə yazıb qol çəkdiriblər. Guya MTN əməkdaşları onu hədələyib 250 minini alıblar".

Vəkil digər zərərçəkmiş, "Arazplast” MMC-nin rəhbəri Elman Muradovun qanunsuz saxlanması, MTN əməkdaşları tərəfindən döyülməsi, ofisdəki seyfdən götürülmüş 80 min manatının qaytarılmaması barədə ittihamda yazılanların da, onun özünün şikayətinin də əsassız olduğunu bildirib. Müdafiəçinin sözlərinə görə, bu zərərçəkmişin erməni iş adamıyla münasibətləri barədə MTN-də informasiya olub. Ona görə axtarış aparılıb və bu zaman Türkiyədən Ermənistana mal daşınması barədə qaimələr tapılıb. Həmin vaxt seyfdən 80 min götürülməsi isə yalandır, çünki orada heç həmin məbləğ olmayıb.

Vəkil qeyd edib ki, hələ axtarışdan əvvəl MTN-ə daxil olmuş məlumatlarla əlaqədar E.Muradovun ölkədən çıxışına qadağa qoyulmuş, şirkətlə bağlı araşdırmalar üçünsə nazir Eldar Mahmudov Vergilər Nazirliyinə məktub göndərmişdi:

"Bu, Eldar Mahmudovun nazir olduğu dövrdə, qüdrətli vaxtlarında ondan şikayət etmişdi".

Vəkil əlavə edib ki, zərərçəkmişlərin bir neçəsi qərəzli şəkildə, qisas almaq üçün həqiqətə uyğun olmayan ifadələr verirlər. Bəzilərini isə heç nədən xəbərləri olmadan çağırıb ərizələrə qol çəkdiriblər. Sonra da həmin ərizələrdən ittiham tərəfi istifadə edib.

Sabiq MTN əməkdaşlarının məhkəməsi noyabrın 29-da davam edəcək.

2015-ci il oktyabrın 17-də MTN-də keçirilən əməliyyat nəticəsində nazir Eldar Mahmudov vəzifəsindən azad olunub, nazirliyin 5 generalı (Akif Çovdarov, Natəvan Mürvətova, Sübahir Qurbanov, Teymur Quliyev və Elçin Quliyev) və daha 16 nəfər müxtəlif rütbəli əməkdaşı saxlanılıb. Onlardan yalnız Natəvan Mürvətova ev dustaqlığında olub. MTN-in Antiterror Mərkəzinin rəis müavini, polkovnik İlqar Əliyev isə həbsindən iki ay sonra Bakı istintaq təcridxanasında intihar edib.

Həbs olunan şəxslərin işi bir neçə qrupa ayrılıb. MTN-in Monitorinq İdarəsinin rəisi Teymur Quliyev, Əməliyyat Texniki İdarənin rəisi Natəvan Mürvətova və Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi Sübahir Qurbanov yeddi nəfər əməkdaşları ilə birlikdə məhkəmə qarşısına çıxarılıb.

Müxtəlif iş adamlarının əmlaklarını, pullarını hədə-qorxu ilə əllərindən almaqda, onları bu məqsədlə qanunsuz olaraq, MTN-ə gətirib orada saxlamaqda, qanunsuz telefon dinləmələrində, əməliyyatlara ayrılmış vəsaitləri mənimsəməkdə təqsirləndirilən Sübahir Qurbanov və müavini Füzuli Əliyevə 14 il, Teymur Quliyevə 12 il, Zaur Məmmədov və Natiq Alıyevə 10 il 6 ay, Anar Şirəliyev və Eşqin Əliyevə isə 3 il azadlıqdan məhrumetmə cəzası verilib.

Natəvan Mirvətova, Fərhad Atayev və Elşad Əzizova isə şərti cəza verilib.

Anar Şirəliyev və Eşqin Əliyevin cəzası başa çatıb və onlar buraxılıblar.  //MeydanTV