''Belə getsə, yolsuz qalacağıq''

22/11/2018 - 22:56 2 179 0   0  

Astara sakinləri yeni təmir olunmuş yolun yararsız hala düşdüyünü deyirlər.

Astaranın dağlıq Miki kəndinin sakinlərinin şikayəti var. Onlar kəndlərinə gedən və ötən il təmir edilən Təxtənəkəran-Miki yolunun bərbad vəziyyətdə olduğunu, belə davam edərsə, yaxın aylarda yolsuz qalacaqlarını söyləyirlər.

Kənddə 1100 nəfərə yaxın əhali yaşayır. Rayon mərkəzinə 35 kilometr məsafədə yerləşən Mikinin cəmi bir yolu var. Elə sakinlərin əsas narahatlığı da alternativ yolun olmamasıdır.

“Baxsanız, heç deməzsiniz ki, yol yeni təmir edilib. Yazdığımız çoxsaylı məktublardan, etdiyimiz şikayətlərdən sonra nəhayət, ötən ilin qışında təmir etmişdilər. Yolun indiki halından bəllidir ki, təmiri başdangetdi ediblər, nəticədə bu gün biz yenə əziyyət çəkirik”, - kənd sakinlərindən Mürsəl Məmmədov belə deyir.

Belə yolların təmiri daha diqqətli həyata keçirilməlidir

O bildirir ki, bəli, bura yağıntının çox düşdüyü yerdir və yol davam gətirmir:

“Amma xaricdə elə dağlıq kəndlər var ki, həmin kəndlərin şüşə kimi də yolları olur. Deməli, mütəxəssis cəlb edilməli və belə yolların təmiri daha diqqətli həyata keçirilməlidir.

Bəli, Astara yağışın çox düşdüyü rayondur. Miki isə ümumiyyətlə, dağlıq olduğundan ilin hər mövsümü yağış ola bilir. Qış aylarında aramsız yağışlar yağır, leysan olur. Dəfələrlə dağdan qaya düşüb, sel gəlib, torpaq sürüşməsi olub. Bir neçə

dəfə bu, bədbəxt hadisəylə də nəticələnib. İndi nə edək? Bizim yaşadığımız yerin də təbiəti belədir, öyrəşmişik. Yolu təmir edənlər də bunu qəbul edib, işlərinə daha ciddi yanaşmalıdırlar. Ərazini araşdırmalı, sonra başdangetdi yox, yaxşı yol çəkməlidirlər. Belə olsa, həm ikiqat xərcləri çıxmaz, həm də biz də yazığıq axı, hər gün şikayət etməkdən, yollarda əziyyət çəkməkdən yorulmarıq”.

Yaxın zamanda bizim gediləsi bir yolumuz qalmayacaq

Sakinlərdən Firdovsi Nurəliyev isə deyir ki, yolun çökməsi nəticəsində kəndin yuxarı başı ilə əlaqə tamamilə kəsilmişdi. Nəticədə sakinlər özləri həmin çatlamış, aralanmış yerlərə daş, çınqıl daşıyıb tökmüşdülər:

“Vallah, bizim imkanımız olsa, özümüz təmir edərik yolları. Ancaq kənd camaatının gücü çatacaq iş deyil. Yüklü miqdarda vəsait tələb olunur. Düzdür, sağ olsunlar, səsimizi eşidib, gəlib təmir etdilər. Ancaq son zamanlar başlayan mövsümi, aramsız yağışlar nəticəsində yol yenidən bərbad hala düşüb. Xahiş edirik, yolun təmirini həyata keçirsinlər. Yoxsa, yaxın zamanda bizim gediləsi bir yolumuz qalmayacaq”.

11,5 milyonluq yol bir ilə çöküb

Təxtənəkəran-Miki avtomobil yolu 2017-ci ilin dekabrında təmir edilərək istifadəyə verilib. 12 min nəfər əhalinin yaşadığı və 38 yaşayış məntəqəsini birləşdirən Taxtanəkəran-Miki, Taxtanəkəran-Toradi kəndlərarası avtomobil yollarının yenidən qurulması məqsədilə ümumilikdə 11,5 milyon manat vəsait ayrılıb.

Prezident İlham Əliyev bu il oktyabrın 15-də Hirkan-Daştatük-Biləsər avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib. Açılış zamanı ona yolların tikintisinin yüksək səviyyədə həyata keçirildiyini söyləyiblər. Miki və Toradi yollarının tikintisi ilə də maraqlanan prezidentə bildiriblər ki, həmin yolların ümumi uzunluğu 27,4 kilometrdir və möhtəşəm təmir edilib:

“Bu yollar da ikihərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub, sərnişin və yük daşınmasını xeyli yaxşılaşdırmağa imkan verəcək. Bu, həmçinin yerli və xarici turistlərin ərazidə yerləşən istirahət mərkəzlərinə rahat getmələrinə və tarixi mədəniyyət abidələri ilə tanış olmalarına şərait yaradacaq”.

“Astara rayonunun dağlıq ərazisində minlərlə insanın yaşadığı kəndləri əhatə edən Deqədi-Pəlikəş, Taxtanakəran-Toradi avtomobil yolundan sonra, mürəkkəb relyefə malik Miki kəndinə asfalt yolun çəkilməsi Azərbaycan prezidentinin təkcə şəhər və qəsəbələrin deyil, ucqar kəndlərin də sosial problemlərinin həllini daim diqqətdə saxlamasının bariz nümunəsidir”.

Bu sözləri isə ötən il dekabrın 14-də Miki kəndində əhali ilə görüşündə Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev deyib.

Normal hesablansın, yaxşı mütəxəssis gətirilsin

Problemin tam olaraq nə olduğu bəlli deyil. Sakinlər bildirirlər ki, bu ilin yaz aylarından asfalt örtüyündə çatlar əmələ gəlməyə başladı. Nəticədə, yağıntılar başlayandan sonra həmin çatlar bir az da böyüdü, artıq keçilməz həddədir.

“Bu gün, sabah yol tamamilə çökə bilər. O zaman nə edəcəklər? Vaxtında təmir işi gedəndə biz dedik ki, buranın iqlimi fərqlidir, yağıntını, dağlardan axan suları nəzərə alın. Dinləmədilər, nəticəsi budur. Bir ildə yol iki dəfə təmir edilib. Bəlkə də, bu, onlara sərf edir, hər gün vəsait ayırıb, yol təmir etmək. Vallah, kəndliyə sərf etmir. Biz bu qışın günündə qalmışıq pis vəziyyətdə. Xahiş edirik, üçüncü dəfə təmir ediləcəksə, normal hesablansın, yaxşı mütəxəssis gətirilsin” – deyə sakinlər bildirirlər.

Tezliklə yaranan problem aradan qalxacaq

Meydan TV məsələyə münasibət öyrənmək üçün Astara şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra hakimiyyətinin sözçüsü Səfayil Məmmədov həmin yolda xırda çatlar yarandığını və hazırda yolu təmir edən podratçı şirkət və aidiyyatı qurumların nümayəndələrinin ərazidə olduğunu söyləyib:

“Dağ ərazisidir, relyefi çətindir. Həmin kəndə prezidentin sərəncamı ilə asfalt çəkilib. İllərdir kəndlilər torpaq yolla gedib-gəlirdilər, indi asfaltdır. Biz qoymarıq bu boyda vəsait hədərə getsin. Bu dəqiqə problemin aradan qaldırılması istiqamətində iş görülür. Tezliklə yaranan problem aradan qalxacaq”.

“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə bildirib ki, bu barədə onlarda hər hansı bir məlumat yoxdur:

“Belə vəziyyətlərdə sakinlər media ilə bərabər bizi də məlumatlandırsalar, çox yaxşı olar. Bizdə bu barədə məlumat yoxdur, məktub göndəriblərsə də mənim xəbərim yoxdur. Hər bir halda araşdıracağıq”.

 

MeydanTV