Ermənistan “beşliyə” qarşı çıxdı: “KTMT-dəki baş katib postu bizim olmalıdır”

16/11/2018 - 17:40 2 053 0   0  

"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi postu Ermənistanda qalmalıdır. Çünki bunun üçün bizim yaxşı potensialımız var" 

Azvision.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri səlahiyyətlərinin icraçısı Zohrab Mnatsakanyan “TASS”-a müsahibəsində deyib.
Jurnalistin “Qazaxıstan prezidentinin KTMT liderlərinin Astana sammitinin yekunlarına dair verdiyi bəyanatı nəzərə alsaq, hesab etmək olarmı ki, Ermənistan baş katib postuna öz namizədini irəli sürmək imkanından məhrum oldu və Ermənistanın KTMT-dəki baş katiblik vəzifəsinə xitam verilməsi barədə qərar qəbul olunubmu?” sualına erməni nazirin cavabı olduqca maraqlı və iddialı olub. 
“Əgər sizin sualınıza cavab olaraq Ermənistanın indiyədək səsləndirdiyi mövqeyini təkrarən desəm, onda belə nəticə çıxarmaq olar ki, bəli, baş katib postu Ermənistanda qalmalıdır. Bunun üçün bizim yaxşı potensialımız var. KTMT-nin normativ bazası təşkilatın baş katibinin öz səlahiyyətlərini icra edə bilməməsilə əlaqədar məsələlərin nizamlanması üçün hansısa konkret həll variantı nəzərdə tutmur. Biz KTMT-nin fəaliyyətdə olan baş katibinin səlahiyyətlərinin vaxtından əvvəl dayandırılmasına təşəbbüs etdik. Çünki onunla bağlı daxili xarakterli hüquqi problemlər var idi. Və bunu ona görə etdik ki, lap əvvəldən təşkilatla öz daxili işlərimizi fərqləndirək” – Mnatsakanyan vurğulayıb. 
Erməni nazir hətta Moskvanın əvvəlki bəyanatlarına qarşı çıxaraq iddia edib ki, Xaçaturovla bağlı məsələdə İrəvan KTMT daxilində pozuculuğa yox, əksinə konstruktivliyə şərait yaradıb. O, həmçinin bildirib ki, Qazaxıstanın nə deməsi önəmli deyil, çünki KTMT-də istənilən qərar, o cümlədən də, baş katib postuna təyinat üzv ölkələrin hamısının razılığı ilə verilir. 
“Bizim yanaşmamız bütövlükdə təşkilatın effektivliyinin möhkəmləndirilməsinə və geniş mənada KTMT-yə üzv 6 ölkənin birliyinin gücləndirilməsinə istiqamətlənib. Odur ki, sizin sualınıza cavab olaraq deyəcəyəm ki, yox, Ermənistan baş katib postundan məhrum olmayıb. Çünki KTMT-nin tərkibində 6 bərabərhüquqlu üzv var və təşkilatda qərarlar konsensusla qəbul edilir”.
Xatırladaq ki, 8 noyabrda KTMT-nin Astanada keçirilən Kollektiv Təhlükəsizlik Şurasının geniş tərkibli iclasından sonra mətbuata açıqlama verən Qazaxıstan prezidenti Nursultan Nazarbayev bildirib ki, yeni baş katib Belarus nümayəndəsi olacaq. Bununla da, KTMT liderləri Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nİkol Paşinyanın hazırladığı ssenarinin üstündən birdəfəlik xətt çəkiblər. İrəvan isə hələ də xülyasından ayılmayıb.