Borçalıda İran mollaları “at oynadır” - VƏTƏNDAŞ CƏMİYYƏTİ İSƏ YUXUYA DALIB

08/11/2018 - 13:41 2 775 0   0  

Biz uzun illərdir Borçalıda yaşanan sorunları davamlı şəkildə gündəmə gətirsək də, bu yöndə sorumlu olan strukturlar, özəlliklə də Diasporla İş üzrə Dövlət Komitəsi əskilərdə olduğu kimi plansız-filansız prosesini sərgiləməkdə davam edir. Nazim İbrahimovun sədri olduğu dönəmdə “taxta-şalban alveri”ndən savayı heç nəyə yaramadığını dəfələrlə gündəmə gətirdik. Borçalı probleminin başqa bir yönü dövlətdən maddi dəstək alaraq heç bir şeyə yaramayan, vətəndaş cəmiyyəti adına guya fəaliyyət göstərən QHT-lərin suçu isə daha çoxdur. Çünki onlar Borçalıda toplumla maarifçilik yönündə gərəkənləri gündəmə gətirmədilər. Ona görə də yaranmış boşluğu İran molla rejiminin sosial, ictimai və ideoloji dəyərləri əvəz edib. Gürcüstan hökumətini bu məsələdə suçlamaq tamamilə yalnışdır. Çeçen atalar sözündə deyildiyi kimi: “Əgər sənin problemin varsa, bunu özün yaratmısan”. Yəni bizlər işimizi elə qurmalıyıq ki, hansısa sorunla üz-üzə qalmayaq.

Müftəxorlar zümrəsi “QHT çətiri” altında necə gizlənir

Sirr deyil ki, Borçalıda fəaliyyət göstərən əksər Qeyri Hökumət Təşkilatları “qrant” səfası düzənində bəlirli bir zümrə deməkdir. Nazim İbrahimovun sədr olduğu dönəmdə onlar dövlət büdcəsindən hər il onminlərlə, hətta yüzminlərlə avro dəstək alaraq, elə Diaspor Komitəsində yuva salmış müftəxor-parazit rüşvətxorlarla ata malı kimi bu vəsaiti bölmək siyasəti yürüdürdülər. Bu faktı Gürcüstanda və Azərbaycanda bilməyən yoxdur. Hər iki dövlətin razılığı əsasında gündəmə gətirilən projelər kağız üzərində toz basmış ideyalar məzarlığına çevrilmişdi. Bu rəzaləti başkənd Tiflis və Tehrandan durbinlə seyr edən və incə şəkildə hesablayan İran molla rejimi içimizdə yuva salaraq, vətəndaş cəmiyyəti institutlarının missiyasını öz maraqları çərçivəsində rahat şəkildə artıq ələ alıb. Borçalının mərkəzi Marneuli rayonu elə bil Mazəndarana bənzəyir. “Bütün bunlara görə kimdir suçlu” sualına adlı-şanlı QHT-lər cavab vermək gücündə deyillər. Azərbaycan Türklərinin adına fəaliyyət göstərən, “QHT çətiri” adı altında gizlənmiş və harınlanmış bir çete mövcuddur. Onları heç zaman Borçalının bu günü, nə də sabahı ilgiləndirməyib. Uca kürsülərdən Borçalı adına boşboğazlıq etmək üzrə ixtisaslaşmış zümrədən savayı heç nəyə yaramırlar.

Gəncləşən Diaspor Komitəsində “köhnə bazarlıq”

Gürcüstanda keçirilən prezident seçkiləri dönəmində ARDNŞ-in prezidenti Rövnəq Abdullayev və onun Borçalıdakı məddahları soydaşlarımızın Rusiyayönlü Salome Zurabişvilinin namizədliyinin müdafiəsi təbliğatını apardılar. Halbuki, Azərbaycanın dövlət maraqları tamamilə fərqli mövqe nümayiş etdirməyi - Georgi Vaşadzeni müdafiə etməyi tələb edirdi. Odur ki, yaranmış duruma görə Borçalıdakı soydaşlarımızın bir qismi çıxılmazlıq labiritində ilişib qaldılar. Təsadüfi deyil ki, belə bir dilemma qarşısında duran soydaşlarımız ona görə də hər dəfə Gürcüstan hakimiyyətində və yerli özünü idarəetmədə sanballı şəkildə təmsil oluna bilmirlər.
Diaspor Komitəsində sədrin 1-ci müavini vəzifəsini tutan və vaxtilə Nazim İbrahimovun ən etibarlı kadrlarından biri sayılan Faiq Quliyev uzun müddət ARDNŞ-in Gürcüstandakı nümayəndəliyində rəhbər vəziflərdə işləyib. ARDNŞ-in Gürcüstanda, özəlliklə də bizim soydaşlarımızla bağlı bütün humanitar fəaliyyətlərinə sorumlu olub. Ancaq onun bütün bunlardan yararlanaraq, öz şəxsi mənfəətləri üçün necə çalışdığının da hər kəs şahididir. Odur ki, indi də, bir zamanlar komprador maraqlar çərçivəsində çalışan QHT sektoru tək ümidlərini Faiq Quliyevə dikiblər. Bundan əlavə, Diaspor Komitəsində Gürcüstan və Borçalının adicə xəritədə yerini göstərə bilməyən birisini “Gürcüstan masası”nın rəhbəri vəzifəsinə irəli çəkiblər. Necə ki, bir zamanlar Nazim İbrahimov öz həmkəndlisini bu mühüm strateji posta təyin etmişdi. Diaspor Komitəsinin rəhbərliyi və əksər əməkdaşları gənclərdən ibarət olsa da, Borçalı və Gürcüstan məsələsində köhnə yanaşım strukturu öz yerində saymaqda davam edir. Bu da yaxın gələcəkdə bürokratiya şərtləri adı altında dövlət büdcəsinin fərqli bir biçimdə talan edilməsinin davamı olacaq.

Keçmiş partokrat Fazil Həsənovun işləkləri

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi uzun illərdir Marneulidəki “Gürcüstan Azərbaycanlıları Mədəniyyət Mərkəzi” təşkilatının sədri Fazil Həsənovla işbirliyindədir. Guya Gürcüstan hökuməti Fazil Həsənovun namizədliyi üçün iradə göstərir. Halbuki, 2002-ci ildə Mixail Saakaşvili hakimiyyətə gələndən sonra, Gürcüstan bir dövlət olaraq tamamilə dəyişdi. Şəffaflıq ölkəsinə çevrilən Gürcüstanda şəffaf olmayan bir struktur var ki, ona rəhbərliyi Fazil Həsənov adlı, mədəniyyətin anatomiyasından, çağdaş inkişaf proseslərindən və etnofolk sistemindən tamamilə xəbərsiz birisi kimi tanınır. Bizə daxil olan bilgilərə görə, F.Həsənovun sədri olduğu quruma vaxtilə il ərzində Diasporla İş üzrə Komitəsindən ildə 300 min avro vəsait alırmış. Bu vəsaitin elə tən yarısı Bakıda “ilişib qalırmış”. Bundan əlavə, Marneulidə Fazil Həsənov 3 otaqlı şəxsi obyektini guya icarəyə verirmiş kimi ayda 6 min avro sədri olduğu təşkilatın ofisi üçün vəsait ayırırmış...

Borçalı məsələsində Fazil Həsənov yalnızdırmı? Əsla!.. Onun kimi neçə QHT sədri var ki, uzun illərdir beləcə müftəxorcasına dövlətin parasını şəxsi maraqları çərçivəsində cibişdanlarına qoyurlar. Bu QHT qurumlarından Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov cənabları soruşmalıdır ki, nədən Borçalı və özəlliklə də Marneuli rayonu tamamilə “İran mollaxanası”na çevrilib? Milli maarifçilik işləri adına aldıqları qrantlar haraya sovrulub? Azərbaycan Türklərinin milli mədəniyyətini, ədəbiyyatını, tarixini və dəyərlərini Tiflis, Rustavi, Bolnisi, Marneuli, Kaspi, Saqareco, Dmanisi, Qori, Laqodexi, Tsalka, Xaşuri, Siqnaxi, Telavi, Kareli və Tetriskarodakı soydaşlarımızın arasında mükəmməl bilən xeyli sayda mütəxəssis var. Min dəfələrlə təəssüflər olsun ki, onlara diqqət yetirilməyib. Bu mütəxəəssislər abırlarına söykənərək susmaq zorunda qalıblar. Ona görə də uzun illər komsomol-partiya işlərində çalışmış və sıravi partokrat olan Fazil Həsənov milli maarifçilik prosesinin qarşısını alıb. Borçalıda soydaşlarımızın maarifçilik prosesindən geri qalması İran mollaları və ermənilərin hədəflərinin yanında yer almağa bərabərdir.

İlham Əliyev: “Diaspor Komitəsi üçün başlıca prioritet Türkiyə və Gürcüstandır”

Vətəndaş Cəmiyyəti və onun idarə edilməsinin modern ideyası üzrə peşəkar mütəxəssis kimi tanınan Fuad Muradov bu xarakterinə görə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunub. İnsafən, o, ilk rəsmi səfərlərini Türkiyə və Gürcüstana etdi. Borçalıda əksər rayonlarda və bir sıra böyük kəndlərdə yerli ictimaiyyətlə səmimi və isti görüşlər keçirdi. Hamının dərdini, problemini və qarşıda duran vəzifiləri xalqın dilindən eşitdi. Bir sıra qeydlər etdi. Bunun ardınca isə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Qazaxda yaşayan Gürcüstan kökənli ən nüfuzlu alimlər, ziyalılar, yaradıcı şəxslər və ictimai xadimlərlə görüşlər keçirdi. Onların hər birinin tövsiyələrini dinlədi və bir sıra layihələr də komitə sədrinə təqdim olundu. Aradan aylar ötsə də, hələ ki, Borçalı məsələsində komitə tərəfindən heç bir addım atılmayıb. Bu məsələ ilə ilgiləndikdə bildirilir ki, hazırda sədr Fuad Muradov cənablarını daha çox “Avropa məsələsi” maraqlandırır. Bu ilin aprel ayından indiyə kimi 6 ay ötsə də, prezidentin göstərişi əsasında irəliyə doğru hər hansı bir addım atılmayıb. Axı prezident onu bu vəzifəyə təyin edəndə bunları demişdi: “Diaspor Komitəsi üçün başlıca prioritet Türkiyə və Gürcüstandır”.

“FF cütlüyü”ndə itirilən hədəflər

Komitə sədrinin müavini Faiq Quliyev və Marneulidəki “Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzi”nin sədri Fazil Həsənov Tiflisdə yarızarafat “FF cütlüyü” adlandırılır. Bu iki şəxsi Gürcüstan məsələsində ARDNŞ və Diaspor Komitəsi adına bir çox mübhəm işlərin ortağı kimi qəbul edilirlər. Ona görə də Gürcüstanda soydaşlarımız maarifçilik proseslərindən tamamilə kənarda qalıblar. Bu cütlük aydan arı, sudan duru istənilən zaman bir-birindən gözəl və bəlağətli fikirlər səsləndirə bilərlər. Faktiki olaraq Borçalı aydınlarının Diaspor Komitəsindən ən çox incidiyi məqam bu qurumun “boz kardinalı” kimi gördükləri Faiq Quliyevdir. O, vaxtilə ARDNŞ-in Tiflisdəki nümayəndəliyi adından burada təhsil alan tələbələrə, digər humanitar məqsədli işlərə ayrılan yardımları tanışlıq prinsipi əsasında və başqa yollarla bölüşdürən birisi kimi tanınır.

“Koordinasiya Şurası” ideyası yaxşı heç nə vəd edə bilməz

Son zamanlar Diasporla İş üzrə Dövlət Komitəsi Gürcüstan və Borçalı məsələsində yaranmış durumdan çıxış nöqtəsi kimi, mövcud QHT-ləri incitmədən onların bir araya gələrək “koordinasiya şurası” yaradılması ideyasını irəli sürüb. Fikrimizcə, belə bir yanaşma heç də uğurlu həll paketi sayıla bilməz. Təqdim olunacaq layihələrə və onun rəhbərlərinin potensialına diqqət yetirmək ən doğru olanıdır. Demokratik ölkə imicini qazanmış Gürcüstanda hər şeyin şəffaf olduğunu görən əhali qrant projelərinə ayrılan vəsaiti ictimai-sosial həyat tərzində duymalıdır. Tələbə gənclərin fəal olması düsturuna diqqət olunmazsa, bölgələrdə gənc mütəxəssislərin təşəbbüsü ilə bir sıra maarifləndirici işlərin həyata keçirilməsi prosesi yaradıcılıq mühiti üçün əlverişli olmayacaqsa, qrant layihələrinin ayrılmasının heç bir mənası yoxdur. Gənclərin peşə təhsili sistemi olmadığı üçün onların çoxu öncələr Rusiyaya, indi də Türkiyəyə hamballıq etməyə gedirlər. Milli maarifçilik yönündə Tiflisdə vaxtilə mövcud olan qurumlar indi tamamilə iflic durumuna düşüb. Bölgələrdəki kitabxanaların, mədəniyyət evlərinin və klubların qapıları illərlə bağlı qalıb. Bunun əsas səbəbi odur ki, həmin ocaqlarda bu gün “atölye”lər qurulub və kursların fəaliyyət göstərməsi imkanı yoxdur. Azından burada gənclər müxtəlif peşələri öyrənmək imkanı əldə bilərlər. İdman cəmiyyətləri müflis durumdadır. Biznes mühitinin inkişafı ilə bağlı gənclər üçün müasir standartlara cavab verə bilən adi bir kurs yoxdur. İllər boyu yığılıb qalmış bu problemlərin yaranmasına səbəbkar olanlardan biri də QHT sektoru və “qrant zümrəsi”dir. Ona görə də bu gün keçmişin yanlışlıqlarından ciddi nəticə çıxarmaq lazımdır.

Arif AĞDUMAN,

Tiflis, Hurriyyet.org

P.S. Mövzuya qayıdacağıq.